admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Dırnaq boyamaq

Sual: Bəzi qadınlar bəzək məqsədilə dırnaqlarını təbii həddən artıq boyayırlar. Bəzən isə dırnaqıarda sınıq yarandığı üçün müalicə məqsədilə həkim müəyyən boyanın çəkilməsini tövsiyə edir və həmin boya üç gün ərzində dırnaqların üzərində qalır. Məlumdur ki, boya dəztəmaz və ya qüsl suyunun dırnağın üzərinə çatmasının qarşısını alır. Qadınların qeyd etdiyimiz məqsəd üçün dırnaqlarına boya çəkmələri icazəlidirmi? Boya olduğu halda dəstəmaz və qüsl necə yerinə yetiriləcək?

Cavab: Əgər suyun qarşısını alan maneədirsə, dəstəmaz və qüsl düzgün deyil. Dəztəmaz və qüsl üçün onun aradan aparılması vacibdir. Qeyd olunan məqsəd bunun üçün üzr deyil.

Sual: Dırnaqların üzərinə boya vurmadan parlaq nöqtələr yapışdırıb (naməhramlər arasına) çıxmaq icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Heyz günlərində dırnaqları boyayıb bazara və ya məktəbə getməyin hökmü nədir?

Cavab: Yad kişilərin qarşısında onu aşkar etmək, icazəli deyil.

Sual: Qadının yad kişilərin yanında qırnaqlarını boyaması icazəlidirmi?

Cavab: İcazəli deyil. 

Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın sonunu gözləyir ki, təyəmmüm edib namazını qılsın. Seyid Sistani cənablarının bu şəxs barədə rəyi nədir? Onun orucunun, namazının, ümumiyyətlə, ibadətlərinin hökmü nədri? Bu kimi hallarda möhtərəm Seyidin tövsiyəsi edir?

Cavab: Sualda qeyd olunduğu şəraitdə həmin şəxsin namazı düzgündür. Lakin su ilə paklıq etməyə imkanı olduğu halda onu əldən verdiyi üçün günah etmişdir. Həmin şəxsə öz halını islah etmək və bu xəstəlikdən xilas olmaq üçün səy göstəməsi tövsiyə olunur. Buna aşağıdakı iki mərhələ ilə nail olmaq oalr:

Birinci mərhələ: Bu halın ağıl və şəriət baxımndan pislənildiyinə diqqət eləsin. Çünki bu, mötədil haldan çıxmaq və insan enerjisinin heç bir fayda əldə etmədən sərf olunmasıdır. Vəsvəsə təqva və müqəddəs şəriətin hökmlərinə məsuliyyətli yanaşmaqdan irəli gəlmir. Vəsvəsə insan şüurunun pozulması, psixologiyasının və iradəsinin zəifliyi, hədislərdə buyurulduğu kimi xəbis Şeytanın təlqinlərinə təslim olmaqdır. Əgər insan bu həqiqəti yaxşı dərk edərsə, növbə ikinci mərhələyə çatır.

İkinci mərhələ: Özünü əla almağa və iradəsinin cilovunu əlində tutmağa səy etməlidir ki, Şeytan ona vəsvəsə edə bilməsin. Qiyamət günündə ehtimal etdiyinə əhəmiyyət vermədiyi üçün Allah-təala onu cəzalandırmayacağına yəqin gətirərək güclü iradə nümayiş etdirsin. Əgər (dəstəmaz və qüsl əsnasında) suyun dəriyə çatmasında şəkk edərsə, əhəmiyyət verməməli və adət üzrə paklığın hasil olduğuna əmin olmalıdır. Hər dəfə şəkkinə əhəmiyyət vermədikcə, vəsvəsənin onun psixologiyası üzərindəki hakimiyyəti zəifləyəcək və Şeytan ona təsir edəcəyindən ümidsiz olacaq. Sonda həmin şəxs paklıq və murdarlıq məsələlərinə mötədil yanaşacaqdır. Əmin olsun ki, bu yolda mübarizəyə başlayarsa, Allah-təalanın yardımı ilə o, Şeytanın zəif hiyləsinə qalib gələcək. Allah-təala buyurub: “Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə zifdir”. (Nisa surasi, ayə 76).

Sual: Dəstəmaz alarkən əl və ayaq dırnaqları altında olan çirkləri təmizləmək vacibdirmi?

Cavab: Əgər çirk görünməyəcək miqdardadırsa, vacib deyil. Əks təqdirdə (görünəcək miqdardadırsa), suyun dəriyə çatmasının qarşısını alırsa, təmizlənməsi vacibdir.

Sual: Namazda səcdə edərkən bəzən mənə elə gəlir ki, 3 səcdə etmişəm, bəzən də neçə dəfə səcdə etdiyimi bilmirəm və bir daha səcdə edirəm. Bu halda mənim hökmüm nədir?

Cavab: Əgər çox şəkk edirsənsə, şəklərə əhəmiyyət vermə. Əks təqdirdə, səcdə etmisən ya yox deyə şəkk etsən, səcdə etmək vacibdir.

Sual: Mən dəstəmaz alarkən həddindən çox şəkk edirəm. Dəstəmaz aldıqdan sonra bütün üzvlərə baxıram ki, su hər yerə çatıb ya yox; bunun hökmü nədir?

Cavab: Dəstəmazın düzgündür və şəkkə əhəmiyyət vermə.

Sual: “Çox şəkk etmək” qaydası “ibadətlər” və “alış-verişlər” məsələlərində keçərlidirmi?

Cavab: Çox şəkk edən mütləq surətdə şəkkə əhəmiyyət verməməlidir.

Sual: Namazlarında 3 və ya 4 dəfə şəkk edən şəxs çox şəkk edən hesab olunurmu?

Cavab: Bəli, çox şəkk edəndir.

Sual: Namazın rəkətlərinin sayında çöx şəkk edən şəxs nafilə namazlarında da eyni hökmü daşıyırmı? Belə ki, (nafilə namazında) birinci və ikinci rəkətlər arasında şəkk edərsə, namazı birinci və ya ikinci rəkət hesab edə bilər, yoxsa namazı ikinci rəkət hesab edib tamamlamalıdır?

Cavab: Şəkkə əhəmiyyət verməməlidir. Namazı ikinci rəkət hesab edə bilər.

Sual: Şəkdən xilas olmağın yolu nədir?

Cavab: Ona əhəmiyyət verməmək, daima əməli düzgün hesab etmək və qəbul olunmuş miqdarla kifayətlənmək.

