Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Oğurluq

Sual: Biz səhiyyə nazirliyinin təftiş komissiyasının üzvləriyik. Qanunun pozulma hallarını araşdırırıq. İşimizin tələbi olaraq xəstəlik müalicəsinə sərf olunması üçün icazəsiz götürülmüş və ya oğurlanmış dərman peraparatlarını məhv etmək üçün müsadirə edirik və əksəriyyətinin müəyyən müəssisələrdən oğurlanmasına görə dövlət orqanlarına təhvil veririk. Müqəddəs şəriətin bu barədə mövqeyi nədir?

Cavab: Ümumi mülkiyyətdən oğurlanmış mal ilə qanunun təyin etdiyi qaydalara əsasən davranmaq vacibdir.

Sual: Övladlarımdan biri dərzi işləyir. Üzərində işlədiyi parçanın oğurluq olması ona məlum olmuşdur. Bu iş müqabilində aldığı mal halal, yoxsa haramdır?

Cavab: Oğurluq olduğunu bildiyi parçanın üzərində işləmək və buna görə muzd almaq icazəli deyil.

Sual: Kiçik yaşında oğurluq edən şəxsin hökmü nədir?

Cavab: Ondan istifadə etmək üçün sahibinin könül razılığı bəlli olanadək oğurladığı əşyaya zamindir.

Sual: Bir qadın uşaqlıq çağlarında 6 və 8 yaşlarında oğurluq etmiş böyüdükdən sonra peşiman olmuş və tövbə etmişdir. Lakin həmin oğurlanmış əşyanı sahibinə qaytara bilmir. Əgər həmin əşyanın qiymətini sədəqə olaraq vermək istəsə əvvəlki qiymətlə hesablanmalı, yoxsa indiki qiymətlə?

Cavab: Əgər oğurlanmış əşyanın bənzəri varsa bənzərini, əgər yoxdursa tələf olduğu vaxt olan qiymətini qaytarmalıdır. Lakin oğurlanmış əşyanın özünü və ya əvəzini hər hansı bir vasitə ilə sahibinə qaytarmaq mümkün olarsa, sahibinin adından sədəqə verməyin mənası yoxdur.

Sual: Mən bir şəxsin məndən müəyyən bir əşya və ya məbləğ oğurladığını bilirəm. Əgər ona sən oğurluq etmisən desəm, ictimai baxımdan etibardan düşəcək. Çünki o, saleh əməllər etməklə özünü tanıtdırmışdır. Həmin məbləği və ya əşyanın mislini o, hiss etmədən ondan götürüb, bunula da onun adını qorumağım icazəlidirmi?

Cavab: Əgər oğurluq etdiyini inkar edərsə, həmin miqdarda onun mülkiyyətindən götürməyin heç bir maneəsi yoxdur.

Sual: Əgər uşaq və ya ruhi xəstə başqasının malını oğurlasa və ya tələf edərsə, həmin mala kim zamindir? Mal sahibi malını haradan əldə edəcəkdir?

Cavab: Əgər (uşaq və ya ruhi xəstə) oğurluq və ya bu kimi yolla başqasının malını əldə edərsə, malın sahibi həmin mallı ondan geri ala bilər. Əgər bu, fiziki güc tətbiq etmək və malından istifadə etməkdən asılı olarsa, qəyyumuna müraciət etməlidir. Əgər (uşaq və ya ruhi xəstə) malı tələf edərsə, onun öhdəsindədir. Əgər onun malı olarsa, mal sahibi qəyyumdan tələb edə bilər. Əks təqdirdə, imkanı çatdığı vaxtadək gözləməlidir.

Sual: Hər ay vətəndaşlarına müəyyən miqdarda ərzaq payı verilən bir ölkədə bir şəxs hiylə işlədərək ona düşəcək haqdan daha artıq pay götürərsə - bu işin onun üçün problem yaratmayacağı məlum olduğu halda -  bu yolla əldə olunan payın hökmü nədir?

Cavab: Hər hansı bir yolla dövlət malını oğurlamağa və ya mənimsəməyə icazə vermirik.

Sual: Məndə keçmiş rejimin süqutu vaxtı (söhbət İraq Respublikasından gedir) hökümət idarələrindən oğurlanmış bəzi əmlaklar var. Həmin əşyalara ehtiyacım var. Onların qiymətini şəriət hakiminə və ya onun nümayəndəsinə verib istifadə etməyim icazəlidirmi? Yaxud mən öhdəmdəki məsuliyyətdən neçə xilas olmalıyam? Məlumunuz olsun ki, həmin əşyaları mən oğurlamamışam, mənə verilmişdir.

