Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Dövlət əmlakı

Sual: Mən bu ölkənin (İraq nəzərdə tutulur) vətəndaşıyam. Ev tikmək üçün torpaq ərazim yoxdur. Ailə başçısıyam və hal hazırda ailəmlə birlikdə köhnə bir evdə məskunlaşmışam. (Ev tikmək üçün) dövlət mülkiyyətində olan boş bir ərazini mənimsəmişəm. Etdiyim bu işin hökmü nədir?

Cavab: Möhtərəm Seyid səlahiyyətli qurumların izni olmadan boş ərazilərin istismar olunmasına icazə vermir.

Sual: Ümumi idarələrdə şəxsi məqsədlər üçün kağız, kompyüter və internetdən istifadə etməyin hökmü nədir?

Cavab: Məsul şəxslərin izni olmadan icazəli deyil.

Sual: Rejim süqut etdiyi zamanlarda (söhbət İraq ölkəsindən gedir) zalımlardan birinin evindən qızıl zinət əşyaları götürdüm. Maddi vəziyyətim yaxşı olmadığı üçün həmin qızıl zinət əşyalarını məişət problemlərinin həll olunmasına sərf eltdim. Bunun hökmü nədir?

Cavab: Götürülən əmlak xüsusi mülkiyyət olarsa, sahibinə qaytarılması vacibdir. Əgər (götürülən əmlak) ümumi mülkiyyət olarsa, onu sədəqə olaraq verilməli və ya fəqir möminlərə sərf edilməlidir.

Sual: Möminlərdən biri hökümət idarəsində işləyirdi. Müharibə vaxtı idarənin bütün ləvazimatlarını öz evinə köçürdü. Vəziyyət düzəldikdən sonra idrəyə yeni ləvazimatlar alındı və köhnə ləvazimatların geri qaytarılması tələb olunmadı. Öhdəsində olan haqqın ödənilməsi üçün həmin əşyaları satıb məbləğini hər hansı bir hüseyniyyəyə verə bilərmi?

Cavab: İmkan daxilində həmin əşyaları idarəyə qaytarmalıdır. Bu əşyalardan istifadə etmək icazəli deyil. Əgər qaytara bilməsə, satıb məbləğini fəqir möminlərə paylamalıdır.

Sual: Dövlət idarələrinin əmlakından şəxsi məqsədlər üçün istifadə etmək icazəlidirmi?

Cavab: Dövlət əmlakından qanuna əsasən, həmin əmlakın məsuliyyətini daşıyan qurumların izni olmadan istifadə etmək icazəli deyil.

Sual: Dövlət idarəsindən bitki şitilləri və toxumları götürmək icazəlidirmi?

Cavab: Məsul şəxsin izni olmadan icazəli deyil.

Sual: Dövlət mülkiyyətində olan avtomobillərin sahiblərindən icarəyə götürülməsinin hökmü nədir? Halbuki onlara həmin avtomobilləri öz şəxsi məqsədləri üçün istifadə etməyə icazə verilmir. Hər iki tərəfə verilən pulun hökmü nədir?

Cavab: İcazəli deyil və (aldıqları) pullar onlara halal deyil.

Sual: İslam şəriəti ilə idarə olunmayan və xalqa haqqını verməyən dövlətlərin mülkiyyətini oğurlamağın hökmü nədir?

Cavab: İcazəli deyil.

Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) hal-hazırda sabiq respublika qvardiyasına məxsus olan binada yaşayan ailələr barədə rəyi nədir?

Cavab: Bu məsələdə məsuliyyət daşıyan qurumların izni olmadan icazəli deyil.

Sual: (Təhsil məqsədi ilə getdiyimiz) xəstəxanalardan icazəsiz götürdüyümüz və tədrislə heç bir əlaqəsi olmayan kağız salfetlər, əlcəklər və  ya (xəstələnərkən ehtiyacımız ola biləcək qoltuqağacı kimi) bahalı əşyaların hökmü nədir? Belə olan halda mən nə etməliyəm?

Cavab: Xəstəxananın məsul şəxslərinin və ya fakultə rəhbərinin izni olmasa, icazəli deyil. Həmin əşyaları imkan daxilində geri qaytarmaq vacibdir. Əks təqdirdə, satıb məbləğini fəqir möminə verməlisən.

Sual: Atam sabiq İraq ordusuna məxsus oğurlanmış bir avtomobil ilə bir milyon altı yüz min dinar ödəyərək satın alıb. Bu barədə rəyiniz nədir?

Cavab: İcazəli deyil. Oğurlanmış avtomobili məxsus olduğu quruma təhvil verməlidir.

Sual: İş yerlərinə məxsus telefon, çap aləti kimi cihazlardan zərurət olarsa istifadə etmək icazəlidirmi?