Sual: Çox şəkk edən şəxsin namazlarını camaatla qılması vacibdirmi?

Cavab: Vacib deyil. Amma namazı düzgün qılmaq iqtida etməkdən asılı olarsa, o zaman vacib olar.

Sual: Mən həmişə dörd rəkətli namazlarda rəkətlərin sayında şəkk edirəm, yəni dörd rükət qıldığımı unuduram. Namazı qıldıqdan sonra səhv səcdəsi yerinə yetirməliyəmmi?

Cavab: Çox şəkk etdiyin halda namazı dördüncü rəkət hesab elə, namazını tamamla. Bu kimi hallarda sahv səcdəsi vacib deyil.

Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir?

Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də başqa məqsədlər üçün dəfələrlə səfər etmiş olsun. Əgər insan on dəfədən az olmayaraq ayın on gününü, yaxud bir ayın ərzində iki və üç dəfə səfər etməklə on gündən az olmamaqla səfər etmiş olsa, bütün səfərlərində namazlarını bütöv qılıb oruclarını da tutacaq. Lakin həmin şəxs bir ilin altı ayı, yaxud iki ilin ərzində üç ay və daha çox səfər edəcəyində qərarlı olmalıdır. Belə olan təqdirdə, vacib ehtiyata əsasən, səfərinin ilk iki həftəsində namazlarını həm qəsr, həm də bütöv qılmalıdır, oruclarını isə həm tutmalı, həm də tutduğu orucları sonradan qəza etməlidir. Hər ay ərzində məsələn, dörd və yaxud yeddi gün səfər edən şəxsin hökmü qəsrdir. Amma bir ay ərzində səkkiz dəfə səfər edən, yaxud ayın səkkiz və ya doqquz gününü səfər edən şəxs, lazim ehtiyata əsasən, qəsrlə bütövün əməllərini cəm etməlidir.

Sual 1:

1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu?

2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu?

Cavab:

1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil olursa, orucu pozmur.

2) Hər iki halda orucu pozmur.

Sual 2: Astma preparatından istifadə etmək (hansı ki, ondan ağciyərlərin yoxlanması üçün narın toz kimi maddə çıxır) orucu pozurmu?

Cavab: Əgər ondan çıxan maddə qida borusuna deyil, yalnız nəfəs borusuna daxil olursa, orucun düzgünlüyünə xələl gətirməz.

Sual 3: Əldəki damardan zərdab (sistem) köçürmə yolu ilə qida verilən şəxsin orucunun hökmü nədir? Hansı ki, bu, qidalandırıcı kimi tanınır. Xəstəxanalarda geniş istifadə olunan bu qidalandırıcı orucu pozanlardan sayılırmı?

Cavab: Qidalandırıcı kimi tanınan maddənin vena ilə bədənə ötürülməsi orucun düzgünlüyünə heç bir xələl gətirmir.

Sual 4: Bəzi allergiya xəstələri (allergik astma olanlar) rahat nəfəs almalarına kömək edən, pulverizator (çiləyici) adlandırdığımız bir aparatdan istifadə edirlər. Bu aparatı ağızda sıxdıqda ondan sıxılmış qaza oxşar hava çıxır. Oruc ola-ola ondan istifadə etmək olarmı?

Cavab: Bəli, bu aparatdan istifadə edən şəxs oruc olaraq qalmağa davam edir və onun orucu düzgündür.

Sual 5: “Minhac” kitabınızda belə yazılmışdır: ”Dərman, eləcə də, qidalandırıcı maddə kimi, digər bu qəbil şeyləri iynə ilə əzələyə və ya venaya daxil etməyin eybi yoxdur” Sual isə belədir: Qidalandırıcı maddə bədən üçün yemək rolunu oynadıqda və aclıq hissini aradan apardıqda qeyd olunan hökm dəyişirmi?

Cavab: Dəyişmir.

Sual 6: Qidalandırıcı (sistem) və ya zərdab – içərisində su, şəkər və bəzi dərmanlar olan plastik kisədir. Onu həm xəstəliyə görə, həm də xəstəlik olmadan, qidalandırıcı kimi, iynə ilə birbaşa xəstənin qanına köçürürlər. Oruc tutan şəxsin ondan çəkinməsi vacibdirmi?

Cavab: Vacib deyil, amma çəkinsə, daha yaxşı olar.

Sual 7: Sualımız Ramazan ayında gündüz vaxtı (oruc olan əsnada) astma xəstələri üçün hazırlanmış buxarlandırma və burun allergiyası olan xəstələr üçün nəzərdə tutulmuş buruna fısqırtma preparatlarından istifadə etməklə bağlıdır. Bildirək ki, hər iki preparat su və müalicəvi maddədən ibarət olan narın toz kimi məhlulu ehtiva edir. Gün ərzində fısqırdıcı preparata ehtiyac duyduğu halda, ondan düzgün qaydada istifadə edə bilməyən şəxsin hökmü nədir, belə ki, düzgün istifadə edə bilməməsi nəticəsində həmin fısqırdılan məhlul onun qida borusuna da gedə bilər?

Cavab: Əgər onun bir hissəsinin boğaza (qida borusuna) getməsi qaçılmaz olsa, orucu pozar, lakin zərurət halında ondan istifadə etməsi caizdir və sonra da imkan olduqda həmin günün qəzasını tutmalıdır. Boğaza getməsi qaçılmaz olmadıqda, sadəcə, səhvən getdikdə isə, oruc düzgündür.

Sual 8: Oruc olan halda iynə vurdurmaq, qidalandırıcı zərdab (sistem) köçürmək, eləcə də qulağa və ya gözə damcı tökmək caizdirmi? Həmçinin, fısqırtma preparatlardan istifadə etməyin hökmü nədir?

Cavab: Dərman və qeyri maddələri iynə ilə əzələyə, yaxud venaya vurmaq, eləcə də qulağa və ya gözə dərman tökmək, hətta onun rəngi və ya dadı boğazda özünü büruzə versə belə, orucu batil etmir. Həmçinin, fısqırdılan maddənin qida borusuna deyil, yalnız tənəffüs yoluna getməsi şərtilə, tənəffüs prosesini asanlaşdıran fısqırtma preparatlardan istifadə etmək də orucu pozmur.