Cavab: Həmin əşyaları oğurlandığı orqanlara təhvil vermək vacibdir.

Sual: Müsəlman şəxsin kafir ölkəsində kafirlərdən oğurluq etməsi, yaxud hiylə işlədərək onların malından bir şey əldə etməsi icazəlidirmi?

Cavab: Onların ümumi və xüsusi mülkiyyətindən oğurluq etmək icazəli deyil. Həmçinin, İslam dininin və müsəlmanların adına ləkə olarsa, onların malını tələf etmək də icazəli deyil. Eləcə də onların ölkəsinə daxil olarkən və ya sığınacaq alarkən imzalanmış müqaviləyə qarşı xəyanət hesab olunarsa, icazəli deyil. Çünki xəyanət və əhdi pozmaq hamı üçün haramdır.

Sual: Elektirik oğurlamaq icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Əgər oğurlanmış əmlakı sahibinə geri qaytarmaq mümkün olmasa nə etmək lazımdır?

Cavab: Onun dəyərini (sahibinin adından) dini hökmlərinə əməl edən fəqirə sədəqə olaraq vermək lazımdır.

Sual: Yəhudi və xristianların əmlakını oğurlamaq icazəlidirmi?

Cavab: Möhtərəm Seyid cənabları buna icazə vermir.

Sual: Əgər oğurlanmış mal ilə minik alaramsa, onun üzərində namaz qılmaq icazəlidirmi? Həmin miniyin sahibi kim hesab olunur?

Cavab: Əgər oğurlanmış mal ilə deyil, ümumi olaraq almısansa, oğurlanmış malı borc olaraq götürmüş hesab olunursan. Necə ki, müamilələrdə adətən belə olur. (Yəni ixtiyarında olan puldan umumi olaraq istifadə edirsən və hər bir pulun gəlir mənbəyini nəzərdə tutmursan). Bu halda miniyin sahibi sənsən. Amma miniklə oğurlanmış mal əvəz olunarsa, bu alış-veriş füzulidir (puçdur). Mal sahibi razılıq verərsə alış-veriş düzgün olar və minik onun hesab olunar. Əgər razılıq verməsə, alış-veriş batildir.

Sual: Azyaşlı uşağın oğurluq etməsinin hökmü nədir?

Cavab: Əgər malı oğurlanmış şəxsin indi razılığına əmindirsə ona heç nə vacib deyil. Əks təqdirdə, həmin malın geri qaytarılmasına və ya əvəzinin vermilməsinə zamindir. Hətta, xəbəri olmadan həmin əşyanı onun evinə qoymaqla olsa belə.

Sual: Bir şəxs xəstəliyə görə cərrahiyyə əməliyyatı olduqdan müəyyən müddət sonra həkimin onun böyrəklərindən birini oğurlayıb başqasının orqanizminə köçürdüyünü  bilmişdir.

1) Birinci şəxs böyrəyini və ya maddi dəyərini tələb edə bilərmi? Əgər bu haqqı varsa, kimdən tələb etməlidir?

2) İkinci şəxsin zəruri ehtiyacı olduğu halda birinci böyrəyin öz orqanizminə qaytarılıb plantasiya edilməsini tələb edə bilərmi?

Cavab:

1) Bəli, buna haqqı var. Zamin cinayəti törədən, yəni əməliyyatı icra edən həkimdir.

2) Bəli, onun öz böyrəyini tələb etməyə haqqı var. Cinayətkar həkim bütün xərcləri və yaralamaq diyəsini (təzminatını) də ödəməlidir. Yalnız bu iş orqanizminə böyrək köçürülmüş ikinci şəxsin həyatına təhlükə yaradarsa, böyrəyi ondan geri tələb etmək icazəli deyil.

Sual: Qərb ölkələrində bahalı malları ucuz qiymətə satırlar. Bu isə müştəridə həmin malın oğurluq olması təsəvvürünü yaradır. Həmin malın müsəlmandan və ya kafirdən oğurlandığını təxmin və ya güman etdiyi halda - satan adam istər müsəlman olsun, istərsə də kafir - onu  almaq icazəlidirmi?

Cavab: Əgər istər müsəlman, istərsə də qeyri müsəlman olan və malı hörmətli hesab olunan şəxsdən oğurlandığını bilərsə və ya buna əmin olarsa, həmin malı almaq və ona sahib olmaq icazəli deyil.