admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida məhsullarından 1 “sa”, təqribən, 3 kq “müstəhəq”-ə verməlidir. Əgər onların hər hansının pulunu versə də, kifayətdir. Vacib ehtiyata əsasən, öz məntəqəsində adi olmayan yeməklərdən hətta məsələn, buğda, arpa, xurma və kişmiş olsa belə, verməsin.

Məsələ 2: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan, onun və ailəsinin xərclərini təmin edəcək bir qazancı da olmayan şəxs fəqir sayılır və onun fitrə zəkatı verməsi vacib deyildir.

Məsələ 3: İnsan “Fitr” bayramı gecəsinin qürubu zamanı onun öhdəsində olan şəxslərin fitrəsini verməlidir; istər kiçik olsun, istərsə də böyük, istər müsəlman olsun, istərsə də kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə də vacib olmasın, istər onun şəhərində olsun, istərsə də başqa şəhərdə.

Məsələ 4: Əgər bir şəxs başqa şəhərdə yaşayan və öhdəsində olan bir şəxsi onun malından özünün fitrəsini verməyə vəkil etsə, fitrəsini verəcəyinə xatircəm olduğu təqdirdə özünə onun fitrəsini verməsi lazım deyildir.

Məsələ 5: “Fitr” bayramı gecəsi qürubdan əvvəl gəlib onun yanında qalan və öhdəsində olan - müvəqqəti olsa da – hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacibdir.

Məsələ 6: “Fitr” bayramı axşamı, gün batdıqdan sonra gələn qonağın fitrəsini vermək onun öhdəsində hesab olunarsa, ehtiyata əsasən, vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin öhdəsində hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.

Məsələ 7: “Fitr” bayramı axşamı qürub zamanı dəli olan şəxsin dəliliyi bayram gününün günortasına qədər qalarsa, ona fitrə zəkatı vermək lazım deyildir. Əks təqdirdə, vacib ehtiyata əsasən, fitrəni verməlidir.

Məsələ 8: Əgər gün batmazdan əvvəl uşaq yetginlik həddinə çatsa, dəli ağıllansa və fəqir dövlətli olsa, fitrənin vacib olma şərtləri onda olduğu təqdirdə, fitrə zəkatını verməlidir.

Məsələ 9: “Fitr” bayramı axşamı, gün batan vaxt fitrə zəkatı vacib olmayan şəxs bayram gününün günortasına qədər, fitrənin vacib olma şərtləri onda olsa, vacib ehtiyata əsasən, fitrə zəkatını versin.

Məsələ 10: “Fitr” bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib deyil, amma şiə olmayan müsəlman ayı gördükdən sonra şiə olsa, fitrə zəkatını verməlidir.

Məsələ 11: Yalnız bir “sa”, təqribən, 3 kq buğda və bu kimi qidalara malik olan şəxsə müstəhəbdir ki, fitrə zəkatı versin. Əhli-əyalı olub, onların da fitrə zəkatını vermək istəsə, həmin 3 kq-ı fitrə niyyəti ilə ailə üzvlərindən birinə, o da bu niyyətlə bir başqasına verə bilər və bu qayda ilə ailə üzvlərinin sonuncusuna qədər dolandıra bilər. Yaxşı olar ki, sonuncu şəxs aldığı qidanı ailə üzvlərindən sayılmayan bir başqasına versin. Əgər onlardan biri dəli, yaxud uşaqdırsa, uşağın qəyyumu onun yerinə ala bilər. Amma müstəhəb ehtiyata görə, onun niyyətinə yox, özü üçün alsın.

Məsələ 12: “Fitr” bayramı gecəsi, gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan qabaq övlad sahibi olsa yaxud evlənsə, onun öhdəsində sayıldığı təqdirdə, fitrəsini verməlidir. Əgər başqasının öhdəsində olsalar, ona vacib deyil. Əgər başqa bir şəxsin öhdəsində deyillərsə, qadının fitrəsi özünə vacibdir, övlada isə bir şey vacib deyil.

Məsələ 13: Əgər insan birinin öhdəsində olsa və qürubdan əvvəl başqasının öhdəsində olsa, onun fitrəsi sonrakı şəxsə vacibdir. Məsələn, əgər qız gün batmazdan əvvəl ər evinə getsə, əri onun fitrəsini verməlidir.