Cavab: Əmək müqaviləsinin şərtlərinə əməl edilməlidir. Əgər əmək müqaviləsində, ümumi istifadə etməmək şərti varsa, icazəli deyil.

Sual: Öhdəmdəki dövlət mülkiyyətinə aid olan cihazlardan, onlara zərər vermədən şəxsi məqsədlərim üçün istifadə edə bilərəmmi?

Cavab: İcazəli deyil.

Sual: Ümumi mülkiyyətdən hesab olunan telefon, kompyüter, internet və başqa cihazlardan şəxsi məqsədlər üçün istifadə etməyin hökmü nədir? Halbuki bu cihazlar işçinin vəzifəsini yerinə yetirməsi üçün nəzərdə tutulmuşdur.

Cavab: İcazəli deyil. Lakin məsul şəxsin icazəsi olarsa, heç bir maneəsi yoxdur.

Sual: Tikinti işləri ilə məşğul olan fəhlə iş yerinə gəldikə inşaat materiallarının dövlət mülkiyyətindən mənimsənildiyini bilərsə, orada işləməsi və muzd alması icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Bəzi insanlar qəsb etdiyi və ya qəsbkardan hədiyyə adı ilə aldıqları əmlakı satırlar. Həmin malın (satılan əmlakın pulunun) hökmü nədir?

Cavab: Həmin əmlakın dəyərini mömin fəqirlərə paylamalıdır.

Sual: Bəzi məscid axundları (söhbət İraq ölkəsindən gedir) onlara təhvil verilmiş dövlət əmlakı olan oğurluq malları satırlar və onlar elmi hovzə tərəfindən bu işi görmək üçün icazə aldıqlarını iddia edirlər. Seyid cənabları belə əşyaların satışına icazə veribmi?

Cavab: Seyid (kölgəsi əskik olmasın!) belə bir icazə verməmişdir. Əksinə, qorunması mümkün olan bu cür əmlakı qoruyub saxlamaq və münasib bir vaxtda səlahiyyətli orqanlara təhvil vermək vacibdir.

Sual: Bəzi insanlar dövlət mülkiyyətindən oğurlanmış elektirik genaratoru və avtomobil kimi əmlakları ümumi xidmətlərdə istifadə edirlər. Onların belə bir şəxsi təşəbbüslə hərəkət etmələri icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Sabiq rejim süqut etdikdən sonra yaranmış xaos nəticəsində bəzi insanlar dövlət sənədlərini, xüsusilə də, təhlükəsizlik orqanlarına məxsus sənədləri ələ keçirdilər. Həmin sənədlərdə insanlar, eləcə də ictimai mənafe haqqında doğru və ya yalan, çox sayda məlumatlar var. Bu şəxslər belə sənədləri özlərində saxlamaları və ya satmaları icazəlidirmi? Əgər icazəli deyilsə nə etməlidirlər?

Cavab: Onların bu işi etmələri icazəli deyil. Şəriət və qanuni qaydalar əsasında davranacağına etibar olunan səlahiyyətli hökümət qurumlarına həmin sənədlərli təhvil vermələri vacibdir.

Sual: Zalım rejim süqut etdikdə bəzi hökümət idarələrindən çap aləti kimi müəyyən ləvazimatlar əldə etmişəm. Həmin ləvazimatlar indiyədək məndədir. Bunun hökmü nədir?

Cavab: Həmin əşyaları öz yerinə və ya ictimai fəaliyyət göstərən dövlət müəssisələrindən birinə qaytarmalısan. Bu şərtlə ki, orada ondan istifadə olunacağına və qəsb olunmayacağına əminlik olsun.

Sual: Sahibi məlum olmayan əmlakın hökmü nədir? Siz belə əmlakları mənimsəməyə icazə vermisinizmi?

Cavab: Belə bir icazə verilməmişdir.

Sual: Mən İraq vətəndaşıyam. Sabiq hökümətlə mənim aramda ticarət əlaqələri vardı. Hökümət tərəfindən mənə 100000 dollar məbləğində pul verilməli idi. Bu borcların bəzilərinin qəbzləri də var. Mənim ixtiyarımda hökümətə aid avtomobil var. Haqqımı almaq məqsədi ilə həmin avtomobili mənimsəyə bilərəmmi?

Cavab: Cənab Seyid (kölgəsi əskik olmasın!) tərəfindən hal-hazırkı dövlətin əmlakından (hər hansı bir şeyi mənimsəməklə) öz haqqını geri qaytarmağa icazə verilmir. Hər bir şəxs öz hüquqlarını məhkəmə yolu ilə tələb etməlidir.

