Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Fitr və Qurban bayramlarının namazı

Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir.

Məsələ 2: “Fitr” və “Qurban” bayramlarının namazının vaxtı bayram günü günəş çıxandan günortaya qədərdir.

Məsələ 3: “Qurban” bayramının namazını günəşın yüksəlməsindən sonra qılmaq müstəhəbdir. “Fitr” bayramında isə günəşin yüksəlməsindən sonra iftar edib, “fitrə”-ni verdikdən sonra bayram namazını qılmaq müstəhəbdir.

Məsələ 4: “Fitr” və “Qurban” bayramlarının namazı iki rükətdir. Belə ki, hər rükətdə “Fatihə” və “surə”-ni oxuduqdan sonra üç dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rükətdə beş təkbir və hər iki təkbirin arasında bir qunut desin və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya getsin, iki səcdə etdikdən sonra yenidən ayağa qalxsın. İkinci rükətdə isə dörd təkbir və hər iki təkbirin arasında bir qunut desin və dördüncü təkbirdən sonra başqa bir təkbir də deyərək rukuya getsin, rukudan sonra iki səcdə edib təşəhhüdü desin və namazın salamını versin.

Məsələ 5: “Fitr” və “Qurban” bayramlarının namazının qunutunda hər hansı bir dua və zikri desə, kifayətdir. Amma yaxşı olar ki, bu duanı desin:

“Allahummə əhləl-kibriyai vəl-əzəməti və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti, əs-əlukə bihəqqi hazəl-yəumil-ləzi cə`əltəhu lil-musliminə i-dən və li-Muhəmmədin səlləllahu əleyhi və alihi, zuxrən və şərəfən və kəramətən və məzidən, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin, və ən tudxiləni fi kulli xeyrin ədxəltə fihi Muhəmmədən və ali Muhəmməd, və ən tuxricəni min kulli su-in əxrəctə minhu Muhəmmədən və ali Muhəmməd, səlavətukə əleyhi və əleyhim. Allahummə inni əs-əlukə xeyrə ma sə-ələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ibadukəl-muxlisun.”

Məsələ 6: İmam(ə)-ın qeybə çəkildiyi dövrdə “Fitr” və “Qurban” bayramlarının namazı camaatla qılınsa, lazım ehtiyata əsasən, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, “Fitr” bayramının xütbəsində “fitrə zəkatı”-nın hökmləri, “Qurban” bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun.

Məsələ 7: Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rükətində “Şəms” (91-ci surə) surəsi və ikinci rükətində “Ğaşiyə” (88-ci surə) surəsi və yaxud birinci rükətdə “Ə`la” (87-ci surə) surəsi, ikinci rükətdə isə “Şəms” (91-ci surə) surəsi oxunsun.

Məsələ 8: Müstəhəbdir ki, bayram namazı səhrada qılınsın. Məkkədə isə “Məscidul-həram”-da qılmaq müstəhəbdir.

Məsələ 9: Müstəhəbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqarla getsinlər və namazdan əvvəl qüsl edib, başlarına ağ əmmamə qoysunlar.

Məsələ 10: Bayram namazında yerə (torpağa) səcdə etmək, təkbir deyərkən əlləri qaldırmaq və bayram namazı qılan şəxsin, istər imam-camaat olsun, istərsə də tək qılsın, “Fatihə” və “surə”-ni uca səslə oxuması müstəhəbdir.

Məsələ 11: “Fitr” bayramı axşamı şam və xiftən namazı, sübh namazı və “Fitr” bayramının namazından sonra bu təkbirləri demək müstəhəbdir:

“Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Allahu əkbər və lillahil-həmd, Allahu əkbər, əla ma hədana.”

Məsələ 12: Müstəhəbdir ki, insan “Qurban” bayramında birincisi bayram gününün zöhr namazı, axırıncısı isə on ikinci günün sübh namazı olan on namazdan sonra əvvəlki məsələdə göstərilən təkbirləri desin və sonra bunu əlavə etsin:

“Allahu əkbər, əla ma rəzəqəna min bəhimətil-ənam, vəlhəmdulillahi əla ma əblana.” Amma Minada olsa, “Qurban” bayramının birincisi bayram günün zöhr namazı, axırıncısı isə Zil-hiccə ayının on üçüncü günü sübh namazı olan on beş namazdan sonra bu təkbirləri desin.

Məsələ 13: Qadınların bayram namazına getməkdən çəkinmələri ehtiyat müstəhəbdir. Amma bu ehtiyat qoca qadınlara aid deyildir.

Məsələ 14: Bayram namazında da başqa namazlar kimi məmum “Fatihə” və “surə”-dən başqa namazın qalan zikrlərini özü oxumalıdır.

Məsələ 15: Əgər məmum, imam təkbirlərdən bir neçəsini söylədikdən sonra özünü çatdırsa, imam rukuya əyildikdən sonra onunla birlikdə söyləmədiyi təkbir və qunutları özü deməlidir. Əgər hər qunutda bir dəfə “Subhanəllah, vəlhəmdulillah”-desə kifayətdir. Əgər buna da fürsət olmasa, təkcə təkbirləri desin. Əgər yenə də fürsət olmasa, kifayətdir ki, imama tabe olub rukuya getsin.

Məsələ 16: Əgər bayram namazında şəxs namaza yetişərkən, imamın rukuda olduğunu görsə, niyyət edib, namazın birinci təkbirini deyərək rukuya gedə bilər.

Məsələ 17: Əgər bayram namazında bir səcdəni unudarsa, namazdan sonra onu yerinə yetirməsi lazımdır. Həmçinin gündəlik namazda qarşısına “səhv səcdəsi”-ni vacib edən bir əməl çıxsa, iki “səhv səcdəsi” yerinə yetirməsi lazımdır.