Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Spirtli içkilərin alış-verişi

Sual: Spirtli içkilər istehsal edən şirkətlərə investisiya qoymaq - onun pulunu başqasının pulundan ayırmaq mümkün olmadığı təqdirdə, - icazəlidirmi?

Cavab: Spirtli içkilərin istehsalında və alış-verişində ortaq olmaq, icazəli deyil.

Sual: Müsəlman rəssama spirtli içkinin içilməsini, yaxud rəqs məclisini və ya donuz əti olan restoran şəklini özündə əks etdirən rəsm çəkmək sifariş olunub. Rəssam üçün həmin şəkli çəkmək, icazəlidirmi?

Cavab: Bu işdə əxlaqsızlığın və günahın yayılması olduğu üçün, icazəli deyil.

Sual: Müsəlman şəxs bir bina alıb. O, həmin yerdə spirtli içkilər içilən yerin olduğundan, (sahibinin) oranı icarəyə verəni (binadan) çıxara bilmədiyindən xəbərsiz olub və sonradan bunu bilib:

1. O, spirtli içkilər içilən yeri icarəyə verən şəxsdən icarə haqqı ala bilərmi?

2. İcazəli olmadığını fərz etsək, bu halda onun şəriət hakimindən izin alaraq hər hansı bir adla icarə haqqı alması, icazəlidirmi?

3. Fərz edək ki, o, binanı almamışdan əvvəl orada spirtli içkilər içilən yerin olduğunu bilirmiş. Belə olan halda, spirtli içkilər içilən yerin icarəçisini oradan çıxarda bilməsə, həmin binanı alması icazəlidirmi?

Cavab:

1. Oradan spirtli içkilər içilən yer kimi istifadə edərək bunun müqabilində icarə haqqı alması, icazəli deyil.

2. Bu cür yerlərdən halal işlərin müqabilində muzd almağa haqqı çatdığı kimi, cəzalandırmaq məqsədilə haqqı çatan miqdarda spirtli içkilər içilən yerin icarə pulunu alması, icazəlidir. Həmçinin (icarə pulunu) verən qeyri-müsəlman olsa, haqqını qorumaq məqsədilə icarə pulunu alması, icazəlidir.

3. Qeyd olunan icarəçinin olmasını və onu oradan çıxara bilməməsini bilsə belə, həmin binanı alması icazəlidir.

Sual: Bəzi gecələrdə barlar kafirlərin (qeyri-müsəlmanların) gəlişi ilə dolur. Spirtli içki içmək onları əldən salan zaman yemək üçün oradan çıxıb yeməkxana axtarırlar. Müsəlman üçün bu fürsətdən yararlanıb orada yeməkxana açaraq sərxoşlara və başqalarına halal yemək təqdim etməsi icazəlidirmi? Əgər halal yemək onların sərxoşluqlarını yüngülləşdirmək, yaxud başqa formada onlara yardım edərsə, bu iş günah sayılırmı?

Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur.

Sual: “Super Market”-də çalışan şəxsin işlərindən biri də spirtli içki qutularını daşımaqdır. Bu iş onun üçün icazəlidirmi?

Cavab: Spirtli içkiləri daşımaq, icazəli deyil.

Sual: Üzərində içki içməyi reklam etmək kimi spirtli içkilərin şəkli olan paltarları satmaq, icazəlidirmi?

Cavab: Bu paltarları geyinmək və alış-verişini etmək, haramdır.

Sual: Təyyarədə stüardessa işləmək, icazəlidirmi? Belə ki, o, təyyarədəki sərnişinlərə həm yemək, həm də spirtli içkilər təqdim edir.

Cavab: İşləmək icazəlidir. Amma spirtli içkilər təqdim etmək, icazəli deyil.

Sual: Harama qarışmış malın hökmü nədir? Belə ki, bir tacirin həm halaldan, həm də spirtli içkilərin və narkotik maddələrin alış-verişi kimi haramdan gəlir mənbəyi var.

Cavab: Qarışmış və heç bir yolla (təmizlənib) halala çevrilməyən haram malda təsərrüf etmək, icazəli deyil. Əgər onun miqdarını bilsə, amma sahibini tanımasa, həmin miqdarı sədəqə verməsi vacibdir. Əgər miqdarını bilməsə, lakin toplam 20 % - ə çatdığına şəkk etsə və ondan az, yaxud çox olduğuna ehtimal versə, həmin məbləği sədəqə verməsi, kifayətdir. Vacib ehtiyata əsasən, həmin məbləği yoxsul seyidlərə ödəsin.

Sual: Müsəlman şəxsin spirtli içkilərin də satıldığı ərzaq mağazasında pul alan (kassir) işləməsi, icazəlidirmi?

Cavab: Onun spirtli içkilərin pulundan başqa pulu və həmçinin qeyri-müsəlman müştərilərin aldıqları spirtli içkilərin pulunu alması, icazəlidir.

Sual: Müsəlmanın spirtli içkiləri satması, təqdim etməsi, onu içmək üçün qablarını yuyub təmizləməsi, icazəlidirmi?

Cavab: Müsəlmanın spirtli içkiləri kimliyindən asılı olmayaraq, hətta onu halal bilənlərə təqdim etməsi, icazəli deyil. Buna görə qabları yumaq, onları başqasına təqdim etmək, - əgər həmin qabları təqdim etmək spirtli içkilərin içilməsi üçündürsə - icazəli deyil.

Müsəlmanın spirtli içkiləri satması, təqdim etməsi, onu içmək üçün qablarını yuyub təmizləməsi icazəli olmadığı kimi, bunun müqabilində əmək haqqı alması da, icazəli deyil. Çünki bu, haramdır. Bəziləri bu cür işlərdə işləməyə məcbur olduqlarını söyləyərək müxtəlif bəhanələr gətirirlər. Lakin bu kimi bəhanələr qəbul olunmur. Allah-təala buyurub: “Və ona gözlənilmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz buyurduğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.” (Talaq, 3)

Allah-təala başqa bir ayədə buyurub: “Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə vəziyyətdə idiniz?” Onlar deyəcəklər: “Biz yer üzərində zəif kəslər idik.” Mələklər onlara deyəcəklər: “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadır olmayan kişi, qadın və uşaqlardan başqa” (Nisa, 97-98)

Həzrət Məhəmməd (s) peyğəmbər “Vida həcci”-ndə belə buyurub: “Cəbrail mənə dedi ki, heç kim öz ruzisini kamil şəkildə tapmayana qədər dünyadan getməz və siz ruzinizi yaxşılıq və təqva ilə tələb edin.” Allah ruzini xalq arasında haram deyil, halal şəkildə bölmüşdür. Kim Allahdan qorxub səbr etsə, Allah onun ruzisini yetirəcək. Tələsərək hörmətsizlik edib haram yolla qazanmaq istəyən şəxsin haramı həmin halaldan çıxacaq və Allah həmin haramın hesabını Qiyamət günündə çəkəcək.”