Sual: Orduya məxsus olan “Rəşid” hərbi şəhərciyində və digər binalardakı mənzillərdə (icazəsiz) məskunlaşmaq icazəlidirmi? Həmin yerlərdə namaz qılmağın və oruc tutmağın hökmü nədir?

Cavab: Orada məskunlaşmaq və həmçinin, orada namaz qılmaq icazəli deyil.

Sual: Hərbi toqquşmalar nəticəsində qarşı tərəfdən əldə etdiyimiz malları nə etməliyik?

Cavab: Müstəhəq fəqirlərə sədəqə olaraq verilməlidir.

Sual: Dövlət əmlakından oğurlanıb bazarlarda satılan əşyaları ehtiyac olduğu halda alıb xümsunu çıxartmaq icazəlidirmi? Əgər oğurlanmış əmlak halal əmlakla qarışarsa nə etməliyik?

Cavab: Oğurlanmış mal ilə alış-veriş etmək mütləq surətdə icazəli deyil. Əgər mal qarışarsa, məhz həmin malın oğurlanmış olduğu məlum olmasa, ondan çəkinmək vacib deyil. Məlum olduğu təqdirdə isə çəkinmək vacibdir.

Sual: İslam dövlətlərində yaşayış binalarında və dövlət müəssisələrində olan su ilə dəstəmaz almağın hökmü nədir?

Cavab: Qəsbi olduğu məlum olmasa, icazəlidir.

Sual: Rəsmi razılıq almadan dövlət mülkiyyətində olan torpaq ərazilərində ev tikmək icazəlidimi? Məlumunuz olsun ki, mənim evim yoxdur və hazırkı vaxtda kirayə ev tutmağa da imkanım çatmır.

Cavab: Qanun əsasında səlahiyyətli orqanın izni olmadan boş əraziləri istismar etmək, icazəli deyil.

Sual: Sabiq rejimin dövründə bir çox insanlar məcburi əsgərlikdən xilas olmaq üçün müəyyən məbləğ ödəyirdilər. İndi həmin insanlar ödədikləri məbləğ dəyərində dövlət əmlakını və ya malını mənimsəmələri icazəlidirmi?

Cavab: Onların belə etmələri icazəli deyil.

Sual: Sahibi məlum olmayan əmlakdan, telefonla danışmaq və ya sənədlərin üzlərinin çıxarılması kimi istifadə etməyə icazə verirsinizmi?

Cavab: Müsəlman ölkələrində dövlət əmlakından qeyri-qanuni yollarla hər hansı növ istifadəyə icazə vermirik.

Sual: Bir şəxs belə bir sual soruşur: Mənim montyor dostum var idi. Günlərin birində ondan mənə kənardan, yəni umumi naqildən elektirik xətti çəkməyini xahiş etdim. O mənim üçün bu işi yerinə yetirdi. Bu iş icazəlidir, yoxsa oğurluq hesab olunur. Çəkdiyim elektrik naqilini nə etməliyəm?

Cavab: Qeyri-qanuni yollarla dövlət əmlakından istifadə etməyə icazə vermirik.

Sual: Qeyri-müsəlman ölkələrində elektirik, su və qaz sayğaclaına müdaxilə etmək icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Bir şəxsdən silah aldım. Sonradan məlum oldu ki, bu silahı ona sabiq rejim veribmiş. Mən həmin silahı özünümüdafiə üçün almışam. Bu silahı almağın hökmü nədir?

Cavab: İcazəli deyil. Onu aidiyyatı orqanlara qaytarmaq vacibdir.

Sual: Şəxsi sənədlərini saxtalaşdıraraq işğalçı güclərdən məvacib alan şəxsin hökmü nədir? Həmin maldan necə xilas olmaq olar?

Cavab: Aidiyyatı dövlət qurumuna qaytarmalıdır. Əgər mümkün olmasa, mömin fəqirlərə sədəqə olaraq verməlidir. Bu da mümkün olmasa, imkan daxilində sədəqə verməlidir.

Sual: Bir şəxs evinin yanından keçən ümumi elektirik naqilindən öz mənzilinə elektirik xətti çəkəmişdir. Bunu hökmü nədir?

Cavab: Belə etməsi icazəli deyil. (İşlətdiyi elektirik enerjisinin) dəyəri onun öhdəsindədir.

Sual: Bir nəfərdən 1988 -ci ildə dövlət mülkiyyətində olan ümumi torpaq ərazisini aldım. Orada ev tikib məskunlaşdım. Sabiq rejim heç bir kompensasiya vermədən həmin məntəqədəki evləri sökdürdü. Sabiq rejimin süqutundan sonra isə bəzi insanlar həmin əraziləri mənimsədilər. Mənim şəriət baxımından qeyd olunan torpaq ərazisini tələb etməyə haqqım varmı?

