Can verən şəxsin hökmləri

Sual: Can verən şəxsin hökmləri hansılardır?

Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü qibləyə oturardı. Can verən şəxsin, - əgər özü edə bilirsə, bunu etməsi müstəhəb ehtiyatdır. Can verən şəxsi qəyyumdan qeyrisinin üzü qibləyə çevirməsi məsələsində qəyyumun icazəsi şərt deyil. Bu hökm, can verən şəxsin özünün buna razı olduğu və qəyyumdan qeyrisinin səhlənkarlıq etməməsi bilindiyi hala aiddir. Əks təqdirdə, ehtiyata əsasən, qəyyumdan icazə alınmalıdır.

Alimlər (Allah onlardan razı olsun!) qeyd ediblər ki, can verən şəxsi, çətin can verdiyi təqdirdə, əgər ona əziyyət deyilsə, namaz qıldığı yerə aparmaq müstəhəbdir. Həmçinin can verən şəxsə “kəlmeyi-şəhadəti”, həzrət Məhəmmədin (s) peyğəmbərliyini, məsum imamların (ə) imamlığını və digər haqq olan inancları etiraf etməyi, “Fərəc” kəlmələrini oxumağı təlqin etmək müstəhəbdir. Can verən şəxsin yanında cənabət və heyz halında dayanmaq, eyni zamanda ruhu bədənindən ayrılarkən ona toxunmaq məkruhdur və hətta, bu iş ehtiyata əsasən, tərk edilməlidir. Can verən şəxs vəfat etdikdən sonra onun gözlərini, ağzını və çənəsini bağlamaq, ayaqlarını və əllərini yanına uzatmaq, üzərini parça ilə örtmək, yanında Quran tilavət etmək, mövcud olduğu evdə işıq yandırmaq, cənazəsində iştirak etmək üçün möminləri xəbərdar etmək və təchizi (qüsl, kəfən edilməsi) üçün tələsmək müstəhəbdir. Amma vəfat edib-etmədiyində şəkk etsələr, ölməsi dəqiqləşənə qədər gözləməlidirlər. Vəfat etmiş şəxsin qarnının üzərinə dəmir və bu kimi ağır əşyalar qoymaq və həmçinin onu (mövcud olduğu otaqda) tək qoymaq məkruhdur.

Sual: Can üstə olan xəstə şəxsin sağalması ehtimalı zəif olsa, bu halda həkimin vəzifəsi nədir; xəstəni üzü qibləyə çevirməlidir, yoxsa ona təcili yardım göstərməlidir?

Cavab: Təcili yardım göstərməsi vacibdir.

Sual: “Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir”- cümləsində “...onun hökmündə”- dedikdə, kim nəzərdə tutulur?

Cavab: Mömin insandan doğulmuş və həddi büluğa çatmamış şəxs nəzərdə tutulur.

Sual: Can verən şəxsi üzü qibləyə necə çevirməliyik?

Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü qibləyə oturardı. Can verən şəxsə “kəlmeyi-şəhadəti”, həzrət Məhəmmədin (s) peyğəmbərliyini, məsum imamların (ə) imamlığını və digər haqq olan inancları etiraf etməyi, “Fərəc” kəlmələrini oxumağı təlqin etmək müstəhəbdir.