Pis söz danışmaq və ağzıyavalıq

Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz?

Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: “Allah-təala pis söz danışan ağzıyavaya və israrla bir şey istəyənə nifrət edər.” Yenə başqa bir hədisdə deyilir: “Allah bəndəlirinin ən pisi, həmsöhbətini pis söz danışması ilə narahat edən şəxsdir.”

Həztət Peyğəmbərdən (s) nəql olunan digər bir hədisdə deyilir: “Mömini söymək günah, onunla savaşmaq küfr və ətini yemək (qeybətini etmək Allaha) asilikdir, onun malı isə qanı kimi toxunulmazdır.”

Əmr ibn Nöman əl-Cəfi nəql edərək deyir: “İmam Cəfər Sadiqin (ə) bir dostu var idi və onlar çox zaman bir yerdə olurdular. Bir gün o (imamın (ə) dostu), nökərinə dedi: “Ey pozğun qadının oğlu, harada idin?” Əmr deyir: “İmam Cəfər Sadiq (ə) əlini qaldırıb öz alnına vurdu və sonra dedi: “Subhanallah, onun anasına böhtan atdın. Mən səni daha pəhrizkar tanıyırdım. Sən demə, sənin pəhrizkarlığın yox imiş.” Dostu dedi: “Sənə fəda olum, onun anası sindli müşrikə bir qadındır.” İmam (ə) buyurdu: “Məgər bilmirsənmi ki, hər ümmətin öz nikahı var?! Məndən əl çək!” Əmr deyir: “Mən, onları ölüm ayırana qədər heç zaman bir yerdə görmədim.”