Moskva şəhərində İmam Həsənin (ə) mövludunun il dönümü münasibətilə məclis keçirilmişdir

Allahın adı ilə
Ali dini mərceyi-təqlid möhtərəm Seyid Sistani cənablarının dəstəyi ilə 15 ramazan 1439 -cu il, miladi 31.05.2018  tarixinə təsadüf edən cümə axşamı günü Moskva şəhərində Cənnət cavanlarının ağası, Rəsulullahın (s) böyük nəvəsi İmam Həsənin (ə) mövludunun il dönümü münasibətilə məclis keçirilmişdir. Məclisdə çoxlu sayda möminlər və şəxsiyyətlər iştirak etmişdirlər. Həmçinin məclisdə Moskva şəhərində yerləşən Rusiya Federasiyası və Belarusiya respublikası üzrə İraq səfirliyindən möhtərəm Doktor Heydər Əzarinin rəhbərliyi ilə nümayəndə heyəti də  iştirak etmişdir. 
Nümayəndə heyətinə mədəniyyət məsələləri üzrə müavin, iqtisadi məsələlər üzrə köməkçi, mühasibat məsələlərinin müdiri kimi səfirliyin simaları qatılmışdır. Məclis Qurani-kərim tilavəti ilə başladı. Sonra Şeyx Asif Bağırov qeyd olunan münasibətlə dəyərli çıxış etdi. Onun ardınca möhtərəm Seyid Sistani  cənablarının Rusiya və Azərbaycan üzrə nümayəndəsi Şeyx Məhəmməd Əli Mosuli çıxış etdi. O, İmam Həsənin (ə) xüsusiyyətləri, əxlaqi dəyərləri, alicənablığı və səxavəti barədə söhbət etdi. Daha sonra Moskvadakı İraq səfiri tarixdə və bəşəriyyətin zehnində iz salmış, müsəlmanların qanının tökülməsinin qarşısını almış və bütün bəşəriyyəti getdiyi haqq yola dəvət etmiş bu əzəmətli şəxsiyyət barədə danışmışdır. Həmçinin Moskva Əhli-beyt (ə) cəmiyyətinin sədri Hacı Nizami Balaoğlanov da çıxış etmiş, bu kimi məclislərin və tədbirlərin keçirilməsinə dəstək olduğu üçün möhtərəm Seyid Sistani cənablarına təşəkkür bildirmişdir. Sonda bütün iştirakçılar birlikdə iftar etmişlər. 
Aləmlərin Rəbbi olan Allaha həmd olsun.