Məsələ 14: Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə fitrə vermək vacib deyildir. Amma ona vacib olan şəxs ödəməsə və ya verə bilməsə, ehtiyata əsasən, onun özünə vacib olur. Əgər 1948-ci məsələdə deyilən şərtlər onda olsa, öz fitrəsini verməlidir.

Məsələ 15: Fitrəsi başqasına vacib olan şəxs öz fitrəsini versə, onun fitrəsi başqasına vacib olan şəxsin öhdəsindən qötürülmür.

Məsələ 16: Seyid olmayan şəxs seyidə fitrə verə bilməz. Hətta əgər bir seyid onun öhdəsində olsa belə, onun fitrəsini başqa seyidə verə bilməz.

Məsələ 17: Ana və ya dayədən süd əmən uşağın fitrəsi ana və ya dayənin xərclərini verən şəxsə vacibdir. Lakin ana və ya dayə öz xərclərini uşağın malından götürsə, uşağın fitrəsi heç kəsə vacib deyil.

Məsələ 18: İnsan ailəsinin xərclərini haram maldan versə də, onların fitrəsini halal maldan verməlidir.

Məsələ 19: Əgər insan usta, xərrat və xidmətçi kimi əcir tutduğu şəxsin onun öhdəsində hesab olunacaq şəkildə xərclərini versə, onun fitrəsini də verməlidir. Amma yalnız onun işinin haqqını versə, onun fitrəsini vermək  ona vacib deyildir.

Məsələ 20: Əgər bir şəxs “Fitr” bayramı gecəsi, gün batmazdan əvvəl ölsə, onun və ailə üzvlərinin fitrəsini onun malından vermək vacib deyildir. Əgər gün batandan sonra ölsə, alimlərin çoxu buyurmuşlar ki, onun və ailə üzvlərinin fitrəsini onun malından vermək lazımdır. Amma bu hökm mübahisəlidir. Ehtiyatın tələbinə əsasən, tərk edilməsin.

Məsələ 21: Fitrə zəkatını vacib ehtiyata əsasən, yalnız fəqirlərə vermək lazımdır. Burada mal zəkatına “müstəhəq” olanların şərtlərinə malik olan şiə fəqirlər nəzərdə tutulur. Əgər onun məntəqəsində şiə fəqir yoxdursa, başqa müsəlman fəqirlərə də verə bilər. Amma hər halda, “nasibi”-yə (Əhli-beytlə düşmənçilik edən) verilməməlidir.

Məsələ 22: Əgər bir şiə uşağı fəqir olsa, insan fitrəni onun xərcinə çatdıra bilər və ya uşağın qəyyumuna verməklə uşağın mülkü edə bilər.

Məsələ 23: Fitrə verilən fəqirin ədalətli olması vacib deyildir. Lakin vacib ehtiyata əsasən, şərabiçən, namaz qılmayan və aşkar şəkildə günah edənə fitrə verilməsin.

Məsələ 24: Fitrəni günah işlərdə xərcləyən şəxsə fitrə vermək olmaz.

Məsələ 25: Müstəhəb ehtiyata görə, bir fəqirə təqribən, 3 kq-dan ibarət 1 “sa” miqdarından az fitrə verilməsin, cəm olan fəqirlərə çatmasa, bu hal istisnadır. Lakin çox verilsə, heç bir eybi yoxdur.

Məsələ 26: Qiyməti adi qiymətdən iki dəfə artıq olan maldan, məsələn, adi buğda qiymətindən iki dəfə çox olan buğdadan yarım “sa” fitrə versə, kifayət etməz. Hətta əgər onu fitrə qiyməti məqsədi ilə versə də, kifayət deyildir.

Məsələ 27: İnsan yarım “sa” çəkisi olan bir cinsdən, məsələn, buğdadan və onun başqa yarısını isə arpadan fitrə verə bilməz, əgər onu fitrə qiyməti məqsədi ilə versə də, kifayət deyildir.          

Məsələ 28: Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından üstün tutmaq müstəhəbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır.

Məsələ 29: Əgər insan birinin fəqir olmasını güman edib ona fitrə versə, sonra fəqir olmadığını anlasa, ona verdiyi mal aradan getmədiyi təqdirdə geri alıb “müstəhəq”-ə verməlidir. Əgər ala bilməsə, öz malından fitrə əvəzi verməlidir. Əgər verdiyi mal aradan getmişdirsə, fitrəni alan şəxs aldığı malın fitrə olduğunu bilirdisə, onun əvəzini verməlidir. Əgər bilmirdisə, onun əvəzini vermək ona (fitrəni alan), vacib deyil və insan fitrəni yenidən verməlidir.

