Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Üzərində səcdə etmək düzgün olan əşyalar

Sual: Hansı əşyaların üzərində səcdə etmək olar?

Cavab: Yeyiləcək və geyiləcək şeylərdən başqa, yer və yerdə bitənlər, məsələn, ağac və ağac yarpağının üzərinə səcdə etmək icazəlidir. Arpa, buğda kimi yeyilən, pambıq kimi geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu kimi şeylərə səcdə düzgün deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın maye növüdür) kimi əşyaların üzərinə səcdə etmək, üzərində səcdə düzgün olmayan digər şeylərə nisbətdə daha üstündür.

Üzüm yarpağının üzərinə yumşaq (təzə) vaxtında və yeyilməsi mümkün olan vaxtda səcdə icazəli deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur.

Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən bitkilərin üzərinə səcdə düzgündür.

Yeməli olmayan güllərin üzərinə səcdə etmək düzgündür. Hətta yeməli dərmanların, yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili gülünün üzərinə səcdə düzgündür. Həmçinin qoz və püstənin ləpəsi çıxarıldıqdan sonra qabığının, xurma kimi meyvələrin ləti yeyildikdən sonra dənəsinin üzərində səcdə etmək düzgündür.

Bəzi məntəqələrdə yeyilməsi adət olunan, bəzi şəhərlərdə isə, yeyilən bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərində, həmçinin yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən icazəli deyildir.

Əhəng daşı və tabaşir üzərinə səcdə etmək düzgündür. Bişmiş təbaşirə, əhəngə, kərpicə və palçıqdan düzəlmiş kuzə üzərində səcdə etməyin eybi yoxdur.

Üzərində səcdə edilməsi düzgü olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olarsa da, hökm eynidir. Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olarsa, onun üzərində səcdə icazəli deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, onun üzərinə səcdə etməyin düzgün olan şeylərdən düzəldilmiş olduğu məlum olsun.

Yer üzərində səcdə etmək başqası üzərində səcdə etməkdən daha yaxşıdır. Torpaq üzərində səcdə etmək başqasına nisbətdə daha yaxşıdır. Hamısından daha yaxşısı isə Həzrət İmam Hüseynin (əleyhissəlam) türbətidir.

Heyvanların yediyi bitkilərin üzərində səcdə etməyin eybi yoxdur.