Sual 9: Mənim anam yaşlı bir qadındır və şükürlər olsun Allaha ki, oruc tutmağa taqəti var. Lakin onda astma xəstəliyi, yəni boğulma və nəfəs daralması (tənginəfəslik) olduğundan o, nəfəs yollarının genişlənməsi üçün günün müxtəlif saatlarında fısqırdıcı preparatdan istifadə etməyə ehtiyac duyur və bildiyiniz kimi, bu preparat özündə nəfəs yollarını genişləndirən kimyəvi və tibbi maddələri ehtiva edir. Anam ondan istifadə etməsə, bu onun ölümünə səbəb olar. Ramazan ayında onun hökmü nədir? Ona oruc tutmaq vacibdirmi və tutmadığı halda hökmü nədir?

Cavab: Fısqırdıcı preparat yalnız ağciyərə gedən qazı ehtiva etdikdə, orucu pozmur. Amma mədəyə gedən digər maddələri də ehtiva etdikdə, orucu pozur. Əgər ananız onun orucu pozan hissəsini istifadə etməyə məcbur olsa, orucu batil olar və bu halda o, fidyə olaraq bir yoxsulu yedirtməlidir. Belə ki, pozduğu hər günün əvəzində yoxsula 750 qram buğda və ya xurma, yaxud da digər bu qəbil ərzaqlardan verməlidir. Həmçinin, oruc tutmaq yaşının çoxluğu səbəbindən onun üçün məşəqqətli olduqda da o, xəstə olmasa belə, fidyə verməklə oruc tutmaya bilər.   

Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir?

Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında qalmalıdır. Müstəhəb həddə tələb olunan ədalət isə xərclərini təmin etmək, qayğı göstərmək, mehriban davranmaq, cinsi ehtiyaclarını ödəmək və bu kimi məsəsələrdə onların arasında bərabərliyə riayət etməkdir.

Sual: Çoxarvadlılıqda müstəhəb əməllər hansılardı?

Cavab: Zövcələr arasında xərclərin təmin olunmasında, qayğı göstərməkdə, mehriban davranmaqda və cinsi ehtiyaclarını ödəməkdə bərabərliyə riayət etmək müstəhəbdir. Həmçinin hər sabah gecə yanında qaldığı zövcəsinin yanında olmaq müstəhəbdir.

Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürü­cü­lü­yü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. Amma “kəsirus-səfər” ünvanı heç olmasa bir ayda on dəfə və onun on gününü səfər edən və yaxud ayın on gününü səfər ha­lında olan şəxsə aiddir. Hətta iki və yaxud üç səfər əsnasında ildə altı ay ya bir neçə il ərzində üç ay bu vəziyyəti davam etdirmək qərarında olmaq şərt­dir. Bu zaman onun namazı bütün səfərlərdə, hətta onun təkrar sə­fər­lər­dən qeyrisi olsa da, namazı bütövdür. Əlbəttə, ilk iki həftədə ehtiyata əsasən, həm yarı, həm də bütöv qılsın. Əgər bir ayda səkkiz və ya doqquz dəfə səfərə çıxsa yaxud səkkiz və ya doqquz gün səfərdə olsa, vacib ehtiyata əsasən, bü­tün səfərlərində namazını həm yarı, həm də bütöv qılmalıdır və əgər bundan az olsa, namazı yarı qılmalıdır.

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat

Bismillahir-rəhmanir-rəhim

Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun!

Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi müvəffəq etdiyi əziz insanlar bilməlidirlər:

1. Allah-təala möminləri cihad etməyə çağırdığı, onu dinin sütunlarından hesab etdiyi, mücahidləri evlərində oturanlardan üstün tutduğu kimi, cihad üçün də qayda və sərhədlər müəyyən edib. Siz hikmətə və fitrətə uyğun olan bu qaydaları bilməli və onlara riayət etməlisiniz. Hər kim bu sərhədləri lazım olan şəkildə qorusa, İlahi lütfə və bərəkətə nail olar. Həmin qaydalara əməl etməyənlərin isə savab və mükafatı azalar, onlar istəklərinə nail ola bilməzlər.

2. Cihadın hətta, qeyri-müsəlmanlarla olsa belə, riayət olunması zəruri olan qaydaları vardır. Həzrət Peyğəmbər(s) səhabələrini cihada göndərməmişdən əvvəl (bu qaydalara riayət etməyi) onlara tövsiyə edərdi. İmam Cəfər Sadiq(ə)-dən nəql olunan səhih hədislərin birində deyilir: “Allah peyğəmbəri(s) döyüşə bölük göndərdiyi zaman onları çağırıb qarşısında oturdar, sonra deyərdi: “Allahın adı ilə, Allah ilə, Allahın yolunda və Allah peyğəmbərinin dini üzərində gedin, ifrata yol verməyin, (ölülərin) burun-qulağını kəsməyin, əhdi pozmayın, əldən düşmüş qocaları, uşaqları və qadınları öldürməyin, zərurət yaranmasa ağacları kəsməyin.”

3. Müsəlmanlardan olub (digər müsəlmanlara təcavüz edərək onlara qarşı) zülm edənlər, döyüşənlər və bu qəbildən olanlarla da savaşmağın əxlaq və etik qaydaları vardır. Bu mövqeni, imam Əli(ə)-ın həyat yolu, xütbələri və sözlərində müşahidə etmək mümkündür. Siz də, imam Əli(ə)-dan nümunə götürüb, onun yolu ilə getməlisiniz! İmam Əli(ə) həzrət Peyğəmbər(s)-dən nəql etdiyi sözlərində buna təkidlə vurğulamışdır. “Səqəleyn” və “əl-Ğədir” hədislərində qeyd olunduğu kimi, başqa hədislərdə də deyilir: “Peyğəmbərinizin əhli-beytinə baxın, onların yolu və izi ilə gedin. Əgər onlar ayağa qalxsalar, siz də ayağa qalxın. Onlar sizi əsla, doğru yoldan azdırmaz və həlakətə (azğınlıq yoluna) qaytarmazlar. Əgər onlar kənara çəkilsələr, siz də kənara çəkilin. Əgər onlardan qabağa keçsəniz, azarsınız, onlardan geri qalsanız, həlak olarsınız.”