Məsələ 30: Bir şəxsin “mən fəqirəm”-deməsi ilə ona fitrə vermək olmaz. Amma onun sözündən insana xatircəmlik hasil olsa və yaxud əvvəllər onun fəqir olduğunu bilirdisə, ona fitrə verə bilər.

Məsələ 31: İnsan fitrə zəkatını “qürbət” niyyəti ilə, yəni, Allah-taalanın əmrini yerinə yetirmək və Ona bəndəçilik məqsədi ilə verməli və onu verən zaman fitrə vermək niyyətini etməlidir.

Məsələ 32: Ramazan ayından əvvəl fitrə vermək düzgün deyildir, və yaxşı olar ki, Ramazan ayında da fitrəni verməsin. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə və ondan sonra fitrə ona vacib olsa, öz tələbini fitrə əvəzi hesab etsə, eybi yoxdur.

Məsələ 33: Fitrə üçün verdiyi buğda və ya başqa bir şey başqa bir malla, yaxud torpaqla qarışıq olmamalıdır. Əgər qarışıbsa, onun təmizi təqribən, 3 kq-dan ibarət bir “sa” miqdarında olsa və ayırmadan istifadəsi mümkün olsa, yaxud ayırmaq daha çox bir zəhmət tələb etməsə və yaxud qarışıq olan şey etina edilməyəcək qədər az olsa, eybi yoxdur.

Məsələ 34: Əgər fitrəni qüsurlu bir maldan versə, vacib ehtiyata əsasən, kifayət etməz.

Məsələ 35: Bir neçə nəfərin  fitrəsini verən adama hamısını bir maldan verməsi lazım deyildir. Məsələn, bəzisinin fitrəsini buğdadan, bəzisinin fitrəsini isə arpadan versə, kifayətdir.

Məsələ 36: “Fitr” bayramı namazını qılan şəxs vacib ehtiyata əsasən, bayram namazından əvvəl fitrəni verməlidir. Amma bayram namazı qılmasa, fitrəni günortaya qədər gecikdirə bilər.

Məsələ 37: Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü günortaya qədər “müstəhəq”-ə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, eybi yoxdur.

Məsələ 38: Əgər bayram günü günortaya qədər fitrəni verməsə və kənara belə qoymasa vacib ehtiyata əsasən, sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.

Məsələ 39: Əgər fitrəni ayırıb kənara qoysa, onu özünə götürüb, başqa malı fitrə üçün onun yerinə qoya bilməz.

Məsələ 40: İnsanın fitrəsinin qiymətindən çox olan bir malı olsa və fitrə verməyərək həmin malın bir miqdarının fitrə üçün olmasını niyyət edərsə, vacib ehtiyata əsasən, kifayət etməz.

Məsələ 41: Əgər fitrə üçün ayırdığı mal aradan getsə, fəqirə əli çatdığı təqdirdə, fitrəni gecikdiribsə və ya qorumaqda səhlənkarlıq edibsə, onun əvəzini verməlidir. Əgər fəqirə əli çatmamışsa və ya qorumaqda səhlənkarlıq etməyibsə, zamin deyildir.

Məsələ 42: Əgər öz məntəqəsində “müstəhəq” tapsa, vacib ehtiyata əsasən , fitrəni başqa məntəqəyə aparmasın, əgər başqa məntəqəyə aparıb “müstəhəq”-ə versə kifayət edər. Əgər başqa məntəqəyə apardığı zaman tələf olsa, onun əvəzini verməlidir.

Elektron oyunlar

Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir:

1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi)  təqdirdə oynanılması icazəlidirmi?

2. Bu oyunun alış-verişi icazəlidirmi?

Cavab: Alış-verişi doğru deyil. Bu oyunu oynamağın özünə gəlincə, cənab Seyid (kölgəsi əskik olmasın!) tərəfindən icazə verilməmişdir. Bu məsələdə başqa bir fəqihə müraciət etmək olar.

