Nikahın haram olma səbəbləri

Sual: Mən evli bir qadınam. Zina etmişdim. Sonra ərimdən boşandım və iddə müddəti tamam olduğunda zina etdiyim kişi ilə evləndim. Lakin sonradan ona əbədi haram olduğumu bildim. Bir neçə sualım var:

1. Burada hökm nikahın pozulması və ya talaq verilməsidir, yoxsa burada başqa bir hökm də var?

2. Əgər hazırkı ərim şəriət hökmünə əsasən ayrılmağımızı qəbul etməsə mənim şəri vəzifəm nədir?

3. Əgər zina baş verməsini inkar edərsə, bu halda onu ayrılmağa necə məcbur etmək olar?

Cavab:

1. Zina etmiş ərli qadının onunla zina etmiş kişiyə əbədi haram olması bizim nəzərimizdə ehtiyata əsaslanır. Əgər bu məsələdə ələmliyi qorumaq şərtilə başqa fəqihə müraciət olunarsa və həmin fəqih onların haram olmasına fətva verərsə, talağa ehtiyac olmadan bir-birindən ayrılmaları vacibdir. Əgər bir-birinə haram olmamalarına fətva verərsə, nikah əqdi düzgündür. Əgər başqa fəqihə müraciət edilməsə, ayrılmaqla yanaşı talaq verilməsilə ehtiyata əməl etmək vacibdir.

2. Əgər əbədi haram fətvası verən fəqihə müraciət etsəniz və ya ehtiyata əməl etmək istəsəniz mümkün ola biləcək hər-hansı bir yolla ər-arvad münasibətindən imtina etməniz vacibdir.

3. Əgər zina baş verdiyini inkar edərsə, zinaya şahid olmayacağı halda onu nikah müqaviləsinin batil  olmasına  və ehtiyata əməl etməyin vacibliyinə məcbur etmək mümkün deyil. Buna baxmayaraq sənin qeyd edilən şəri vəzifən hökmdən düşməz.

Sual: Ata anası olan nənə əgər nəvəsinə (yəni oğlunun övladına) süd verərsə, həmin nəvəyə əmisi qızları haram olurmu?

Cavab: Bəli, haramdır. Çünki onlar artıq onun süd qardaşlarının övladları sayılır.

Sual: Ananın anası olan nənə qızının oğluna süd verərsə, süd əmən uşağa xalası qızları ilə evlənmək haram olurmu? Bu uşaq nənənin nəvəsi sayılırmı?

Cavab: Onlarla evlənmək haramdır. Çünki onlar artıq onun süd bacısının qızlarıdır. Buna baxmayaraq o, nənə üçün nəvədir.

Sual: Əgər ata və ya oğul bir qadınla zina edərlərsə, həmin qadın digərinə haram olurmu?

Cavab: Haram olmur. Baxmayaraq ki, ehtiyata əməl etmək daha yaxşıdır. 

Sual: Əmi və ya dayı, ərindən boşandıqdan və ya vəfat etdikdən, həmçinin iddəsi tamamlandıqdan sonra başqa bir maneə olmasa, bacısı oğlunun zövcəsi ilə evlənə bilərmi? 

Cavab: İcazəlidir.

Sual: Kitab əhlindən olan iki kafir bacını müvəqqəti və ya daimi nikahla bir yerdə almaq olarmı? Belə olarsa onlar (kişi və qadın), bir-birinə haram olurmu?

Cavab: İki bacını bir yerdə almaq mütləq surətdə icazəli deyil. Həmçinin kitab əhlindən olmayan digər kafir qadınlarla evlənmək icazəli deyil. İki bacı ilə nikah müqaviləsi bağlamaq əbədi harama səbəb olmaz.

Sual: Əgər ər oğlan uşağının onun olmasını inkar etmək üçün arvadı ilə “lian” (lian – lənət etmək anlamındadır. Ər arvadını zinada ittiham edərsə və iddiasının təsdiqi üçün şahid  gətirə bilmirsə hər iki tərəf Allaha and içərək doğru olduğunu isbat edir. Bundan sonra həmin kişi ilə qadın bir-birinə əbədi haram olurlar) edərsə, həmin uşağın, kişinin bacısı ilə evlənməsi icazəlidirmi?