4. Allah üçün canları qoruyun! Hər nə olursa olsun, Allahın öldürürlməsini halal etmədiyi şəxsləri qətlə yetirməyin. Ən böyük günahlardan biri, günahsız insanı öldürmək və ən böyük savab işlərdən biri isə onun həyatını qorumaqdır. Necə ki, Allah-təala bunu Öz hikmətli kitabında da qeyd edib. Həqiqətən də, günahsız insanı qətlə yetirməyin həm bu dünya da, həm də axirətdə təhlükəli nəticələri vardır. İmam Əli(ə)-ın həyat yoluna nəzər salsaq görərik ki, o, müharibələrdə buna daha çox diqqət yetirərək ehtiyat edərdi. O, xəlifə olduğu zaman Malik Əştərə - onun İmam(ə)-ın yanında olan ehtiram və məqamı hamıya bəllidir – belə demişdir: “Qanlardan (adam öldürməkdən) və onu nahaq yerə tökməkdən qorx. Çünki nahaq qan tökmək kimi heç nə əzab və cəzanın çoxluğuna, sorğu-sualın böyüklüyünə, nemətin əldən çıxmasına layiq olmağa və ömrün sona çatmasına səbəb olmur. Nöqsan sifətlərdən pak olan Allahın, qiyamət günü, barəsində bəndələr arasında hökm edəcəyi ilk şey tökülmüş qanlar olacaqdır. Buna görə də hökumətini haram qan tökməklə (dinin hökmlərinin əksinə adam öldürməklə) möhkəmləndirərək bərqərar etmək istəmə. Çünki haram qan tökmək hökuməti zəiflədərək süstləşdirən, hətta onu aradan aparan və (bir sülalədən digər sülaləyə) keçirən işlərdəndir. Sən qəsdən adam öldürmək barəsində nə Allahın və nə də mənim yanımda üzrlü hesab edilməzsən. Çünki həmin təqdirdə (sözsüz-söhbətsiz) bədən qisası almaq (başqasını öldürdüyün kimi öldürmək) lazım gəlir.”

Əgər aldanmaqdan qorxduğunuz şübhəli vəziyyətlə üzləşsəniz, bu zaman ya söz, ya da hədəfdən yayınan, yaxud ölümlə nəticələnməyən atəş açmaqla xəbərdarlıq edin. Bununla Rəbbiniz qarşısında üzürlü və günahsız insanı qətlə yetirməkdən ehtiyat etmiş olarsınız.

5. Allah üçün sizinlə vuruşmayan insanların, xüsusən də qocalar, uşaqlar və qadınların, hətta onlar sizinlə döyüşənlərin yaxın qohumları olsalar belə, toxunulmazlığını qoruyun. Həmçinin sizinlə döyüşənlərin, döyüş əsnasında yanlarında olmayan mallarının toxunulmazlığı qorunmalıdır.

Möminlərin əmiri Əli(ə)-ın həyat yolu belə olub. Belə ki, o, savaş apardığı insanların – xüsusən də xaricilərin – evlərinin, qadınlarının və uşaqlarının toxunulmazlığını qorumuş və bunun əksinə israr edən adamlarına isə buyurmuşdur: “Kişilər bizimlə savaşdılar və biz də onlarla savaşdıq. Lakin bizim, onların qadınlarına və uşaqlarına sahib olmaq haqqımız yoxdur. Çünki onlar müsəlmandırlar və öz vətənlərindədirlər. Sizin onlara sahib olmaq haqqınız yoxdur. Amma sizinlə savaşmaq üçün gətirdikləri əşyalar ki, onlardan istifadə edir və ordugahlarına toplayırlar, (qənimət olaraq) sizindir. Lakin evlərində olanlar (mallar), Allahın övladları üçün (onların üzərinə) vacib etdiyi mirasdır. Sizin nə onların qadınlarına, nə də övladlarına sahib olmaq haqqınız vardır.”

6. Allah üçün insanları dinlərinə görə ittiham edib onlardan qisas almayın, toxunulmazlıqlarına əl uzatmayın. İslamın ilk dövrlərində xaricilər bunu etmiş və bu gün də dini dərindən anlamayan bir dəstə onların yolu ilə getməkdədir. Onlar xaricilərin əxlaq və ruhiyyələri ilə təsirlənmiş və bəzi şübhəli (dini) mətnləri əldə əsas götürərək öz əməllərinə haqq qazandırmaqdadırlar. Həqiqətən də, müsəlmanlar onlara mübtəla olmuşlar.

Bilin ki, “kəlmeyi-şəhadət” – deyən hər kəs, azğınlığa düşüb bidət etmiş olsa belə, müsəlmandır, onun qanı və malı qorunmalıdır. Hər azğınlıq küfrə səbəb olmadığı kimi, hər bidət də sahibini dindən çıxarmaz. Halbuki, etdiyi günah, yaxud qisas almaq məqsədilə ölüm hökmünə məhkum olmuş müsəlmanlar da var.

Allah-təala mücahidlərə xitab edərək buyurmuşdur: “Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mö’min deyilsən!” deməyin!” (Nisa-94).

İmam Əli(ə)-ın həyat yolunda onun, savaşdığı insanların hamısını küfrlə ittiham etməkdən çəkindirdiyinin şahidi oluruq. Halbuki, onun ordugahında olan xaricilərin öndərləri təkfirə (başqasını kafirlikdə ittiham etməyə) meyilli idilər. Buna baxmayaraq İmam(ə) onların barəsində deyərdi: “Onlar, şəkk-şübhəyə düşmüş dəstədir. Lakin bu, əsla onların etdikləri pis əməllərə haqq qazandırmır.” İmam Cəfər Sadiq(ə)-dan, atası imam Məhəmməd Baqir(ə)-ın yolu ilə nəql olunan mötəbər hədisdə deyilir: “İmam Əli(ə) döyüşdüyü insanların heç birini şirk və nifaqda ittiham etməyərək onlar barədə buyurardı: “Onlar, bizə qarşı haqsızlıq etmiş qardaşlarımızdır.” O, döyüşdüyü insanlar barədə deyərdi: “Biz onlarla, onları küfrdə ittiham edərək döyüşmürük və biz onlarla, bizi küfrdə ittiham etdikləri üçün döyüşmürük.”