Sual: Bəzi oyunlar “atari” adlanan cihaz vasitəsi ilə monitorda əks olunur və cihazla əlaqəsi olan naqillərə yerləşdirilmiş düymələr vasitəsi ilə oynanılır. Bu oyun əyləncə xarakteri daşıyır və heç bir girov qoyulmur. Bu oyunun hökmü nədir?

Cavab: Əgər atari cihazı vasitəsi ilə monitorda əks olunan oyunlar qumar oyunları olarsa, icazəli deyil. Əks təqdirdə, icazəlidir.

Sual: Elektron oyunlar və bundan pul qazanmaq məqsədi ilə internet klub açmaq icazəlidirmi?

Cavab: Qumar oyunlarına şamil olmasa, icazəlidir.

Sual: Uduzan şəxs rüsumun dəyərini ödəməli olduğu halda, rüsumlu oyunlara qatılaraq oynamaq icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Kompyüterdə bilyard oynamağın hökmü nədir?

Cavab: Girov qoyulması ilə oynamaq icazəli deyil. Hətta ürfün nəzərində qumar alətindən hesab olunarsa, ehtiyata əsasən, girovsuz da oynanılması icazıli deyil.

Sual: İstifadəsi halal olan oyunlar hansılardır?

Cavab: Qumar aləti hesab olunmayan bütün oyunları girov qoymadan oynamaq olar. Qumar alətləri ilə girov qoymadan kompyüterdə belə, oynamaq icazəli deyil. Həmçinin qarşı tərəf kompyüter olsa belə, şahmat oynamaq icazəli deyil.

Sual: Kampyüterdə domino oynamaq barədə rəyiniz nədir?

Cavab: Domino qumar alətidir. Girov qoyaraq oynamaq, həmçinin vacib ehtiyata əsasən, girovsuz belə, oynamaq icazəli deyil. Bu hökmdə domino daşları ilə və ya kompyüterdə oynamaq arasında heç bir fərq yoxdur.

Sual: Kompyüterdə şahmat oynamaq icazəlidirmi?

Cavab: Vacib ehtiyata əsasən, icazəli deyil.

Sual: Bazarda kompyüter vasitəsi ilə oynalınan bəzi elektron oyunlara rast gəlmişəm. Həmin oyunlarda İraqın azad edilməsi naminə müəyyən mərhələlərdə Kərbəla, Nəcəf, Samirra kimi bəzi müqəddəs şəhərlərin bombardıman edilməsi, eləcə də İraq xaricində Məşhəd və Suriya kimi müqəddəs ziyarətgahlar olan yerlərin dağıdılması səhnələri var. Bəzən belə oyunlarda həmin müqəddəs şəhərlərə hörmətsizlik olunduğunun şahidi oluruq. Cənab seyidin bu barədə rəyin nədir?

Cavab: Əgər həmin oyunlarda müqəddəs hesab olunan dəyərlərə hörmətsizlik olunduğu fərz olunursa, alış-verişi və saxlanılması icazəli deyil.

Sual: İnternet klublarda (PlayStation) oynayanlardan girov alınmadan ticarət məqsədi ilə istifadə etmək barədə canab Seyidin rəyi nədir?

Cavab: Musiqi və mahnı (ğnia) kimi haram əməllərə şamil olmasa, bu işin öz-özlüyündə heç bir maneəsi yoxdur.

Sual: Video oyunları mərkəzi işlədən şəxsin bu oyunlar müqabilində əldə etdiyi qazanc halaldırmı?

Cavab: Əgər oradakı oyunlar qumar oyunlarından ibarət deyilsə, həmin oyunların və əldə olunan qazancın heç bir maneəsi yoxdur.

Sual: “Atari” oyunu əyləncə oyunlarından hesab olunur. Oyundan asılı olaraq bir və ya iki şəxs birlikdə “atari” cihazı ilə eyni ekranda cihaza yerləşdirilmiş diskdəki oyunu oynayır. Əgər məzmununda heç bir haram səhnə olmasa, bu oyunları oynamağın hökmü nədir? “Atari” cihazını və ya oyun disklərini qazanc məqsədi ilə icarəyə verməyin hökmü nədir?

Cavab: Əgər cihaza yerləşdirilən oyunlar şahmat və nərd kimi qumar oyunları olarsa, belə oyunları oynamaq icazəli deyil. Əks təqdirdə (qumar oyunları olmasa), həmin oyunlar haram sahnələri (seks səhnələri kimi) ehtiva etmirsə, oynamağın maneəsi yoxdur. İkinci halda deyil, birinci halda bu iş müqabilində qazanc əldə etmək icazəli deyil.

