Ər-arvad hüquqları

Sual: Ərin öz arvadı üzərində hansı haqları var? Arvadın öz ərinin üzərində nə kimi haqları var və ondan nə tələb edə bilər?

Cavab: Daimi kəbinlə ailə qurmuş qadın– ərinin haqqı tapdalanmasa belə – ərinin icazəsi olmadan evdən bayıra çıxa bilməz. Yalnız zərurət hallarında, habelə evdə qalmağın onun üçün çətinliyi olduğu zaman və ya ev onun üçün münasib olmayan hallarda icazəsiz evdən çıxa bilər. Qadın ərinin istədiyi hər vaxt onun haqqı sayılan cinsi ləzzətlər üçün özünü ona təslim etməlidir. Şəriət baxımından heç bir üzrü olmasa, onunla yaxınlıq etməkdən boyun qaçırmamalıdır. Qadını qida, libas və yaşayış yeri ilə təmin etmək, həmçinin onun ehtiyaclarını ödəmək ərə vacibdir. Onu təmin etməzsə – imkanı çatsa da, çatmasa da – xanımına borcludur.

Həmçinin qadının hüquqlarından biri də budur ki, kişi ona əziyyət verməsin, ona qarşı şəriət baxımından dəlil olmadan sərt davranmasın.

Əgər qadın əri ilə münasibətlərdə cinsi yaxınlıq baxımından vəzifəsinə əsla əməl etməzsə, onunla bir yerdə yaşasa da, yemək, libas və mənzil hüququ yoxdur. Əgər bəzən onun şəriətə uyğun cinsi istəklərindən boyun qaçırsa, ehtiyat vacibə əsasən nəfəqəsinin vacib olması (ehtiyaclarının təmin olunması) qüvvədən düşmür. Amma cinsi yaxınlıq istəklərini təmin etməsə də, mehriyənin hökmü aradan qalxmır.

Kişinin öz həyat yoldaşını ev işləri görməyə məcbur etməyə haqqı yoxdur. Məişətinin təmini ərinin öhdəsinə olan qadın ər onun ehtiyaclarını təmin etmədiyi təqdirdə, xərclərini ərin icazəsi olmadan onun malından (pulundan) götürə bilər. Əgər bu, mümkün olmasa, çarəsiz qalsa və şəriət hakiminə şikayət edə bilməsə, işləməklə öz ehtiyaclarını təmin etmək istəsə, ehtiyaclarını qazanan zaman ərinə itaət etməsi vacib deyil.