Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Rukunun hökmləri

Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin  həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı?

Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar.

Sual: Ruku, səcdə, təşəhhüd və salamı deyərkən hansı daha yaxşıdır; ixfat (zikri səssiz söyləmək), yoxsa cəhr (zikri səsli söyləmək)?

Cavab: İzahlı şəriət məsələləri kitablarında qeyd olunduğu kimi birinci və ikinci rükətin qiraəti istisna olmaqla ixfat və ya cəhrlə deməkdə ixtiyar sahibidir. Bəlkə də, gecə qılınan namazlarda cəhr, gündüz qılınan namazlarda isə ixfatın müstəhəb olduğunu bildirən hədis zikrlərə də şamildir.

Sual: Ruku əsnasında ayaqları yerdən çəkmədən bud və baldırı hərəkət etdirməyin bir eybi varmı?

Cavab: Qaydaya əsasən, ruku halında bədənin sükunət halında olmalıdır. Ayaqların hərəkət etdirilməsi isə bu qaydaya ziddir.

Sual: Müstəhəb namazlarda ruku və səcdələrdə bir dəfə “subhanəllah” demək yetərlidirmi?

Cavab: Ehtiyata əsasən, yetərli deyil.

Sual: “Minhacus-salihin” kitabının ibadətlər bölməsində “Rukunun vacib əməlləri” başlığı altında yazılıb:

Üçüncü: Vacib zikrdən öncə (ruku halında) qalmaq.

1) Burada (ruku halında) qalmağın miqdarı nə qədərdir? Bir an da olsa qalmaq yetərlidirmi? Yoxsa zikrin deyiləcəyi müddət qədər qalmaq vacibdir?

2)   Qeyd olunan halda aram olmaq vacibdirmi? Belə ki, namaz qılan şəxs ruku halını aldığı vaxtdan etibarən aramlıq tapmasa da,rukunun müddətini hesab etməlidir.

Cavab: Qeyd olunan hökmdən başa düşüldüyü kimi yalnız vacib zikrin deyiləcəyi miqdarda (ruku halında) qalmaq vacibdir. Zikr deyilərkən aramlıq, yəni sükunət vacibdir.

Sual:  Ruku və səcdədə zikr etmək müstəhəbdir. Lakin vacib zikrin bir forması var?

Cavab: Zikr edərkən vacib olan “təsbih” (subhanəllah), “təhmid” (əlhəmdulillah), “təkbir” (Allahu əkbər) və ya “təhlil”(la ilahə iləllah) deməkdir. Rukuda təsbih deyərkən bir dəfə  “subhanə rabbiyəl-azimi və bihəmdih”, səcdə isə “subhanə rabbiyəl-əla və bihəmdih” demək yetərlidir. Yaxud da üç dəfə “subhanəllah” deyilməlidir. Əgər təsbihdən başqa ayrı bir zikr demək istəyirsə, vacib ehtiyata əsasən, üç dəfə deyilən kiçik təsbih – “subhanəllah” miqdarında olsun. Vacib zikri vacib olma niyyəti ilə demək yetərli deyil. (Yəni başqa zikr üç dəfə deyilən “subhanəllah” zikrindən az miqdarda olarsa, onun vacib zikr niyyəti ilə deyilməsi yetərli deyil.)

Sual: “İzahlı şəriət məsələləri” kitabında 297-ci məsələdə “Ruku halında vacib zikr deyiləcək miqdarda qalmaq lazımdır” hökmünün mənası nədir?

Cavab: Yəni, rukunun zikrini başı rukudan qaldırdığı və ya endirdiyi halda deməmək lazımdır.

Sual: Ruku halında dizlərin arasına baxmaq namazı batil edirmi?

Cavab: Batil etmir.

Sual: Rukuya əyilərkən dizləri düz tutmaq vacibdirmi?

Cavab: Bəli, vacibdir.

Sual: Ruku halında əl hərəkət edərsə namaz batil olurmu?

Cavab: Batil olmur.

