Oruc və xəstəlik

Sual: Mən xəstəyəm, oruc tutanda vəziyyətim ağırlaşır. Həkim də oruc tutmağıma icazə vermir. Amma oruc tutmaq istəyirəm. Bilmək istərdim ki, oruc tutsam orucum düzgündürmü?

Cavab: Xəstə insanın oruc tutmasının ona zərəri varsa (xəstəliyin çoxalmasına səbəb olarsa və yaxud müalicənin zamanını uzadarsa, yaxud da ağrını çoxaldarsa) oruc tutması düzgün deyil. Söz yox ki, onların hamısında ziyan o qədər olmalıdır ki, adətən ona dözmək olmur. Ziyanı olacağına əminliyinin ya da gümanının olmasının hökmdə heç bir fərqi yoxdur. Hətta ehtimal etsə belə hökm eynidir. (Söz yox ki, bu ehtimal qorxuya səbəb ola biləcək formada olmalıdır. Bu ziyan qorxusu da aqil insanların nəzərində qəbul edilən formada olmalıdır, misal üçün həkim rəyi ya təcrübə ya bu kimi yollarla) Xəstə sağalandan sonra həmin günün qəzasını tutmalıdır. Kəffarə ona vacib deyil. Əgər xəstəlik gələn ilin Ramazan ayına qədər davam etsə, qəza da boynundan götürülür. O, hər gün üçün 750 qram (yemək) çörək və ya makaron və ya buğda və bu kimi qidaları bir fəqirə (yoxsula) fidyə verməlidir.

Demək, nəinki xəstəliyin meydana çıxmasına yəqini olan şəxsin, hətta xəstəliyin meydana çıxacağından qorxuya düşən sağlam adamın da orucu səhih deyil. Amma oruc tutmağın ziyanı olmayan xəstə mütləq oruc tutmalıdır və orucu səhihdir.