Ehtiyat namazı

Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir?

Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur.

Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır?

Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin “Bismillah”-ı da səssiz oxunsun.

Sual: Ehtiyat namazında surə və qunut varmı?

Cavab: Ehtiyat namazında surə və qunut yoxdur.

Sual: Əgər insana iki rəkət ehtiyat namazı vacib olarsa, onu necə qılmalıdır?

Cavab: Bu halda, iki səcdədən sonra, əvvəlki rəkət kimi bir rəkət də qılıb, təşəhhüd və salamları deməlidir.

Sual: Əgər insana bir rəkət ehtiyat namazı vacib olarsa, onu necə qılmalıdır?

Cavab: Bu halda, iki səcdədən sonra, təşəhhüdü oxuyub salam verməlidir.

Sual: Ehtiyat namazı ona vacib olan şəxs, nə etməlidir?

Cavab: Ehtiyat namazı ona vacib olan şəxs, namazının salamından sonra dərhal ehtiyat namazınln niyyətini etməli; Fatihəni oxuyub rukuya getməli və sonra səcdə etməlidir.

Ehram miqatları

Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi?

Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz.

Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi?

Cavab: Xeyr, caiz deyildir.

Sual: Ehram miqatları neçədir?

Cavab: Ehram miqatları doqquzdur; 1. Zul-Huleyfə, 2. Əqiq vadisi, 3. Cöhfə, 4. Yələmləm, 5. Qərnul-Mənazil, 6. Adı çəkilən miqatlardan hər hansı birinin müqabili, 7. Məkkə, 8. Mükəlləfin yaşadığı ev, 9. Ədnəl-Hill.

Sual: Ehram miqatları nə deməkdir?

Cavab: Müqəddəs İslam şəriətində ehram bağlamaq üçün yerlər müəyyən edilib. Bu yerlərə miqat deyilir. Ehramın bu yerlərdə bağlanması vacibdir.

Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir?

Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.

Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir?

Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil.

Sual: Mən bodibildinq (bədənin qurluşu, kulturizm) ilə məşğul oluram. Buna görə də bəzi xüsusi qidalar qəbul edirəm. Həmin qidalar konservləşdirilimiş halda olur və əksəriyyətinin tərkibi bitki kökləri və müxtəlif bitki yağlarından ibarətdir. Lakin mən belə qidaların bəzilərinin tərkibində köpək balığının toxumalarının olduğunu bildim. Bu konservlər İslam ölkələrində istehsal olunmur. Belə qidaların qəbul olunmasının hökmü nədir? Tərkibində köpək balığının toxumaları olan qidaları qəbul etmək haramdırmı?

Cavab: Köpək balığının və tərkibində onun hissələrindən olan hər hansı qidanın yeyilməsi haramdır.

Sual: Bəzi mağazalarda energetik içkilər satılır. İstehsalçı tərəf onun tərkibində su, turin, şəkər, qlükoza, aspartam, natrium sitrat, kofein, karamel olduğunu bildirilir. Bu növ içkilərin tərkibində qeyd olunan maddələr, xüsusilə də, kofein olduğu halda onların içilməsi və ya alış-verişi icazəlidirmi?

Cavab: Öz-özlüyündə bu içkilərin qəbulunun maneəsi yoxdur. Əgər orqanizmə haram sayılacaq dərəcədə həddindən artıq zərər verərsə, icazəli deyil.

Sual: Balinanın ciyərinin yağından göz müalicəsi və ya ümumiyyətlə orqanizmin gücləndirilməsi üçün istifadə etmək icazəlidirmi?

Cavab: Krem kimi bədənə sürtmək icazəlidir, lakin yeyilməsi icazəli deyil.

Sual: Balıq yağından hazırlanmış kapsulaların qəbulunun hökmü nədir? Bu yağların istehsalçısı həmin yağların balina, köpək balığı, pullu və ya pulsuz balıqlardan hazırlandığını qeyd edir.

Sual: Əgər pullu balıqlardan hazırlandığı məlum olmasa, qəbul edilməsi icazəli deyil. Əgər müsəlmandan alarsa və həmin müsəlman şəxs pulsuz balıqların yeyilməsini halal hesab edənlərdən deyilsə, istifadə edilməsi icazəlidir.

Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu?

Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql olunmuşdur. Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Kim evlənərsə, dininin yarısını qorumuş olar”, “Heç bir müsəlman kişi, İslamı qəbl etdikdən sonra baxdıqda onu sevindirəcək, əmr etdikdə itaət edəcək, olmadıqda iffətini və onun malını qoruyacaq bir müsəlman zövcə kimi mənfəət əldə etməmişdir”. İmam Cəfər Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Evli adamın qıldığı iki rükət namaz, subay adamın qıldığı yetmiş rükət namazdan daha üstündür”. Bu qəbildən bir çox hədislər nəql olunmuşdur.

Sual: Evlənmək istəyən kişi, qadınların hansı xüsusiyyətlərinə diqqət yetirməlidir?

Cavab: Ailə qurmaq istəyən kişi, qadının aşağıdakı xüsusiyyətlərinə əhəmiyyət verməlidir: yalnız iffətli, əsilzadə, əməli saleh, dünya və axirət işlərində ona yardım edəcək bir qadınla evlənməlidir. Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Nütfəniz üçün qadın seçin, həqiqətən də, övlad dayıya bənzər”. İmam Cəfər Sadiqin (ə) “Evlənmək istəyirəm” – deyən səhabəsinə belə buyurduğu nəql olunur: “Bax gör özünü kiminlə bərabər tutacaq, malına-mülkünə kimi şərik edəcək, dinini və sirrini kiminlə paylaşacaqsan. Əgər evlənməyin labüddürsə, xeyirli və gözəl əxlaqlı bakirə ilə evlən!” Həmçinin buyurub: “Qadın boyunbağı kimidir. Bax gör boynuna nə asırsan?!  Qadının nə əməlisaleh, nə də yolunu azmış olanının heç bir nəsibi yoxdur. Əməlisaleh qadına gəlincə, onun nəsibi qızıl və gümüş deyil, çünki o, qızıl və gümüşdən xeyirlidir. Yolunu azmış qadına gəlincə, onun nəsibi torpaq deyil, Çünki torpaq ondan xeyirlidir. Kişi yalnız qadının gözəlliyinə və sərvətinə baxmamalıdır. Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Kim bir qadınla yalnız onun  gözəlliyinə görə evlənərsə, istədiyini onda tapmaz. Kim bir qadınla yalnız malına görə evlənərsə (yəni malı olmasa onunla evlənməzdi), Allah onu həmin mala həvalə edər. Sizə dininə əməl edən qadınları tapşırıram”.

Həmçinin o həzrət (s) buyurub: “Ey insanlar, zibillikdə bitən yaşıllıqdan uzaq olun!” İnsanlar: “Ya Rəsulullah (s), zibillikdə bitən yaşıllıq nədir?”-deyə soruşdular. Peyğəmbər (s) buyurdu: “Pis ailədən olan gözəl qadın”.

Kişinin ailə qurmaq üçün seçdiyi qadının xüsusiyyətlərinə diqqət etməsi gərəkdiyi kimi qadının və onun qəyyumlarının da ailə qurmaq üçün kişinin xüsusiyyətlərinə diqqət yetirmələri lazımdır. Qadın yalnız dindar, iffətli və gözəl əxlaq sahibi olan kişi ilə ailə qurmalıdır. Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Evlilik qul etmək kimidir. Sizlərdən hər hansı biriniz qızını ərə verərsə, onu qul edər. Buna görə də, hər biriniz öz hörmətlisini (qızını) kimin üçün qul edəcəyinə diqqət etsin”. İmam Cəfər Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Kim hörmətlisini (qızını) araq içənlə evləndirərsə, qohumluq əlaqəsini kəsmişdir”. İmam Rzaya (ə) “Məni bir qohumumla nişanlayıblar. Onun əxlaqında pislik var” yazılmış məktubun cavabında buyurmuşdur: “Əgər əxlaqı pisdirsə, onunla evlənmə!” 

Sual: Evləndikdə qılınan bir namaz və ya oxunan bir dua varmı?

