İraqdakı dini mərcəiyyət islahatlar prossesini sürətləndirməyə çağırdı

İraqdakı dini mərcəiyyət Baş Nazir Heydər əl-İbadi hökümətinin aşağı səviyyəli xidmətlər və korrupsiya əleyhinə keçirilən nümayişlərdən bir neçə həftə sonra başlatdığı islahatlar prossesini sürətləndirməyə çağırdı.

Mərcəiyyət nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi Kərbəla şəhərində qılınan “Cümə” namazının xütbəsində deyib: “Biz ümid edirik ki, islahatlar prossesi sürətlə başa çatacaq və müxtəlif aidiyyatı orqanlar, bütün işlərin əsası olan xalqın razılığını təmin etmək üçün əllərindən gələni əsirgəməyək.”

O, qeyd edib ki, dəyişikliyin özü yox, daha yaxşıya doğru dəyişiklik tələb olunur. Bu da yalnız istənilən dəyişiklik prossesində peşəkar qaydalara riayət etməklə, partiya, milli, regional və tayfa ayrıseçkiliyindən uzaq olmaqla baş verə bilər.

Şeyx Kərbəlayi sözünə davam edərək deyib: “Həqiqətən də, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurların əmək haqlarının azaldılması barədə qəbul etdiyi qərar, islahatlara doğru atılan ən doğru addımdır.”

O, dövlət qulluqçuları ilə cüzi əmək haqqı alıb minimum yaşayış vəziyyətini təmin edə bilməyən şəxslər arasında məntiqsiz fərqi ləğv edərək ədaləti bərpa etmək məqsədilə “dövlət qulluqçularının tutduqları vəzifənin təsnifatına uyğun əmək haqlarının tənzimlənməsi” haqda qərarın qəbul olunmasının vacibliyini vurğulayıb.

Şeyx Kərbəlayi belə hesab edir ki, məmurların işinin qiymətləndirilməsi və iş bacarmayanların başqaları ilə əvəz olunması, islahata doğru atılan əsas addımlardan biridir.  Onları (iş bacaranları) seçmək, bacarıq və xalqın maraqlarını qorumaq prinsipinə əsaslanmalıdır.

O, yeni kadrların seçilməsi prossesində fərq qoyma və qeyri-obyektivlik olmasın deyə, mütəxəssislərə üstünlük verilməsinə çağırış edib.