7. Dinindən və məzhəbindən asılı olmayaraq qeyri-müsəlmanlara hücum etməkdən çəkinin! Çünki onlar müsəlmanların himayəsində və amanındadırlar. Onların toxunulmazlığına əl uzadan vəfasız və xəyanətkardır. Həqiqətən də, vəfasızlıq və xəyanət fitrət və Allah dininin hökmünə əsasən, ən pis əməllərdəndir. Allah-təala hikmətli kitabında qeyri-müsəlmanlar barəsində buyurub: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (Mümtəhinə-8). Əksinə, müsəlman müsəlmanların himayəsində olan qeyri-müsəlmanların toxunulmazlığının aradan getməsinə əsla imkan verməməli, ailəsi kimi onların da qeyrətini çəkməlidir. Tarixdə qeyd olunub ki, Müaviyə Bəni Qamid qəbiləsindən olan Süfyan ibn Əufa İraq ətrafında yaşayan əhalini hədələmək məqsədilə həmin ərazilərə hücum etmək əmri verir. O, Ənbar əhalisindən olan müsəlman və qeyri-müsəlmanlara hücum edir. Möminlərin əmiri Əli(ə) bu hadisəni eşidərkən çox kədərlənir və xütbə edərək deyir: “Bu, öz süvarilərilə (Müaviyənin əmrinə əsasən Fərat çayının şərq sahillərində yerləşəm İraqın qədim şəhərlərindən biri olan) Ənbar şəhərinə daxil olub, Həssan ibn Həssan Bəkrini (şəhərin vali və hakimi) öldürüb, süvarilərinizi şəhərin hüdudlarından uzaqlaşdıran Qamidin (Bəni Qamid qəbiləsindən olan Süfyan ibn Əuf) qardaşlarındandır. Mənə xəbər çatdı ki, onların bir döyüşçüsü bir müsəlman qadına və müsəlmanların amanında olan bir kafir qadına hücum edərək xalxalı, bilərzik, boyunbağı və sırğalarını qoparmış, o qadın da zar-zar ağlayaraq öz qohumlarını köməyə çağırmaqdan başqa cür onlara mane ola bilməmişdir. Düşmənlərdən heç birinin yaralanmadığı, qanları tökülmədiyi halda onlar (bu döyüşdən) böyük qənimət və sərvətlə qayıtdılar. Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə ona eyib deyil. Mənə görə isə ölüm bundan daha layıqlidir.” (Nəhcül-Bəlağə, xütbə-27)

8. Allah üçün insanlaın mal-mülkünü qoruyun. Həqiqətən də, bir müsəlmanın malı, könül xoşluğu olmadan, başqa bir müsəlana halal deyildir. Hər kim başqasının malını qəsbi yolla mənimsəyərsə, (Cəhənnəm) odunu əldə etmiş olar. Allah-təala buyurur: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.” (Nisa-10) Həzrət Peyğəmbər(s)-dən nəql olunan bir hədisdə deyilir: “Hər kim möminin malını haqsız yerə qəsb edib mənimsəyərsə, Allah ondan üz çevirər, onun yaxşı və xeyir əməllərinə nifrət edər, tövbə edib malı sahibinə qaytarmayana qədər onun üçün (əməl dəftərinə) xeyir əməllərini yazmaz.”

İmam Əli(ə) adamlarını, döyüşdüyü insanların özlərilə və ordugahlarında olan əşyalardan başqa malları ələ keçirməkdən çəkindirərdi. Hətta düşmən tərəfdən olan biri, özü ilə olan əşyanın onun şəxsi malı olduğunu sübuta yetirsəydi, həmin malı özünə qaytarardı. Mərvan ibn Həkəmdən nəql olunan bir rəvayətdə deyilir: “Əli(ə) bizi Bəsrədə məğlub etdikdən sonra camaatın mal-mülkünü özünə qaytardı, hər kim (malın ona məxsus olmasını isbat edən) dəlil gətirirdisə, malını özünə qaytarırdı, dəlil gətirməyənləri isə (malın ona aid olmasını isbat etmək üçün) and içdirərdi.”

9. Allah üçün bütün toxunulmazları, hətta diliniz və əlinizlə, qoruyun. Bir şəxsi, başqasının günahına görə cəzalandırmaqdan həzər edin. Allah-təala buyurur: “Heç bir günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir).” (Zumər-7) Şəkk-şübhəni özünüz üçün qəti qərar kimi qəbul etməyin. Həqiqətən də, şəxs qəti qərara əsasən, öz işində ehtiyatlı olar və şəkk-şübhə ilə isə heç bir əsas olmadan başqasına təcavüz edər. Sevmədiyiniz bir insana qarşı olan kin-küdurət sizi, həmin şəxsin toxunulmazlığına əl uzatmağa sövq etməməlidir. Allah-təala buyurur: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə-8)

İmam Əli(ə) “Siffeyn” döyüşündə əsgərlərinə tövsiyə edib deyərdi: “Ölülərin burun-qulaqlarını kəsməyin. (Döyüşə-döyüşə) Onların evlərinə çatsanız, pərdələri yırtmayın və evlərə daxil olmayın. Onların ordugahlarında olan əşyalardan başqa, mal-mülklərini (müsadirə edib) ələ keçirməyin. Qadınları, sizin namusunuzu təhqir edib, böyüklərinizi və əmirlərinizi söysələr belə, cəzalandırmayın.”

“Cəməl” döyüşü bitdikdən sonra imam Əli(ə) (döyüşün baş verdiyi Bəsrə şəhərindəki) evlərədən birinin qapısını döydü. Qapını onun üçün açarkən İmam(ə) evin küncündə ağlayan bir qadını gördü. Qadın İmam(ə)-ı gördükdə çığıraraq dedi: “Əzizlərimizin qatili budur!” Lakin İmam(ə) ona bir söz demədi. Sonra ətrafında olanlara əli ilə bəzi evləri göstərib dedi: “Əgər əzizləri öldürmüş olsaydım, bu evlərdə olanları öldürərdim.” Həmin evlərdə Mərvan ibn Həkəm və Abdullah ibn Zübeyr kimi müharibəni qızışdırıb ona başçılıq edənlər var idi.

“Siffeyn” müharibəsində səhabələrindən Hücr ibn Udey və Əmr ibn Həmqini şamlıları söydüyünü eşidərkən onlara belə buyurmuşdu: “Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm. (Sonra İmam əleyhis-salam buyurur:) Amma əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını və bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək «onlarla nə üçün müharibə edir, vuruşursunuz?» deyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.” (Nəhcül-Bəlağə, Xütbə-197). Onlar imam Əli(ə)-a dedilər: “Ey möminlərin əmiri, sənin moizəni qəbul edirik və sənin ədəbinlə tərbiyələnirik.”

10. İnsanları sizə nifrət edib lakin sizinlə savaşmadıqları təqdirdə, hüquqlarından məhrum etməyin. Möminlərin əmiri Əli(ə) onunla müharibə etməyən müxalifləri ilə digər müsəlmanlar kimi rəftar edərdi. İmam(ə) heç zaman müxalifləri ilə müharibəyə birinci başlamadı. Əksinə, onlar birinci müharibəyə başlayıb təcavüz etdilər. Bir gün İmam(ə) Kufədə xütbə edərkən bir dəstə xarici ayağa qalxıb “Hökm, Allaha məxsusdur!”-deyə, səs-küy salmağa başladılar. İmam Əli(ə) onlara dedi: “Haqla (haqq sözlə) batil istənilir. Sizin bizim üçün üç xüsusiyyətiniz var; sizi Allahın məscidlərində namaz qılmaqdan və bizimlə olduğunuz halda, qənimətlərdən məhrum etmərik, bizimlə döyüşə başlamadığınız təqdirdə, sizinlə döyüşmərik.”

