Hamiləlik və hamiləliyin qarşısını almağın hökmləri

Sual: Qadının ərinin icazəsi və razılığı olmadan hamiləliyin qarşısını alan maneəni tərk etməsi icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Qadının ərinin icazəsi olmadan hamiliyin qarşısını alan həb qəbul  etməsi icazəlidirmi? Halbu ki, ər onun uşaq dünyaya gətirməsini istəyir.

Cavab: İcazəlidir.

Sual: Qadının uşaq dünyaya gətirməsi üçün onun kişi həkimə müraciət etməsi icazəlidirmi? Halbu ki, qadın həkim var. Amma bacaraqlı olmadığı üçün uşağın dünyaya gətirilməsini yerinə yetirdiyi təqdirdə, uşağın sağlam doğulmayacağından qorxurlar.

Cavab: İcazəlidir. Hətta sualda qeyd olunan şərtlər əsasında vacibdir.

Sual: Bir qadının altı övladı var. Artıq uşaq dünyaya gətirmək istəmir. Ərinin razılığı ilə uşaqlıq yollarının bağlanması əməliyyatını etdirmək istəyir. Onun belə bir əməliyyat etdirməsi icazəlidirmi?

Cavab: İcazəlidir. Lakin bu əməliyyat baxılması və ya toxunulması haram olan maneə olmadan bədən üzvlərinin aşkar edilməsinə səbəb olarsa, icazəli deyil. Yalnız zərurət halında icazəlidir. Məsələn, uşaq dünyaya gətirəcəyi təqdirdə, adətən dözülməz məşəqqətə düşərsə və hamiləliyin qarşısının alınmasının bşqa bir yolu yoxdursa yaxud həddindən artıq məşəqqətlidirsə, icazəlidir.

Sual: Qadının əkiz uşaq dünyaya gətirmək üçün yumurtalığın fəallığını artıran dərman preparatı qəbul etməsi icazəlidirmi?

Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur.

Sual: Bəzi qadınlar aşağıdakı əməlləri yerinə yetirmək məqsədi ilə heyzin (aybaşının) gec baş verməsi üçün müəyyən həblərdən istifadə edirlər.

1. Həcc və ümrə əməllərini yerinə yetirmək üçün.

2. Ramazan ayında oruc tutmaq üçün.

3. İraqda müqəddəs ziyarəgahlara getmək üçün.

Bunun hökmü nədir? 

Cavab: Əgər böyük zərərə səbəb olmayacaqsa, maneəsi yoxdur.

Sual: Uşaqlığa düzgün formada  və sağlamlığa zərər verməyəcəyi surətdə sprial qoymaq üçün qadın mütəxəssisi olan həkimə ehtiyac var. Lakin bu, qadın həkimin sprialı uşaqlığa yerləşdirməsi üçün adətən baxmadan mümkün olmur. Toxunmağa gəlincə isə tibbi əlcək geyinərək bundan çəkinmək olar. Bu kimi hallarda aşağıdakı suallar meydana çıxır:

1. Qadının  uşaq dünyaya gətirmək istəmədiyinə görə sprial qoymaq üçün qadın həkimin qarşısında özünü aşkar etməsi icazəlidirmi?

2. Əgər ixtiyari halda bu iş icazəli deyisə, qadın məcbur olduğu halda icazəlidirmi?

3. Müqəddəs şəriətin nəzərində bu işi yerinə yetirmək nə vaxt məcburi hesab olunur?

4. Qadın həkim uşaqlığına sprial qoydurmaq üçün müraciət edən qadın passentin övrətinə baxarsa günah etmiş olurmu?

5. Qadın həkim passentin uşaqlığında sprial olduğu üçün müəyyən ağrılardan şikayət etdiyi halda daxili üzvlərini yoxlayarkən və ya sprialın uşaqlıqda düzgün surətdə yerləşdirilməsini, yaxud iltihab baş verib verməməsini müəyyən etmək üçün onun övrətinə baxış keçirərsə, günah etmiş olurmu?

6. Əgər qadının uşaqlığına yerləşdirilmiş sprial onun sağlamlığına zərər verirsə və ya istifadə müddəti sona çatıbsa yaxud qadın yenidən uşaq dünyaya gətirmək istəyirsə, sprialın çıxarılması üçün qadın həkimin passentin övrətinə baxması günahdırmı?

Cavab:

1. İcazəli deyil.

2. Əgər uşaq dünyaya gətirmək sağlamlığına zərərlidirsə və ya adətən dözülməsi çətin olan məşəqqətə səbəb olarsa və hamiləliyin qarşısını almaq üçün  şəriətin icazə verdiyi yollardan istifadə etmək müyəssər deyilsə, yaxud zərərli və ya məşəqqətlidirsə, sprial qoydurmaq üçün həkimin qarşısında özünü aşkar etməsi, icazəlidir.

3-4. Bəli, günah etmiş olur. Lakin müraciət edən passient bu işi görməyə məcburdursa, həkimin müayinə zərurətinin tələb etdiyi miqdarda baxması icazəlidir.

