Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Səcdə surələri

Sual: Namazda səcdə surələrini oxumaq icazəlidirmi?

Cavab: Namazda səcdə surələrini oxumaq, icazəlidir. Əgər bir şəxs namazda səcdə surəsini oxuyub (səcdəsi vacib olan ayəyə) yetirşərsə, səcdə etməlidir. Səcdə etdiyi zaman, ehtiyata əsasən, namazı batil olar. Vacib namazın əsnasında səcdə ayəsini eşidərsə, ehtiyata əsasən, (namazı əsnasında başı ilə) səcdəyə işarə edibnamazı bitirdikdən sonra səcdə etməlidir. Onu dinləmədən eşitdiyi təqdirdə, (ona səcdə etmək) vacib olmaz. Lakin səcdə ayəsini oxuyan şəxsin arxasında namaz qılarsa, bu halda ona (imama) tabe olmaq məqsədilə səcdə etməsi vacibdir. Belə ki, imam səcdə etməsə belə, o, həm səcdə etməli, həm də başı ilə səcdəyə işarə etməlidir.

Sual: Quran oxuyarkən səcdəsi vacib olan ayələrə yetişib səcdə etdikdə hansı zikri demək lazımdır?

Cavab: Vacib deyil. Amma bu zikri demək müstəhəbdir: “La ilahə illəllahu həqqən həqqən, la ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən, səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən, la mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun zəifun xa-ifun mustəcir.”

Sual: Səcdəsi vacib olan ayələrə nəzər salaraq tələffüz etmədən oxuyan şəxsə, səcdə etməsi vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Maqnitafon və yaxud radiodan səcdə ayələrini dinləyən şəxsə, səcdə etməsi vacibdirmi?

Cavab: Vacib deyil. Amma radio vasitəsilə canlı yayımlanarsa, vacibdir.

Sual: Quran oxuyarkən bəzən səhifənin sağ, yaxud sol tərəfində “səcdə” sözünün yazıldığını görürük. Həmin səcdə necə icra olunur? Onu namazın səcdəsi kimi yerinə yetirmək lazımdır?

Cavab: Quran-kərimdə səcdəsi vacib, yaxud müstəhəb olan ayələr var. Həmin səcdənin yeri səhifədə ayənin qarşısında göstərilir. Səcdə ilə işarələnmiş ayə oxunduğu zaman həm onu oxuyan, həm də dinləyən şəxs səcdə etməlidir. Səcdəsi vacib olan ayələr dörd surədədir: 1) “Səcdə” surəsinin 15-ci ayəsi, 2) “Fussilət” surəsinin 37-ci ayəsi, 3) “Nəcm” surəsinin 62-ci ayəsi, 4) “Ələq” surəsinin 19-cu ayəsi.

Qeyd olunan surələrə “səcdə” surələri deyilir. Həmin surələrdə qeyd olunan səcdə ayələrini oxuyan və dinləyən şəxs, namazda etdiyi səcdə kimi səcdə etməlidir. Səcdədə isə bu zikri söyləməsi müstəhəbdir: “Bismillahi və billahi, səcədtu lillahi ya Rəbbi xaşi`ən, xazi`ən, zəlilən və səlli ələn-nəbiyyi (səlləllahu əleyhi və alihi).”

Sual: Maqnitofan vasitəsilə oxunan vacib səcdə ayəsini eşidərsək, səcdə etmək bizə vacib olurmu?

Cavab: Vacib olmaz.

Sual: Maqnitafon, yaxud radio və ya televizor vasitəsilə səcdə ayəsi eşidilərsə, səcdə etmək vacib olarmı?

Cavab: Canlı yayım olmadığı təqdirdə, vacib olmaz.

Sual: Quran oxunarkən səcdə ayəsi eşidilərsə, səcdədə nə deyilməlidir?

Cavab: Bu halda yalnız səcdə etmək yetərlidir. Səcdə ayəsində zikr demək müstəhəbdir. Qeyd olunan müstəhəb əməlin yerinə yetməsi üçün istənilən zikri söyləmək kifayətdir. Amma aşağıdakı zikri demək daha yaxşı olar: “La ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən, səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən, la mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun zəifun xa-ifun mustəcir.”

Sual: Mən səcdəsi vacib olan ayəni eşitdim, amma elə bir yerdə idim ki, səcdə edə bilmədim. Belə olan halda, evə gəldikdən sonra səcdə etməyim icazəlidirmi?

Cavab: Səcdəsi vacib olan ayələri oxuyan, yaxud onu birbaşa dinləyən şəxsə, səcdə etməsi vacibdir. Amma maqnitafondan və yaxud radioda canlı olmayan yayımdan eşidərsə, səcdə etməsi vacib olmaz. Səcdə ayəsini oxuduqda, yaxud eşitdikdə səcdəni dərhal icra etmək vacibdir və onu gecikdirmək icazəli deyil. Lakin dərhal səcdə etmək mümkün olmasa, onu işarə ilə icra edib, imkan olan zaman səcdə etməlidir.

Sual: Səcdəsi vacib olan ayəni oxusaq, yaxud dinləsək necə səcdə etməliyik? Həmin səcdəni icra edərkən paklıq (dəstəmazlı və yaxud qüsllü olmaq) və üzü qibləyə olmaq vacibdirmi?

Cavab: Ehtiyata əsasən, alnını üzərinə səcdə etməsi düzgün olan əşyanın üzərinə qoyarsa, kifayət edər. Həmin səcdəni icra edərkən paklıq, üzü qibləyə olmaq və hətta, zikr demək vacib deyil. Amma səcdədə bu zikri demək müstəhəbdir: “Bismillahi və billahi, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”

Sual: Əgər iş yerində Quran tilavət etdiyim zaman səcdə ayəsini də oxusam və həmin an səcdə edə bilməsəm belə, səcdə etmək vacib olurmu, yoxsa evə döndükdən sonra səcdənin qəzasını yerinə yetirə bilərəm? Səcdəyə yalnız (baş ilə) işarə etmək kifayət edərmi? Səcdəsi vacib olan ayələrin yer aldığı surələr hansılardır?

Cavab: Səcdə etməsi vacibdir. Əgər səcdəni icra edə bilməyəcəksə, ayəni oxumasın. Ayə oxunduğu təqdirdə, səcdəyə (baş ilə) işarə etmək, imkan olduqdan sonra isə səcdəni yerinə yetirmək vacibdir. Səcdəsi vacib olan ayələrin yer aldığı surələr bunlardır: “Səcdə”, “Fussilət”, “Nəcm” və “Ələq”.

Sual: Səcdəsi vacib olan surələr hansılardır? Həmin surələr nə üçün belə adlandırılıb və onların xüsusiyyətləri nədir?

Cavab: Səcdəsi vacib olan surələr bunlardır: “Səcdə”, “Fussilət”, “Nəcm” və “Ələq”. Onlarda səcdəsi vacib olar ayələr yer aldığı üçün onlara səcdə surələri deyilir. Qeyd olunan dörd surədəki səcdə ayələrini oxuyarkən, yaxud dinləyərkən səcdə etmək vacib olur. Öhdəsində heyz və yaxud cənabət qüslü olan şəxsin həmin dörd surənin səcdə ayələrini oxuması, icazəli deyil. Hətta bəzi fəqihlərin nəzərinə görə, öhdəsində qeyd olunan qüsllərdən biri olan şəxsin, səcdəsi vacib olan surədən bir ayə belə oxuması, icazəli deyil.

Sual: Cənabət halında olan şəxs, səcdə surəsini qəlb paklığı ilə oxuya bilərmi?

Cavab: İcazəli deyil.