Sual: Ruku əsnasında istər zikr başladıqda, istərsə də başlamazdan əvvəl və ya zikrdən sonra ayaqları hərəkət etdirmək, əllərin hər ikisini və ya birini dizdən çəkmək, yaxud da dizləri qaşımaq namazı batil edirmi?

Cavab: Namaz halı ilə ziddiyət yaratmayacaq dərəcədə çox olmasa, heç bir zərəri yoxdur.

Sual: Şam namazının ikinci rükətində rukunu unudub səcdələri yerinə yetirdim. Səcdələri yerinə yetirərkən xatırladım, lakin nə edəcəyimi bilmədiyim üçün namazı tamamladım. Həmin namazı qəza olaraq yenidən qılmalıyam?

Cavab: Vaxt çıxmadığı təqdirdə namazı yenidən qılmaq, vaxt çıxdığı təqdirdə isə qəzasını qılmaq vacibdir.

Sual: Ruku halında əlləri dizlərə qoymaq müstəhəbdirmi?

Cavab: Əllərin dizlərin üzərinə qoyulması rukunun müstəhəb əmməllərindən olması (hədislərdə) qeyd olunmuşdur.

Sual: Məcburi halda olan şəxsin rukuda bir dəfə “subhanəllah” deməsi icazəlidirmi?

Cavab: Xəstə olan şəxs üçün, vaxt az olduqda və digər zəruri hallarda rukunun zikrini bir dəfə “subhanəllah” deyilməsi icazəlidir.

Sual: Rukunu unudaraq səcdəyə əyilən şəxsin hökmü nədir?

Cavab: Əgər bir kəs rukunu unudub səcdələrə əyilərsə, alnını yerə qoymadan əvvəl xatırlayarsa, qiyam halna dönməli və ruku etməlidir. Həmçinin birinci səcdədən sonra, lakin ikinci səcdədən əvvəl xatırlayarsa, hökm eynidir. Lakin bu halda namazı tamamladıqdan sonra onu yenidən qılmaq ehtiyata əsasən müstəhəbdir. Amma ikinci səcdəyə başladıqdan sonra xatırlayarsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmalıdır.

Sual: Rukunun müstəhəb əməlləri hansılardır?

Cavab: Rukudan əvvəl təkbir demək, təkbir halında əlləri qaldırmaq, sağ əli sağ dizin, sol əli sol dizin üzərinə qoyaraq əllərlə dizləri tamamilə əhatə etmək, əllərlə dizləri arxaya tərəf basmaq, beli düz tutmaq, boyunu belin səviyəsi ilə düz tutmaq, ayaqların arasına (yerə) baxmaq, dirsəklərini bədəndən aralı saxlamaq, sağ əli sol əldən əvvəl dizlərin üzərinə qoymaq, qadının əllərini budlarının üzərinə qoyması müstəhəbdir.

Rukunun zikrini 3, 5, 7 və ya daha artıq təkrar etmək və tək ədəd olaraq zikr etmək müstəhəbdir.

Rukunun zikrindən əvvəl “Allahummə ləkə rəkə`tu və ləkə əsləmtu və aleykə təvəkkəltu və əntə Rabbi. Xəşəə ləkə qalbi və səm`i və basəri və şə`ri və ləhmi və dəmi və muxxi və əsəbi və izami və ma əqəltuhu qadəməyyə ğəyru mustənkifun və la mustəkbirun və la mustəhsir”, ardınca “Əhləl-cəbəruti vəl-kibriyai vəl-əzəməti vəl-həmdulillahi Rabbil-aləmin” demək müstəhəbdir. Rukudan sonra qiyama qalxmaq üçün əlləri qaldırmaq müstəhəbdir.

Rukuda həzrət Peyğəmbər (s) və əhlibeytinə salavat demək müstəhəbdir.

Rukuda başı aşağı sallamaq və ya yuxarı baxmaq, dirsəkləri bədənə birləşdirmək, əllərin birini digərinin üzərinə qoymaq, rukuda Qurani-kərimdən ayə oxumaq və əllləri libasın altından bədənə birləşdirmək məkruhdur.