Həyatı

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının həyatına qısa bir baxış

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani hicri qəməri tarixi ilə 1349 (1928)-cu ildə İmam Rza(ə)-ın şəhəri olan Xorasanda elm, təqva və zahidliyilə bölgənin seçilən ailələrindən birində dünyaya gəlmişdir. 

Ayətullah Sistani ərəb dili və ədəbiyyatını Xorasan vilayətinin o dövrdə yaşamış məşhur ədiblərindən sayılan ustad Məhəmməd Təqi Neyşapurinin sinfində öyrənmişdir. O, burada “Usuli-fiqh” və əqli elmlərə də mükəmməl yiyələndikdən sonra Xorasanda “Üsul” və “Fiqh” elmlərinin ən yüksək mərhələsini tədris edən mühəqqiq Mirzə Mehdi İsfahaninin dərsində iştirak edir.

Təhsilini daha da təkmilləşdirmək məqsədilə h.q. tarixilə 1368 (1947)-ci ildə Qum şəhərinə gəlir. Bu zaman Qum şəhərində “Usul” və “Fiqh” dərslərini ən yüksək səviyyədə tədris edən zəmanəsinin ən tanınmış təqlid müctehidi Ayətullah-Uzma Seyid Bürucerdinin dərslərindən faydalanır və ustadının qabaqcıl tələbələrindən birinə çevrilir. Seyid Sistani Qum şəhərində Ayətullah-Uzma Hüccətin də dərslərində iştirak edib yetərincə faydalanır. Nəhayət, o, 1371 (1958)-ci ildə şiə məzhəbinin ən böyük elm mərkəzi olan Nəcəf şəhərindəki görkəmli və məşhur alimlərindən faydalanmaq, həm də imam Əli(ə)-ın mənəvi feyzindən bəhrələnmək üçün bu şəhərə köçür. O zaman bu elm mərkəzi özünün ən parlaq inkşaf dövrünü yaşayırdı. Ayətullah Sistani on ildənçox bir dövrdə Nəcəf Elm Hövzəsinin rəhbəri və fəqihlər ustadı Ayətullah-Uzma Seyid Əbulqasim Xoyi, Ayətullah-Uzma Seyid Möhsin Həkim və Ayətullah Şeyx Hüseyn Hillinin dərslərinə qatılır. Ayətullah Sistani elmi-dini mətnləri uzun illər tədris etdikdən sonra h.q. tarixi ilə 1381 (1968)-ci ildə şiə aləminin böyük fiqh alimi Şeyx Murtəza Ənsarinin “Məkasib” kitabını əsas götürərək fiqhin yüksək səviyyəli dərslərini tədris etməyə başlayır və həmin dərsləri Seyid Kazim Təbatəbainin “Urvətul-vusqa” adlı əsərilə davam etdirir. 

Ustad indiyədək “Təharət”, “Namaz” və “Xüms” kitablarını sona çatdırmışdır. O, 1384 (1971)-cü ildən etibarən “Usul” elminin yüksək səviyyədə tədrisinə başlamış və 1414 (2001)-cü ilədək bu elmin tədrisini üç dəfə tamamlayaraq təkmilləşdirmişdir. Ustad hələ 31 yaşında ikən Ayətullah-Uzma Seyid Xoyi və Ayətullah Şeyx Hüseyn Hillidən ictihad təsdiqnaməsini almışdır. Hal-hazırda Ayətullah-Uzma Seyid Əli Sistaninin dünyanın müxtəlif ölkələrində dəftərxanaları fəaliyyət göstərir. Həmin dəftərxanaların fəaliyyəti təkcə imkansız müsəlmanlara maddi yardım göstərməklə məhdudlaşmır. Əksinə, İslamın elmi-mədəni irsinin qorunub saxlanmasını həmin dəftərxanaların əsas fəaliyyət sahəsi hesab etmək olar. Buna misal olaraq mötəbər dini ədəbiyyatların dünyanın müxtəlif dillərində tərcümə və tədris olunmasını, həmçinin məscid və hüseyniyyələr kimi mədəniyyət abidələrinin təmir və inşasını qeyd etmək olar. Ustadın 1996-2001-ci illər ərzində Hüccətül-İslam Şeyx Məhəmməd Əli Mosulinin rəhbərliyi ilə Azərbaycanda da dəftərxanası fəaliyyət göstərmişdir. 2001-ci ildən etibarən fəaliyyət sahəsinin genişlənməsi ilə əlaqdədar olaraq dəftərxana Bakıdan Rusiyanın paytaxtı Moskva şəhərinə köçmüşdür. Hüccətül-İslam Şeyx Məhəmməd Əli Mosuli Ustadın tam səlahiyyətli vəkili olaraq həm Azərbaycanda, həm də Rusiya Federasiyasında dini mərasimlərin təşkil olunması və mötəbər İslami mətnlərin azərbaycan və rus dillərinə tərcümə olunaraq müsəlmanların istifadəsinə verilməsində yardımçı olmuşdur. O, hal-hazırda da Ustadın Rusiya Federasiyası, Azərbaycan, Çin, Ukrayna, Belarusiya və Gürcüstan üzrə tam səlahiyyətli vəkili olaraq fəaliyyət göstərməkdədir.
Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani elmi tədqiqatları ilə digər görkəmli fəqihlər kimi İslam aləminə dəyərli elmi əsərlər bəxş etmişdir. Həmin əsərlər bunlardır; “Şərhi Urvətul-vusqa”, “Əl-buhusul-usuliyyə”, “Kitabul-qəza”, “Kitabul-bey-i vəl-xiyarat”, “Risalətun fi libasil-məşkuki fihi”, “Risalətun fi qaidətil-yəd”, “Risalətun fi salatil-musafir”, “Risalətun fi qaidətit-tucarə vəl-fəraq”, “Risalətun fil-qiblə”, “Risalətun fit-təqiyyə”, “Risalətun fi qaidətil-ilzam”, “Risalətun fil-ictihadi vət-təqlid”, “Risalətun fi qaidəti la darara və və la dirar”, “Risalətun fir-riya”, “Risalətun fi hucciyyəti mərasili İbni Əbu Umeyr”, “Risalətun fi təhsilil-əsanid lil-Ərdəbili”, “Şərhu məşixətit-təhzib”, “Risalətun fi məsalikil-qudəma fi hucciyyətil-əxbar”, “Risalətun fi qaidətil-qura”, “Risalətun fi siyanətil-kitabil-əzizi ənit-təhrif”, “Risalətun fi tarixi tədvinil-hədisi fil-İslam”, “Risalətun fi təhqiqi nisbəti kitabul-iləli Fəzl ibni Şazan”, “Əl-fəvaiudul-ğərəviyyə”, “Əl-fəvaidul-fiqhiyyə”, “Şərhu məşixətil-fəqih”, “Risalətun fi hukmi ma iza iztələfəl-muctə-hidanil-mutəsaviyani fil-fətva”, “Tə-liqətun ələl-urvətil-vusqa”, “Risalətun fi ixtilafil-afaqi fi ruyətil-hilal”, “Məsailul-muntəxəbə”, “Minhacus-salihin” və “Tovzihul-məsail”.