11. Bilin ki, savaşdığınız insanların çoxu, başqalarının yoldan çıxartması nəticəsində şəkk-şübhəyə düşüblər. Həmin yoldan çıxaranların yaratdıqları şəkk-şübhənin insanlara təsir edib, nəticədə onların yardımçılarına çevrilmələrinə imkan verməyin. Əksinə, xoş rəftar, nəsihət etmək, ədalətli olmaq və duruma uyğun olaraq bağışlamaqla şəkk-şübhəni dəf edin, zülm, pislik etmək və ədavətdən çəkinin. Həqiqətən də, hər kim bir şəxsin zehnindən şəkk-şübhəni dəf etsə, sanki onu dirildər və hər kim bir nəfəri üzrsüz olaraq şəkk-şübhəyə salarsa, sanki onu qətlə yetirmiş olar.

Əhli-Beyt(ə)-dən olan imamlar, onlarla savaşanlardan şəkk-şübhəni dəf etməyə çox diqqət yetirərdilər. Hətta, onlar qarşı tərəfin qəbul etməyəcəyini bilsələr belə, Allaha olan üzrlərini bildirmək, ümməti tərbiyələndirmək, işlərin sonuna nəzarət etmək və kin-küdurətin, xüsusilə gələcək nəsillərə ötürülməsinin qarşısını almaq məqsədilə bunu edərdilər.

İmam Cəfər Sadiq(ə)-dan nəql olunan bəzi hədislərdə deyilir: “İmam Əli(ə) “Cəməl”- müharibəsində ordu hərəkətə başlayarkən səhabələrinə belə dedi: “Mənim, onların və Allahın arasında üzr aradan qalxanadək onlarla savaşmağa tələsməyin.” Sonra onlara müraciət edərək dedi: “Ey Bəsrə əhalisi, mənim hökm edərkən zülm etdiyimi görmüsünüzmü?” Dedilər: “Yox.” Dedi: “Hər hansı bir andı ayaq altına atmışammı?” Dedilər: “Yox.” Dedi: “Məgər mən dünyanı (dünya malını) özüm və əhli-beytim üçün cəm etmişəm ki, siz də bundan qəzəblənib beyəti sındırmısınız?” Dedilər: “Yox.” Dedi: “Bəlkə, hədləri (cəza hədlərini) sizə icra edib, başqalarına icra etməmişəm?” Dedilər: “Yox.”

Həmçinin imam Hüseyn(ə) da Kərbəlada məsələlərə aydınlıq gətirmək və şübhələri dəf etmək üçün eyni addımı atmışdır ki, hidayət olunanlar da, həlak olanlar da açıq-aşkar dəlili tanısınlar. İslamda heç bir qövm ilə zehnlərdə olan zorakı şübhələri dəf edib dəlil-sübut ortaya qoymadan müharibəyə başlamaq caiz deyil. Quran-kərim və sünnə də buna təkid edir.

12. Heç kim zülmün təsirli, ədalətin isə təsirsiz olduğunu güman etməsin. Həqiqətən də, belə bir düşüncə baş vermiş hadisələrin sonluğuna ötəri diqqət yetirməkdən, onun yaxın və uzaq nəticələrini nəzərə almamaqdan, həyat qanunlarını və millətlərin tarixini mütaliə etməməkdən qaynaqlanır. Halbuki, bütün bunlar zülmün insanlarda kin-küdurət və cəmiyyəti qorxulu şəkildə təhdid edən düşmənçilik hislərinin yaranmasından xəbər verir. Hədislərin birində deyilir: “Hər kim ədalətdən sıxılarsa, zülm ona daha çox sıxıcı olar.” Müasir tarixdə düşünən insanlar üçün ibrətlər var. Belə ki, bəzi hökmdarlar öz səltənətlərini möhkəmləndirmək üçün insanlara zülm edib yüz minlərlə insana haqsızlıq edirlər. Sonda Allahın əmri gözləmədikləri anda onları yaxalayar və sanki səltənətlərini öz əllərilə yıxmış olarlar.

13. Bəzən qayda-qanun və ali dəyərləri qorumaq naminə mətanətli olub aşkar dəlilləri bəyan etmək ötəri zərərlərlə nəticələnir. Lakin bu sonluq daha bərəkətli, bəyənilən və təqdirə layiq olur. Əhli-Beyt(ə)-dən olan imamların həyatında bu halı, daha çox müşahidə etmək mümkündür. Belə ki, imamlar(ə) onlarla döyüşmək istəyən dəstə ilə, səhabələrinin bəzisini itirsələr belə, qarşı tərəf döyüşə başlamayana qədər, savaşa başlamazdılar. Hədislərin birində deyilir ki, “Cəməl” müharibəsində insanlar qarşı-qarşıya duran zaman İmam Əli(ə)-ın carçısı belə səsləndi: “Əmr gələnə qədər kimsə döyüşə başlamasın.” İmam(ə)-ın bəzi səhabələri deyir: “Onlar bizə atdılar. Biz dedik: “Ey möminlərin əmiri(ə), bizə atdılar.” İmam(ə) dedi: “Əl saxlayın.” Sonra yenə atdılar və bizdən bir neçə nəfər öldü. Dedik: “Ey möminlərin əmiri(ə), onlar bizdən bir neçə nəfəri qətlə yetirdilər.” İmam(ə) dedi: “Allahın adı ilə gedin.” İmam Hüseyn(ə) da Aşura günü belə etmişdir.

14. Üzləşdiyiniz insanları himayə və nəsihət edin ki, onlar özlərini sizin yanınızda əmin-amanlıqda hiss edib sizə, düşmənlərinizə qarşı döyüşdə yardımçı olsunlar. Həmin insanların zəiflərinə bacardığınız qədər kömək edin. Çünki onlar, sizin qardaşlarınız və həmvətənlərinizdir. Yaxınlarınıza mərhəmətli olduğunuz kimi, onlara qarşı da mərhəmətli olun. Bilin ki, siz Allahın nəzarətindəsiniz! O, sizin əməllərinizi sayır, niyyətlərinizi bilir və halınızı sınağa çəkir.

