Seyid Sistani cənablarının dəftərxanası Frans-Press-in ünvanladığı sualları cavablandırdı

Frans-Press Ağentliyi

Bağdad, İraq — Baş ofis

Nömrə: 500

Tarix: 17/8/2015

Möhtərəm ali dini mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaniyə

Frans-Press Agentliyi Sizə ən xoş diləklərini arzulayır və cənabınızın dəftərxanası və ya verdiyiniz səlahiyyəti ləyaqətlə yerinə yetirən şəxs vasitəçiliyi ilə aşağıdakı sualları sizə təqdim etmək istəyir. Suallar agentliyin İraq hökumətinin təsbit etdiyi reformadan saydığı hesabat və habelə, korrupsiyaya qarşı mübarizənin zəruriliyini gücləndirmədə, dövlət müəssisələrinin inkişafında və kommunal xidmətlərdə ali mərcəiyyətin rolu haqdadır.

1. Hal-hazırda möhtərəm Seyidi reformaya aşkar və qətiyyətli şəkildə səsləməyə sövq edən səbəblər hansılardır?
2. Bu problemlərlə bağlı möhtərəm Seyid ilə cənab Baş Nazir arasında biraşa əlaqə vardırmı?
3. Möhtərəm Seyidin reformaya çağırış və bu məsələyə ötən mərhələlərdə özünün dönə-dönə səsləməsinə baxmayaraq siyasətçilərin isə cavab vermədiklərini tənqid etməsi vasitəsilə çatdırmaq istədiyi mesaj nədir?
4. Möhtərəm Seyid belə hesab edirmi ki, onun korrupsiyaya qarşı mübarizə və dövlət müəssisələrinin reformasına çağırışı, əhəmiyyət etibarilə, özünün 2014-cü ilin iyununda İraq xalqını “İŞİD” qruplaşması ilə vuruşa səsləməsi ilə eynidir?
5. Sizcə, İraqın korrupsiyanın bu mərhələsinə çatmasının, eləcə də, dövlət müəssisələrinin və kommunal xidmətlərin səviyyəsinin süstlüyünün səbəbləri nədir və məsuliyyəti kim daşıyır?

İstəyimizə cavab verməyinizi ümid edərək xoş münasibətinizə görə dərin ehtiram və dəyərlə təşəkkürümüzü bildiririk.

Vilyam Danlop

Ofis müdiri yardımçısı

Frans-Press Agentliyi – Bağdad

 

Rəhimli və mərhəmətli Allahın adı ilə

1. Həqiqətən də, ali dini mərcəiyyət, çoxdandır ki, korrupsiya ilə mübarizəyə, hökumət müəssisələrinin reformasına və kommunal xidmətlərin yaxşılıaşdırılmasına səsləyir və bir neçə dəfə də bu işdə ertələmənin pis nəticələrindən çəkindirmişdir. 2011-ci ilin fevral ayında mərcəiyyətin qərargahından sadir olan bəyannamədə qeyd olunanlar buna misaldır. Orada deyilir: “Həqiqətən də, xalqın qanuni tələblərini həyata keçirməkdən ötrü çalışmağın zəruriliyini məsul şəxslərə bildirməkdə olan dini mərcəiyyət dövlət idarəçiliyindəki hazırkı metodun davam etməsinin pis aqibətindən və törəyəcək fəsadlardan xəbərdarlıq edir. Bu fəsadların törəmə səbəbi də vətəndaşların uzun müddət səbr etdikləri problemlərin köklü həllinin tapılmasındakı yubanmadır.”

Son həftələrdə çox sayda iraqlı səbrləri tükənərək ölkədəki vəziyyətin pis olmasına etiraz edib reformalar tələb etdiklərində dini mərcəiyyət korrupsiyaya qarşı mübarizə və ictimai ədalətin həyata keçməsi yolunda ciddi və tədqiq olunmuş addım atılması üçün güclü şəkildə hərəkət etmə zamanın, artıq, yetişdiyini görmüşdür. Mərcəiyyət hesab etmişdir ki, bunun həyata keçməsi ölkədəki birinci icra edici şəxs olan cənab Nazirlər Kabinetinin sədri başda olmaqla məsul şəxslərə təkid etmək yolu ilə olacaqdır.