Cavab: Evlənmək istədikdə iki rükət namz qılmaq və dua oxumaq müstəhəbdir. Həmin dua belədir: “Allahummə inni uridu ən ətəzəvvəcə fəqəddir li minən-nisai əfəhunnə  fərcən və əhfəzəlhunnə li fi nəfsiha və fi mali və əvsəuhunnə rizqən və əzəmuhunnə bərəkətən”. Nikah əqdinə şahid tutmaq və elan etmək, həmçinin nikahdan əvvəl xütbə demək müstəhəbdir. Ən kamil xütbə Allaha həmd və səna, Həzrət Məhəmməd (s) peyğəmbərə və məsum imamlara (ə) salavat və salam demək, kəlimeyi-şəhadət söyləmək, təqvanı tövsiyə etmək və evlənən şəxslər üçün dua etməkdən ibarətdir. “Əlhəmdulillah vəssalətu əla Muhəmmədin və alihi” demək yetərlidir.

Ay əqrəb bürcündə olduqda və məhəq (ay məhəqdə olduqda, yəni anaqoynunda olduqda) vaxtı nikah əqdinin yerinə yetirilməsi məkruhdur.

Sual: Zifaf gecəsinin müstəhəb əməlləri hansıdır?

Cavab: Zifafın gecə vaxtı, ondan əvvəl və ya sonra ziyafət verilməsi müstəhəbdir. Yaxınlıq olmadan əvvəl iki rükət namaz qılmaq, hər ikisinin pak olması, əlini qadının kəkilinin üzərinə qoyub aşağıdakı duanı oxuması müstəhəbdir. “Allahummə əla kitabikə təzəvvəctu və bikəlimatikə istəhləltu fərcəha fə in qəzəytə li fi rəhmiha şey`ən fəc`əlhu muslimən səviyyən və la təc`əlhu şərikəş-şeytan” (İlahi, Sənin kitabın əsasında onunla evləndim, Sənin sözlərinlə o, mənə halal oldu. Əgər onun bətnində mənim üçün övlad qərar versən, onu dürüst müsəlman qərar ver! Onu Şeytana şərik qərar vermə).

Sual: Əgər oğlan əxlaq və dinində razılıq olunacaq dərəcədə olarsa, onun elçisini geri qaytarmaq icazəlidirmi?

Cavab: Əgər elçi düşən oğlan əxlaq və dinində razılıq olunacaq dərəcədədirsə, onu geri qaytarmaq yaxşı deyil. . Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Əgər sizə əxlaqından və dinindən razı qaldığınız biri elçi gələrsə, qızınızı onunla evləndirin. Əgər belə etməsəniz, yer üzündə böyük fitnə və fəsad yaranar”.

Sual: Ailə qurmaq və bu işdə tələsmək barədə məsumlardan (ə) hədis nəql olunubmu?

Cavab: Evlilik Allah-təala yanında sevilən bir əməldir. Allah-təala Qurani-kərimdə buyurub: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (Rum surəsi, ayə 21). Başqa bir ayədə Allah-taala buyurub: “Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur...” (Əraf surəsi, ayə 189).  İmam Məhəmməd Baqir (ə) babası . Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğunu nəql edir: “İslamda evlilik kimi Allah üçün sevimli bir bina inşa olunmamışdır”. Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Evlənin və evləndirin!” Hədis kitablarında aşağıdakı hədislər nəql olunub.

İmam Əli (əm) buyurub: “Evlənin! Evlənmək Rəsulullahın (s) sünnəsindəndir. O həzrət (s) buyurardı: “Kim mənim sünnəmə əməl etmək istəyirsə, bilsin ki, evlənmək mənim sünnəmdəndir”.

İmam Cəfər Sadiq (ə) buyurub: “Qadınları sevmək peyğəmbərlərin əxlaqındandır”. Həmçinin buyurub: “Evli insanın qıldığı iki rükət namaz, subayın qıldığı yetmiş rükət namazdan üstündür”.

İmam Cəfər Sadiqin (ə) atası İmam Məhəmməd Baqirdən (ə) nəql edərək belə buyurduğu deyilir: “Bir gecə zövcəsiz qalmaq müqabilində dünya və onda olan hər şey mənim olsa da, mənə xoş deyil”.

İmam Kazimin (ə) belə buyurduğu nəql olunur: “Üç nəfər heç kəsin kölgəsi olmayacaq Qiyamət günü Allahın ərşinin kölgəsində olacaq; müsəlman qardaşını evləndirən, ona xidmət edən və onun sirrini saxlayan”.