15. Vacib namazlarınız diqqətinizdən yayınmasın. Həqiqətən də, Allah dərgahında bir şəxsin namazdan yaxşı əməli yoxdur. Namaz insanın Yaradanı qarşısında tərbiyə aldığı ədəb qaydaları və Ona verdiyi salamdır. Namaz dinin sütunu və əməllərin qəbul olunması üçün meyardır. Allah-təala qorxu və döyüş şəraitinə görə namazı yüngülləşdirib. Belə ki, əgər bir şəxs namazın bütün vaxtı əsnasında döyüşə məşğul olarsa, bu halda, hətta üzü qibləyə olmasa belə, hər rəkət üçüb bir təkbir deməsi kifayətdir. Allah-təala buyurur: “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun). Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Qur’an vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!” (Bəqərə-238, 239)

Allah-təala möminlərə ehtiyatlı olub silahlarını özləri ilə götürmələrini, hamılıqla namaz cəm olmayıb, bir-birlərini qorumaq üçün növbə ilə namaz qılmalarını əmr edir. Qızğın döyüş zamanı qılınan “Qorxu” namazı barədə imam Məhəmməd Baqir(ə)-dan nəql olunan mötəbər hədislərin birində deyilir: “Şiddətli və qızğın döyüşün içərisində olan şəxs, üzü hansı istiqamətə olsa, namazını işarə ilə qılsın. Möminlərin əmiri Əli(ə) və səhabələri “Siffeyn” müharibəsinin gecəsi “Zöhr”, “Əsr”, “Şam” və “Xiftən” namazlarını, hər namazın vaxtında “Allahu əkbər”, “La ilahə illəllah”, “Subhanəllah”, “Əlhəmdulillah” zikrləri və dua ilə icra etdilər. Bu, onların namazları idi. İmam Əli(ə) səhabələrini namazları yenidən qılmağa əmr etmədi.”

16. Möminlərin əmiri Əli(ə) kimi Allahı çox zikr etməklə, Quran oxumaqla, Allah ilə görüşmək və Ona doğru gedəcəyinizi xatırlamaqla özünüz üçün kömək istəyin! Nəql olunur ki, imam Əli(ə) “Siffeyn” müharibəsinin gecəsində zikrlərini tərk etmirdi, onun üçün sərilmiş dərinin üzərində zikrlərlə namaz qılırdı, tərəflərin bir-birinə atdığı oxlar bəzən onun qarşısına sancılırdı, nizələr sağdan və soldan atılırdı, amma bu onu əsla, qorxutmurdu. İmam Əli(ə) vəzifəsini tamamlamadan yerindən qalxmadı.

17. Allahdan istəyin, sizə həm müharibə, həm də sülh zamanı insanlarla Peyğəmbər(s) və Əhli-Beyt(ə)-nin əxlaqı ilə davranmağınıza yardımçı olsun ki, bununla da siz, İslama ziynət və onun dəyərləri üçün misal olasınız. Həqiqətən də, din fitrət nuru, ağılın şəhadəti və əxlaq əsasında bərqərar olub. İslamın düşüncə və ali əxlaqi keyfiyyətlər bayrağını qaldırması elə bundan xəbər verir. İslamın təməl prinsipi insanı, həyatın yönəm və üfüqləri barədə dərindən düşünməyə və həmin düşüncələr əsasında əməllərini icra  etməyə səsləyir. İslam qanunvericiliyi də, fitrət qanunlarını və ağılın gizli xəzinlərini üzə çıxarmağa önəm verir. Allah-təala buyurur: “And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!” (Şəms-7, 8, 9)

İmam Əli(ə) buyurub: “Allah elçi və peyğəmbərlərini bir-birinin ardınca göndərdi ki, insanlara fitrətin əhdini və Allahın unudulmuş nemətlərini xatırlatsınlar. Bununla da, (elçi və peyğəmbərlər) açıq-aşkar dəlili onlara bəyan edib, ağıllarında gizli qalmış xəzinələri üzə  çıxartsınlar.” Əgər müsəlmanlar dini dərindən düşünüb onun təlimatlarına əməl etsələr, onlar üçün bərəkət zahir olar və onun nuru hər tərəfi bürüyər. Siz, bəzi şübhəli mətnlərin üzərində inadkarlıqla durmaqdan çəkinin! Həmin mətnlər, Allahın da əmr etdiyi kimi, onu araşdırıb nəticə çıxarmağı bacaran elm-əhlinin öhdəsinə buraxılmalıdır. Çünki elm-əhli, onun mənasını dəqiqləşdirməyin yolunu bilir.

18. Ehtiyatlı olmağınız lazım olan yerdə tələsməkdən çəkinin ki, özünüzü təhlükəyə atmayasınız. Çünki düşmənlərinizin ən çox arzuladığı odur ki, siz ehtiyatlı olmağınız lazım olan yerdə məşvərətsiz addım atıb, tədbirsiz və səriştəsiz hərəkətlərə yol verəsiniz. Elə isə, səflərinizin nizamlı və atdığınız addımların tərtibli olmasına diqqət yetirin. Addımlarınızı vaxtı çatmadan, möhkəmləndirmədən, mexanizmlərini təchiz etmədən, ehtiyac duyulmadan, sabitliyinə təminat verilmədən və nəticələrini bilmədən atmağa tələsməyin. Allah-təala buyurur: “Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!” (Nisa-71) Başqa bir ayədə buyurur: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Səf-4) Siz düşmənlərinizdən daha çox güclü olun. Çünki siz, haqqa onlardan daha çox layiqsiniz. Əgər dərdə düçar olsanız, bilin ki, onlar da sizin kimi dərdə düçar olublar. Amma sizin Allahdan ümid etdiyinizi onlar etmirlər. Əlbəttə, onların da ümidli olması mümkündür. Lakin onların ümidi, səhrada susuzluqan ürəyi yanan şəxsin su zənn etdiyi ilğım kimi puç, yalan və boş xəyallardan başqa bir şey deyil. Şəkk-şübhələr onları öz zülmətində qərq və öz yanlışlığı ilə gözlərini kor etmişdir.