5. Müayinə zərurətinin tələb etdiyi miqdarda baxmağın, maneəsi yoxdur.

6. Birinci və ikinci halda icazəlidir. Üçüncü hala gəlincə, (yəni yenidən uşaq dünyaya gətirmək məsələsinə) buna məcbur olmadığı halda, icazə verilməsi hökmü şübhəlidir.  

Sual: Kişi və ya qadının mütləq surətdə və ya müvəqqəti olara uşaq dünyaya gətirməmək üçün özlərini sonsuz etmələri icazəlidirmi? Məşəqqət və ya başqa müəyyən bir maneə  olduqda bu məqsəd üçün övrətlərini eynicinsin yanında açmaları icazəlidirmi? Belə ki,  çoxuşqlılıq maddi imkan, tərbiyə və sağlamlıq baxımından,  xüsusilə də, hazırkı dövrümüzün reallığında olduğu kimi övladların azğın yollara düşdüyü bir zamanda belə bir qərara gəlirlər. 

Cavab: Uşaq dünyaya gətirməin qarşısını həmişəlik almaq iki qismdir:

1) Kişi və ya qadına zərər verəcək vasitə ilə uşaq dünyaya gətirməyin qarşısını almaq olar. Məsələn, tənasül üzvlərinin kəsilməsi kimi.

2) Kişi və qadına həddindən artıq zərər verməyən vasitə ilə. Məsələn, qadının uşaqlıq yollarının bağlanması və ya kişidə sperma kanalının bağlanması kimi.

Birinci qismə gəlincə, öz-özlüyündə bu iş icazəli deyil. Lakin zərurət olarsa, məsələn, xəstəlik üzündən qadın uşaqlığının kəsilib götürülməsi kimi bəzi tənasül üzvlərinin kəsilməsi  zərurəti yaranarsa, uşaq dünyaya gətirməyin qarşısını almaq üçün deyil, məhz buna görə icazəlidir.

İkinci qismə gəlincə, bu iş öz-özlüyündə icazəlidir. Lakin bu iş adətən övrət kimi bədənin müəyyən üzvlərinin kişi və ya qadın həkimin qarşısında aşkar etməkdən asılı olur. Bu cəhətdən bu iş haramdır. Uşaq sayının çoxluğundan yaranacaq çətinlik adətən dözülməz həddə deyilsə, qeyd olunan haram əməli yerinə yetirməyi icazəli etmir.

Müvəqqəti maneəyə gəlincə isə, ondan istifadə etməyin heç bir eybi yoxdur. Lakin mayalanmış spermanın qarşısını alırsa, belə ki, mayalanmadan sonra sperma hüceyrəsi ölürsə - necə ki, spiral qoyulduqda məhz belə olduğu deyilir – vacib ehtiyata əsasən, icazəli deyil.

Əgər qadının hamiləliyin qarşısını alan vasitələrdən istifadə etməsi ərin onunla yaxınlıq etdiyi zaman ləzzət almasına təsir edirsə, ərin razılığı olmadan ondan istifadə etməsi icazəli deyil. Həmçinin kişinin yaxınlıq zamanı qoruyucudan istifadə etməsi üçün ehtiyata əsasən, qadının razılığı ilə olmalıdır. Çünki bu, onun orqanizminə yad cismin daxil edilməsi ilə nəticələnir. Amma kişinin hamiləliyin qarşısını almaq üçün başqa vasitələrdən istifadə etməsi qadının razılığından asılı deyil.

Sual: Kişinin uşaq dünyaya gəlməməsi üçün müəyyən müddət spremasını uşaqlıqdan kənara tökməsi icazəlidirmi?

Cavab: Bəli, icazəlidir. Lakin qadının razılığı olmasa, məkruhdur.

Sual: Sosial həyatın çətinliyi, doğulacaq uşağın azad həyatla təmin olunmasınn qarşısını alan vəziyyət nəsilartırma məsələsində şəriətin tələbləri ilə ziddiyyət yaradırmı?

Cavab: Əgər uşaq aldırmaq deyil,  şəriətin icazə verdiyi yollarla hamiləliyin qarşısı alınarsa ziddiyyət yaratmır.

Sual: Möhtərəm Seyidin uşaqlıq yollarının bağlatdırılması barədə rəyi nədir?  Bu halda ki, hamilə qalmağın onun sağıamlığına heç bir təsiri yoxdur. Lakin onun kifayət sayda övladları var və hamiləliyin qarşısını almaq üçün həbb kimi digər vasitələrin heç bir faydası yoxdur. Həmiçinin əməliyyat ərinin icazəsi  ilə yerinə yetirilir.

Cavab: Bu əməliyyatın öz-özlüyündə heç bir maneəsi yoxdur. Lakin bu şərtlə ki, haram baxış və təmasdan çəkinməklə yanaşı həddindən çox zərərə səbəb olmasın. Yalnız zərurət halında qeyd olunanlara baxmayaraq icazəlidir. Məsələn, əgər hamiləlik qadına zərər verərsə və ya adətən dözülməsi çətin olan məşəqqətə düşməsinə səbəb olarsa və şəriətin icazə verdiyi yollarla hamiləliyin qarşısını almaq mümkün deyilsə və yaxud həmin vasitələrdən istifadə etmək məşəqqətlidirsə, icazəlidir.