Cavab: Əgər övlad “lian”edən kişinin həqiqətən onun atası olduğunu  və atasının onu inkar etməkdə yalan danışdığını düşünürsə, həmin kişinin bacısı ilə evlənməsi icazəli deyil. Çünki bu halda onu bibisi hesab edir. Amma digər hallarda isə şəriətin zahirinə əsasən, qohumluq əlaqəsi inkar olunduğu üçün bunun maneəsi yoxdur.

Sual: Əgər bir qadın bacısı oğlu və qardaşı qızına bütün şərtlər tamam olan surətdə süd verərsə, ondan süd əmən bacısı oğlu ilə qardaşı qızını bir-biri ilə evləndirmək haramdırmı?

Cavab: Əgər qadının bir əri olduğu halda süd veribsə haramdır.

Sual: Ərli qadınla şübhəli yaxınlıq əbədi harama səbəb olurmu? Hansı halda şübhəli yaxınlıq əbədi harama səbəb olur?

Cavab: İstər ərli, istərsə də ərsiz qadınla olan şübhə yaxınlığı kişi ilə qadını bir-birinə haram etməz.

Sual: Evlənməyin haram olmasına səbəb olan südvermədə sümüyün möhkəmlənməsi və ətə-cana gəlməsi şərtini necə bilmək olar? Əgər uşaq süd verən qadından və anasından uzun müddət süd əmibsə, məsələn, 7 və ya 8 dəfə süd verən qadından və uzun müddət anasından, yaxud bir neçə dəfə süd verən qadından süd əmib və qalan müddət qida qəbul edərsə, həmin şərtin baş verməsini necə təyin edə bilərik?

Cavab: Əgər ətə-cana gəlmək və sümüyün möhkəmlənməsi süd əmməyə və qidaya, yaxud iki qadından süd əmməyə istinad edilərsə, evliliyin haram olmasına səbəb  olmaz. Amma ətə-cana gəlmə və sümüyün möhkəmliyi hər iki səbəbə ayrılıqda müəyyən dərəcədə istinad edilərsə, harama səbəb olar.

Sual: Müsəlman bir qadının kitab əhlindən olan bir kişi ilə kilsədə xristian dini inanclarına uyğun olaraq nikaha daxil olub ona ərə getməsi barədə hörmətli Seyidin rəyi nədir? Hamin qadının mürtəd olmasına hökm verilirmi? Onları bir-birindən ayırmaq mümkündürmü? Onun mehriyə haqqı varmı?

Cavab: Müsəlman qadının qeyri-müsəlman ilə nikahı, şübhəsiz ki, batildir. Lakin buna görə qadının mürtəd olmasına hökm verilməz. Aralarında yaxınlıq olmayıbsa, qadının mütləq surətdə mehriyə haqqı yoxdur. Əgər hökmü bildiyi və ya hökm barəsində tərəddüd etdiy halda yaxınlıq baş verərsə, həmçinin hökm eynidir. Amma hökmü bilmirdisə və bu evliliyin düzgün olmasına əmin idisə, aralarında baş vermiş yaxınlıq şübhəli yaxınlığıdır və qadının mehriyəyə haqqı çatır.

Əgər qadının qeyri-müsəlmanla evliliyi qəbul etməsi onun bu zəruri hökmü inkar etməsindən qaynaqlanırsa, belə ki, bu hökmü Allah-təala tərəfindən çatdırmaqda həzrət Peyğəmbəri (s) təkzib etməsindən irəli gəlirsə o, mürtəddir. Onun barəsində həbs və ya digər məlum olan icraatlar yerinə yetirilməlidir. Lakin mürtədlikdən dönmədiyi halda onun nikahının batil olmasına hökm verilməz (çünki artıq qeyri-müsəlmandır. Red:) və onun (nikah müqaviləsində) qeyd olunan mehriyəyə haqqı çatır. 

Sual: Əgər bir qız və bir oğlan eyni qadından bütün şərtlər ehtiva olunduğu surətdə süd əmərsə süd əmən oğlanın qardaşının süd əmən qızla evlənməsi icazəlidirmi?

Cavab: Əgər süd verən qadın oğlanın (qardaşının) anası olarsa, icazəli deyil. Əks təqdirdə isə, icazəlidir. 

Sual: Bir qadın rəsmi surətdə boşandıqdan sonra ikinci dəfə ərə getmişdir. Bir müddət sonra isə şəriət baxımından da talağın verilməsinin vacib və ikinci evliliyi şübhəli evlilik olduğunu bilmişdir.  Birinci kişidən talağı verilmədən əvvəl ikinci kişidən boşanaraq talaq iddəsi gözləməsi sonra birinci kişidən talağı verildikdən sonra yenə iddə gözləməsi vacibdirmi?