19. Düşmənin özü üçün sipər olaraq istifadə etdiyi xalqınız, onları himayə edənlərə qarşı səmimi olmalı, fədakarlıqlarını qiymətləndirməli, onlara əziyyət etməməli və barələrində bədgüman olmamalıdırlar. Allah-təala bir şəxs üçün başqasının üzərində haqq qərar verdiyi kimi, başqası üçün də onun üzərində haqq müəyyən edib. Belə ki, hər bir şəxs, başqasının onun üzərində mövcud olan haqq kimi, haqqa sahibdir. Bilin ki, sizə bir-birinizdən başqa ürəyi yanan yoxdur. Elə isə bir-birinizə qarşı səmimi olub yaxşılıq edin. Bir-birinizin bəzi səhvlərini, hər nə qədər böyük olsa belə, güzəştə gedərək bağışlayın. Hər kim bir əcnəbinin onu ailəsindən, qohumlarından, həmvətənlərindən və dostlarından daha çox sevdiyini güman edərsə, böyük yanlışlığa uğramış olar. Daha öncə də təcrübədən keçmiş bu həqiqəti təcrübədən keçirmək istəyənlər, peşmançılıqla üzləşəcəklər. Bilin ki, kim bağışlamaqda birinci olarsa, ona bağışladığı şəxs və onunla olanların hamısının savabı qədər, mükafat və savab verilər. Allah-təala bu savabı zay etməyib həm Bərzəxin qaranlığında, həm də Qiyamət meydanında onun özünə qaytarar. Hər kim müsəlman döyüşçülərinə və onların arxalarında qoyub getdikləri ailə-uşaqlarına yardım etsə, ona cihad edənin savabı verilər.

20. Hamı məzəmmət olunmuş təəssübkeşliyi bir kənara qoyub gözəl əxlaqa yiyələnməlidir. Allah-təala insanları xalqlara və tayfalara ayırıb ki, bir-birlərini tanıyıb yardımlaşsınlar və öz aralarında mənfəət mübadiləsi aparsınlar. Elə isə dar düşüncələr və eqoizm hissi sizə hakim olmasın. Keçmişdə sizin və başqa müsəlman ölkələrin hansı bəlalarla üzləşdiklərini, mallarının, sərvətlərinin, güc və qüdrətlərinin bir-birinə zərbə vurub məhv etməyə sərf olunduğunu bilirsiniz. Halbuki, həmin güc tərəqqi, inkşaf və müsəlmanların vəziyyətinin yaxşılaşması yolunda istifadə oluna bilərdi. Elə isə yalnız zalimlərin mübtəla olması ilə bitməyən fitnələrdən çəkinin. Lakin artrıq fitnə baş verib. Bu halda, fitnə alovunu söndürməyə çalışın və daha çox yayılmasının qarşısını alın. Hamınız Allahın ipindən yapışın və təfriqəyə düşməyin. Əgər Allah sizin qəlbinizdə bir xeyir görsə, sizə əldə edəcəyiniz xeyirdən daha yaxşısını əta edəcəkdir. Həqiqətən də, Allah hər şeyə qadirdir.

 22 Rəbiul-axir 1436

 15 Fevral 2015

Suаl: Cinsiyyətin dəyişdirilməsi icаzəlidirmi?

Cаvаb: Cinsiyyəti dəyişməkdən məqsəd cərаhiyyə əməliyyаtı еtməklə kişinin аlətini və sidik kisəsini kəsib biri sidik məcrаsı, digəri isə cinsi əlаqə üçün iki dəlik аçmаq, həmin insаnın qаdınа bənzəsin deyə tərkibində qаdın hоrmаnlаrı оlаn dərmаnlаr içirtməklə оndа döşlərinin böyüməsi, üzündə və bədənində tük bitməməsi ilə kişinin qаdınа çеvrilməsidir. Qаdının kişiyə çеvrilməsindən məqsəd isə, оndа süni аlət düzəltməklə, döşlərinin kiçilməsi və üzündə tük bitməsi üçün kişi hоrmаnlаrındаn ibаrət dərmаnlаrın qəbul еdilməsi nəticəsində kişi kimi görsənməsidir. Bütün bunlаrın hеç bir təsiri yохdur. Yəni, bununlа nə kişi qаdınа, nə də qаdın kişiyə çеvrilməz. Bundаn əlаvə qеyd оlunаn cərrаhiyyə əməliyyаtlаrının tələbinə uyğun оlаrаq övrətə bахmаq və yа tохunmаq şəriət bахımındаn icаzəli dеyil. Lаkin kişinin qаdınа və əksinə qаdının kişiyə çеvrilməsindən məqsəd iki cinsi bir-birindən fərqləndirən хüsusiyyətlərin əsаsı оlаn dахili və хаrici tənаsül üzvlərinin tаmаmilə dəyişilməsi nəzərdə tutulursа, (bu işi icrа еtmək üçün аpаrılаn cərаhiyyə əməliyyаtlаrın nəticəsində) bаş vеrəcək müqəddimələrin (övrətə bахmаq, tохunmаq kimi) hаrаm оlmаsınа bахmаyаrаq özlüyündə hаrаm dеyil. Lаkin bizim zəmаnəmizədək hələ bu, bаş vеrməmişdir. Bаş vеrən birinci qеyd еtdiyimiz işdir. Оlа bilsin ki, bəzi insаnlаrdа tənаsıl üzvlərinin fоrmаlаşmаmаsı, аlət və хаyаlаrın düzgün inkişаf еtməməsinə görə həmin insаnın qаdın оlduğu gümаn еdilir. Tibbi müаyinədən sоnrа оndа qаdının dахili tənаsül üzvlərinin оlmаdığı, əksinə tаm inkişаf еtməmiş аlət və хаyаlаrın оlduğu məlum оlur. Həkim isə məsələn, cərrаhiyyə əməliyyаtı аpаrmаqlа оnun аlət və хаyаlаrını üzə çıхаrır. Yахud insаndа аlətə охşаyаn bir üzv оlur və оnun kişi оlduğu gümаn еdilir. Tibbi müаyinədən sоnrа оndа qаdın tənаsül üzvləri оlаn uşаqlıq və yumurtаlığın оlduğu məlum оlur. Həkim isə həmin insаndа аlətə охşаyаn аrtıq əti əməliyyаt еdərək kəsir. Bu işin özlüyündə hеç bir mаnеəsi yохdur. Bu, həqiqi mənаdа kişinin qаdınа və yа qаdının kişiyə çеvrilməsi dеyil. Bu işin müqəddiməsində (övrətə bаzmаq və yа tохunmаq kimi) bаş vеrəcək hаrаm əməllərin аrаdаn qаlхmаsı isə, məcburiyyət və dözülməsi mümkün оlmаyаn çətinlik kimi ikinci dərəcəli hökmlərdən аsılıdır.

81 -dən səhifə 93