2. Ali dini mərcəiyyətin metodu reforma əməliyyatının təfsilatına varmamaq, tövsiyə və istiqamətləndirmə üçün özünün ümumi göstərişlərini bəyan etməklə kifayətlənməkdir. Neçə ki, müqəddəs Kərbəladakı cümə xütbələrində mərcəiyyətin nümayəndələrinin dilindən söylənmişdir: “O (mərcəiyyət), məsul şəxslərin bu çətin vəzifəni yerinə yetirməkdə uğur qazanacaqlarına və İraq xalqı üçün qənaətbəxş olacaq cürətli qərarlar qəbul edəcəklərinə ümid edir. O anda da mərcəiyyət hakimiyyəti tam şəkildə dəstəkləyəcəkdir.”
3. Məlumdur ki, ali dini mərcəiyyət erkən vaxtlardan — ötən quruluşun çökməsindən sonra — İraq xalqını parlamentə öz nümayəndələrini seçə bilmələri üçün ümumi seçkilərin keçirilməsinə və sonra da milli hökumətin qurulmasına çağırmışdır. Bu hökumət əmin-amanlıq və xidmətlərin təmin olunmasında və eləcə də, ölkəni tərəqqi və irəliləyişə doğru aparmasında vəzifələrini yerinə yetirəcəkdi. Mərcəiyyət seçki qutuları vasitəsilə hakimiyyətə yetişən siyasi təbəqənin ölkəni, böyük problemlər baş verməyəcək, doğru şəkildə idarə etməsinə ümid bəsləyirdi. Belə ki, bu problemlərin həlli və ya aqıbətlərinin yüngül olması üçün mərcəiyyət müdaxilə etməyə məcbur olmayacaqdı. Lakin çox təəssüflər olsun ki, hadisələrin gedişatı bundan fərqli oldu. Pis idarəçilik və buna əlavə olaraq da digər daxili və xarici amillər ölkəni böyük təhlükədən xəbər verən bu ikrah doğurucu vəziyyətə gətirib çıxardı.

Mərcəiyyət 2006-cı ilin aprel ayında dəftərxanasından sadir olan bəyanatda bildirmişdir:

“O (mərcəiyyət), İraq xalqının ümumi mənafeyinə toxunan heç bir kəsə güzəşt etmir;

O, zərurət tələb edərsə, hər dəfə hökumətin öz vəzifələrini yerinə yetirməkdə yol verdiyi gizli nöqsanlarını göstərəcək;

Onun səsi mənsubiyyətləri, tayfa və irqləri arasında heç bir fərq qoymadan və harada olmalarına baxmayaraq bu xalqın zülmə və məhrumiyyətə məruz qalan övladları ilə olacaqdır.

Bu günkü günlərdə də dini mərcəiyyətin reforma addımlarının və eləcə də, ictimai ədalətin həyata keçirilməsinin tezləşdirilməsinin zəruriliyini təsdiqləməsi bu mənbədən qaynaqlanır.”

4. Təsdiq olmuşdur ki, əgər müxtəlif dövlət müəssisələrində, xüsusilə də, təhlükəsizlik orqanlarında güclü korrupsiya olmasaydı və əmr sahibləri hakimiyyətdən sui-istifadə etməsəydilər, nə terrorçu “İŞİD” qruplaşması İraq ərazilərindən böyük bir hissəni ələ keçirə bilərdi, nə də ki, torpağı, şərəfi və müqəddəsləri müdafiə etmək üçün ali mərcəiyyətin iraqlıları silahlı qüvvələrə qoşulmağa səsləməsinə ehtiyac olardı.

Bu gün, əgər, korrupsiyaya qarşı mübarizənin köməkliyi ilə həqiqi reforma və ictimai ədalətin müxtəlif yönlərdə icrası barışıqsız həyata keçməsə, vəziyyətin öncəkindən daha çox pisləşməsi gözlənilir. Ola da bilsin ki, vəziyyət vətənini sevən hər hansı bir iraqlının arzulamadığı parçalanmaqla və buna bənzər hallarla nəticələnsin — Allah eləməsin!

Bunda da ali dini mərcəiyyətin təsdiqlədiyi reforma üçün tələsməyə çağırışının böyük əhəmiyyəti gizlənir.

5. Şübhə yoxdur ki, vəziyyətin bu yerə çatmasındakı ən böyük məsuliyyəti ölkəni ötən illər boyu idarə etmiş siyasətçilər daşıyır. Həqiqətən də, onların əksəriyyəti İraq xalqının ümumi mənafeyinə maraq göstərməmiş, əksinə öz şəxsi, sinfi, qəbilə və irqi mənafelərini güdmüşlər. Onlar həm mövqeləri, həm də hökumət mənsəblərini bacarığa, dürüstlüyə və ədalətə görə deyil, elə o mənafelərə görə də bölüşdürmüşlər. Onlar korrupsiya ilə məşğul olmuş və onun hökumət müəssisələrində geniş şəkildə yayılmasına yol vermişlər. Ölkənin idarəçiliyində düzgün planın olmamasına və digər səbəblərə əlavə olaraq bütün bunlar bu gün gördüyümüz pis iqtisadi vəziyyətə və kommunal xidmətlərin aşağı səviyyədə olmasına gətirib çıxarmışdır.

4.11.1436-cı ilə təsadüf edən

20.08.2015

Seyid Sistaninin (kölgəsi üstümüzdən əskik olmasın!) dəftərxanası