Qeyd etdiklərimizdən əlavə kişi və qadının evlənməsinin müstəhəb, subay qalmalarının isə məkruh olduğunu bildirən çoxlu hədis və rəvayətlər vardır. Bəli, kişi və qadının hər ikisinin subay qalması məkruhdur. Hətta qadınları ailə qurmağa təşviq edən hədislər də var. İmam Cəfər Sadiqin (ə) belə buyurduğu nəql olunur: . Həzrət Məhəmməd (s) peyğəmbər qadınlara evlilikdən imtina etməyi və boş qalmağı qadağan etmişdir”. Hətta qızı tez ərər verməyi və bu işi təxirə salmamağı bildirən hədislər də var. . Həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Tez ərə getmək qadının bərəkətindəndir”.

Sual: Məhərrəm ayında zifaf gecəsinin baş verməsi icazəlidirmi? Oğlan və qız arasında nikah əqdi çoxdan oxunmuş, lakin müəyyən səbəblərə görə oğlanın səfər etməsi bu işin təxirə salınması ilə nəticələnmişdir. Məhərrəm ayının 10-dan sonra bu işi etmək icazəlidirmi?

Cavab: Qeyd olunan işi müəyyən münasibətlərə təsadüf edən günlərdə yerinə yetirmək haram deyil. Yalnız Aşura günü şənlənmək və zinətlənmək kimi hörmətsizlik olarsa, istisnadır. Bəli, yaxşı olar ki, əhli-beytin (ə) müsibətli və hüzünlü günlərində belə işlər etməsin. Necə ki, adətən sevdiklərinin müsibət və hüzünlü günlərində insan zərurətin tələbindən kənar belə bir işi yerinə yetirmir. Belə ki, bu iş üçün təziyə və hüzün olduğuna görə ən uzaq bir zamanda vaxt təyin edir. Müvəffəq edən Allahdır! 

Sual:  Döymə vurmaq haramdırmı?

Cavab:  Öz-özlüyündə caizdir.

Sual: İynə vasitəsi ilə bədənə vurulan döymənin hökmü nədir?

Cavab: Öz-özlüyündə caizdir.

Sual: Heyvan şəkillərinin döyməsini vurmaq caizdirmi?

Cavab: Caizdir, lakin döymə öz-özlüyündə bəyənilən iş deyil və bəzi hədislərdə bu əməl məzəmmət olunub.

Sual: Pak imamların (ə) şəkillərinin və müqəddəs adlarının döyməsini vurmaq caizdirmi?

Cavab: Hörmətsizlik sayılarsa, caiz deyil.

Sual: Qadınlara, qaşların üzərinə “tatu” adlanan rəngli döymə  vurmaları caizdirmi?

Cavab: Öz-özlüyündə caizdir. Lakin ürfdə bəzək sayılarsa, ona yad olan şəxslərin görməməsi üçün üzərini örtmələri vacibdir.

Sual: “Döymənin dərinin altına vurulması”- dedikdə, nəyi nəzərdə tutursunuz və mən bunu neçə ayırd edə bilərəm?

Cavab: Bundan məqsəd, maddənin dərinin altına yeridilməsidir və döymə vuranlar bunu daha yaxşı bilir.

Sual: Mən imam Əli (ə)-ın adını əlimə döydürmək istəyirəm. Bunun hökmü nədir?

Cavab: Şəriət baxımından bu əməlin müstəhəb olması sübut olunmayıb. Daha yaxşı olar ki, ona təqvalı (pəhrizkar), çalışqan, iffətli və doğrucul olmaqla təqlid edilsin. Necə ki, imam (ə) bizim ona qüsurlu şəkildə deyil, gözəl formada mənsub olmağımızı tövsiyə edib.

Sual: Qadınlara bəzək üçün döymə vurmaları caizdirmi? Döymə dəstəmaza xələl gətirirmi?

Cavab: Öz-özlüyündə caizdir. Lakin bəzək sayılarsa qadının onu yad şəxslərə nümayiş etdirməsi caiz deyil. Əgər boya dərinin üzərinə vurulsa və bu da, suyun dəriyə çatmasına maneə yaradarsa, dəstəmaz zamanı onu aradan qaldırmaq vacibdir. Boyanı aradan qaldırmaq mümkün olmasa, onunla döymə vurmağın caiz olması mübahisəlidir. Allah müvəffəq edəndir!

77 -dən səhifə 93