Cavab: Sualda qeyd olunanlara əsasən həmin torpaq ərazisində haqqınız yoxdur.

Sual: Sabiq rejimin süqutu dövründə bir şəxs dövlət əmlakı adı altında bank və valyuta mübadiləsi məntəqələrini qarət etmişdir. Vəziyyət nisbətən sabitləşdikdən sonra isə həmin şəxs turizm şirkəti açdı. Bu halda aşağıdakı sualları cavablandırmağınızı xahiş edirik:

1. Onun sərmayəsinin mənşəyini bildiyim halda orada məvacib müqabilində işləməyimin hökmü nədir?

2. Həmin şəxsin mənə verdiyi hədiyyələrin hökmü nədir?

3. Həmin şəxsin evində xörək yemək və namaz qılmağın hökmü nədir?

4. Maddi vəziyyətim yaxşı olmadığı üçün ehtiyaclarımı ödəmək məqsədi ilə ondan borc almağımın hökmü nədir?

5. Onunla əlaqələrə son qoymaq və qohum olmasına baxmayaraq oğru olduğu üçün sileyi-rəhm etməmək vacibdirmi?

6. Bu oğru şəxs həcc ziyarəti yerinə yetirmişdir. Onun həcci qəbuldurmu?

7. Möminlərin ehtiyaclarını təmin etmək üçün ondan pul almaq icazəlidirmi?     

Cavab:

1. Sənə məvacib olaraq verdiyi pulun məhz oğurluq mal olmasını bilmirsənsə, icazəlidir.

2. Qeyd olunmuş şərtə əsasən, icazəlidir.

3. Həmçinin (əvvəlki sualın cavabında deyildiyi kimi) icazəlidir.

4. Həmçinin (əvvəlki sualın cavabında deyildiyi kimi) icazəlidir.

5. Onunla əlaqələri kəsmək icazəli deyil. Lakin insanların malını qaytarması üçün onu tənbih etmək vacibdir.

6. Qəbul olmasını bilmirik. Lakin ehram libası, tavaf libası və kəsdiyi qurban oğurlanmış maldan olmasa, həcc ziyarəti doğrudur.

7. Qeyd-olunmuş şərtə əsasən icazəlidir.

Sual: Atam icazəsiz torpaq sahəsi ələ keçirib sonra satmışdır. Həmin torpaq ərazisi dövlət mülkiyyəti idi. Rejim süqut etdikdən sonra dəyərindən aşağı qiymətə satmışdı. Bir ay bundan öncə atam vəfat etdi. Həmin məbləği fəqirlərə paylamalıyıq, yoxsa başqa bir şey etməliyik? Bu məsələdə vəzifəmiz nədir?

Cavab: Əgər atanız torpaq ərazisini rəsmi olaraq öz adına qeyd etdirdikdən sonra satmışdırsa, bu halda lazım olan aidiyyatı orqanlara müraciət etmək lazımdır. Lakin torpaq ərazisi dövlətin mülkiyyətində olduğu halda satıbsa, əldə etdiyi maldan istifadə etməkdə müştərinin razılığını bilmirsə - hətta şəriət baxımından heç bir haqqının olmamasını bilməsi ilə yanaşı – həmin məbləği sahibinə qaytarmaq vacibdir. Bunu etmək mümkün olmadıqda isə onun adından sədəqə olaraq verilməlidir.

Sual: Mənim, mülkiyyəti Bağdad bələdiyyəsinə aid olan torpaq sahəsi üzərində obyektim var. Həmin obyektdən əldə olunan gəlir haramdır yoxsa halal?

Cavab: Görülən işdən əldə olunan malın halallığında problem yoxdur. Lakin həmin torpaq ərazisindən istifadə eməyin düzgün olması üçün aidiyyatı olan rəsmi qurumların razılığını almağınız vacibdir.

Sual: Dövlət əmlakından istifadə etmək icazəlidirmi?

Cavab: Dövlətin dərman alış-verişi kimi ümumi mənafeyin qorunması üçün icra etdiyi alış-verişləri cənab Seyid – Allah onu qorusun – təsdiqləyir. Dövlət bu kimi əmlakların sahibidir. Ümumi mənafeylə əlaqəsi olmayan alış-verişlərə gəlincə, silah alış-verişi kimi, cənab Seyid bunu – Allah onu qorusun –  təsdiqləmir. Dövlət bu kimi hallarda mülkiyyət sahibi sayılmır. Lakin ümümiyyətlə, cənab Seyid yalnız qanuni yollar istisna olmaqla dövlət əmlakından istifadə etməyə icazə vermir. Oğurluq, aldatma, hiylə və bu kimi yollarla dövlət malından istifadə etməyi qəti surətdə qadağan edir.