Cavab: Bəli, vacib ehtiyata əsasən, belə etməlidir. Çünki ikinci kişi onun ərli qadın olduğunu bilmədən onunla evlənmiş və onunla yaxınlıq etmişdir. Ehtiyata əsasən, bu qadın həmin kişiyə əbədi haramdır.  

Sual: Bir kişi vəfat iddəsində olan qadınla evlənərsə həmin qadın ona əbədi haram olurmu? Ondan ayrılması vacibdirmi? Qadının öhdəsində vacib olan vəzifə nədir?

Cavab: Əgər iddə müddəti ərzində onunla evlənməyin haram olduğunu bilərək evlənmişsə, həmin qadın əbədi olaraq ona haramdır. Həmçinin qadın da məsələni əvvəlcədən bilirdisə, hökm eynidir. Əgər  hər ikisi evlənməyin haram olduğunu bilmədiyi halda evlənərsə nikah müqaviləsi  batildir. Əgər iddə müddəti ərzində kişi onunla yaxınlıq edərsə, qadın ona əbədi olaraq haramdır. Əks təqdirdə (yəni yaxınlıq olmayıbsa), iddə müddəti tamamlandıqdan sonra yenidən evlənmələri icazəlidir. 

Sual: Əgər bir insan  evləndikdən sonra – istər həyat yoldaşı ilə yaxınlıq etdikdən əvvəl, istərsə də sonra – zövcəsinin bacısı ilə – Allah-təalaya sığınırıq – zina edərsə,  zövcəsi ona haram olurmu?

Cavab: Zövcəsi ona haram olmur.

Sual: Bir şübhə yaxınlığı edən şəxs həmin qadın ərsiz olarsa, şübhə iddəsinin müddətində onunla evlənə bilərmi? Əgər icazəli olmadığı halda belə edibsə bu, əbədi haramlığa səbəb olurmu?

Cavab: Əgər şübhəli yaxınlıq edən qadın ərsizdirsə, həmin qadınla yaxınlıq edən şəxsin iddə müddətində onunla evlənməsi icazəlidir. Bunun üçün iddə müddətinin bitməsini gözləmək lazım deyil. Qadının iddə müddətində evlənməsinə maneəyə səbəb, onun iddə gözlədiyi halda başqa kişi ilə evlənməsidir. Başqa kişinin onun iddə müddətində olduğunu bilərək onunla evlənib yaxınlıq etməsi əbədi harama səbəb olar. Amma yaxınlıq etdiyi kişinin onun  iddəsində olan qadınla həmin kişinin evlənməsinin - əgər evlənmələrinə mane olacaq başqa səbəb olmadığı təqdirdə -  heç bir maneəsi yoxdur. 

Sual: Əgər bir qadın qızının ərinin hər hansı uşağına süd verərsə, qızı ərinə əbədi haram olar və nikah əqdi batildir. Belə etmək icazəlidirmi?

Cavab: Bilərəkdən etmək icazəli deyil.

Sual: (Üçüncü boşanmadan sonra ər-arvadın bir-birinə) haram olmasını aradan aparan ikinci nikahın şərtləri hansılardır?

Cavab: Əgər kişi arvadına iki dəfə qayıdış olmaqla və ya iki dəfə yenidən nikah müqaviləsi bağlamaqla, yaxud da bir qayıdış və bir yeni nikah olmaqla üç dəfə talaq verərsə, həmin qadın başqa kişi ilə nikaha girmədən əvvəl ona halal olmaz. İkinci nikahla haramçılığın aradan getməsində bir neçə şərt var:

Birinci: Nikah müqaviləsi müvəqqəti deyil, daimi olmalıdır.

İkinci: İkinci ərlə aralarında yaxınlıq olmalıdır.

Üçüncüsü: İkinci ər onunla yaxınlıq edərkən həddi-buluğa çatmış olmalıdır. Vacib ehtiyata əsasən, yeniyetmə olması yetərli deyil.

Dördüncü: İkinci ər ölümlə və ya talaqla onu tərk etmiş olmalıdır.

Beşinci: İkinci ərdən sonra iddə müddəti tamamlanmalıdır.

Sual: Əgər bir şəxs bir qadınla nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən talaq verərsə, həmin qadın  kişinin nəslindən olacaq kişilərə haramdırmı?

Cavab: Bəli, haramdır.