Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Ayat namazı və onun qılınma qaydası

Məsələ 1: Göstərişi sonradan deyiləcək “ayat” namazı üç səbəblə vacib olur:

1. Günəşin tutulması.

2. Ayın tutulması; azca tutulsa və ondan heç kim qorxmasa da (vacib olur).

3. Vacib ehtiyata əsasən, zəlzələ zamanı; hətta heç kim qorхmasa da (vacib olur).

Amma göy gurultusu və ildırım, qara, qırmızı küləklər və bu kimi səma һadisələri baş versə və camaatın çoxu qorxsa, habelə yer batsa, dağlar uçsa və bu hadisələr camaatın çoxunun qorxmasına səbəb olsa, müstəhəb ehtiyata əsasən, ayat namazı tərk olunmamalıdır.

Məsələ 2: Əgər ayat namazını vacib edən səbəblərdən bir neçəsi baş versə, insan onların hər biri üçün bir ayat namazı qılmalıdır. Məsələn, həm günəş tutulsa, həm də zəlzələ olsa, iki ayat namaz qılmalıdır.

Məsələ 3: Bir şəxsin üzərinə bir neçə ayat namazının qəzası vacib olarsa, istər onların hamısı bir səbəbdən üzərinə vacib olmuş olsun (məsələn, üç dəfə günəş tutulsa və onların ayat namazını qılmamış olsun), istərsə də bir neçə səbəbdən boynuna vacib olmuş olsun (məsələn, günəş tutulması, ay tutulması və zəlzələ səbəbindən üzərinə vacib olarsa), bunları qəza edərkən, səbəblərdən hansı biri üçün ayat namazı qıldığını müəyyən etməsi vacib deyildir.

Məsələ 4: Ayat namazı vacib olan səbəblər harada baş verərsə və hiss olunarsa, yalnız həmin məntəqənin camaatı ayat namazı qılmalıdır və başqa məntəqənin camaatı üçün bu vacib deyildir.

Məsələ 5: Ayat namazına başlamağın vaxtı günəşin və ayın tutulmağa başladığı andan başlayıb, onların təbii hala dönməsi zamanına qədər davam edir. (Amma yaxşı olar ki, onların açılmağa başladıqları zamana qədər təxirə salınmasın.) Lakin ayat namazının tamamlanması günəş və ayın açılmasından sonraya qədər təxirə salına bilər.

Məsələ 6: Əgər ayat namazı günəş və ayın açılmağa başladığı zamana qədər təxirə salınsa, onu əda niyyəti ilə qılmağın eybi yoxdur. Amma tamamilə açıldıqdan sonra ayat namazını qılsa, onu qəza niyyəti ilə qılmalıdır.

Məsələ 7: Əgər günəş və ya ayın tutulmasının müddəti namazın bir rükəti və ya ondan bir qədər az olsa, şəxsin qıldığı namaz ədadır. Həmçinin onların tutulma vaxtının çox olmasına baxmayaraq, insan namazı qılmasa, bir rükət və ya daha az qıla biləcək qədər bir müddət onun vaxtının sonuna qalsa, ayat namazı vacib olur və əda niyyəti ilə qılınmalıdır.

Məsələ 8: İnsan zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi zaman ehtiyat edərsə və bunlar uzun müddət davam edəcəkdirsə, ayat namazını dərhal qılması lazım deyildir. Əks təqdirdə, zəlzələ kimi hallarda xalqın nəzərində təxirə salmaq sayılmayacaq şəkildə dərhal qılması lazımdır. Əgər təxirə salarsa, onu sonradan əda və ya qəza niyyəti etmədən qılması müstəhəb ehtiyatdır.

Məsələ 9: Əgər insan ay və ya günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra günəş və ya ayın bütünlüklə tutulduğunu bilsə, ayat namazının qəzasını qılmalıdır. Amma onun bir miqdarının tutulduğunu anlayarsa, ayat namazının qəzası ona vacib deyildir.

Məsələ 10: Bir qrup insan, ayın və ya günəşin tutulduğunu söylədikləri halda, onların sözündən yəqinlik və ya xatircəmlik hasil etmədiyinə görə ayat namazını qılmasa, əgər sonradan doğru söylədiklərini anlasa, günəşin və ayın bütövlükdə tutulduğu təqdirdə, ayat namazını qılmalıdır. Amma bir miqdarı tutulsa, ayat namazı qılmaq ona vacib deyildir. Günəş və ya ayın tutulduğunu xəbər verən iki nəfərin ədalətli olması məlum olmasa və sonradan onların ədalətli olduqları məlum olarsa, bu zaman insan ayat namazı qılmalıdır.

Məsələ 11: İnsan elmi yollarla günəş və ya ayın tutulma vaxtını bilən şəxslərin sözündən günəş və ya ayın tutulmasına xatircəm olarsa, ayat namazı qılmalıdır. Həmçinin əgər “filan vaxt günəş və ya ay tutulacaq və bu, filan müddətə qədər davam edəcək”-desələr və insan onların sözündən əmin olsa, onların sözünə əməl etməlidir.

Məsələ 12: Günəş və ya ayın tutulduğu üçün qıldığı ayat namazının batil olduğunu bilən bir şəxs onu yenidən qılmalıdır. Əgər vaxt keçərsə, qəza etməlidir.

Məsələ 13: Əgər gündəlik namaz vaxtında ayat namazı da vacib olarsa, bu zaman hər iki namaz üçün vaxt varsa, hər hansını əvvəl qılarsa, eybi yoxdur. Əks halda, hansının vaxtı dardırsa, əvvəl onu qılmalıdır. Əgər hər ikisinin vaxtı dardırsa, əvvəl gündəlik namazını qılmalıdır.

Məsələ 14: İnsan gündəlik namazlardan birini qılarkən, ayat namazının vaxtının dar olduğunu bilsə, bu halda gündəlik namazının da vaxtı dardırsa, onu tamamladıqdan sonra ayat namazını qılmalıdır. Amma gündəlik namazının vaxtı dar deyilsə, onu pozub əvvəl ayat namazını sonra isə gündəlik namazını qılmalıdır.

Məsələ 15: Əgər ayat namazının əsnasında gündəlik namazının vaxtının dar olduğunu başa düşsə, ayat namazını tərk edib, gündəlik namazını qılmalıdır və namazı bitirdikdən sonra namazı pozan bir iş görməzdən əvvəl ayat namazının qalanını tərk etdiyi yerdən davam etsin.

Məsələ 16: Əgər qadın heyz və ya nifas halında olsa, günəş ya ay tutulsa və ya zəlzələ baş versə, ona ayat namazı vacib deyil və qəzası da yoxdur.

Məsələ 17: Ayat namazı iki rükətdir və hər rükətdə beş ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir “Fatihə” və bir “surə”-ni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və yenidən bir “Fatihə” və bir “surə” oxusun, sonra yenə rukuya getsin. Beləcə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın. İkinci rükəti də birinci rükət kimi yerinə yetirsin, təşəhhüd desin və salam desin.

Məsələ 18: Ayat namazında mümkündür ki, insan niyyət, təkbir və “Fatihə”-dən sonra, bir “surə”-nin ayələrini beş yerə bölsün və bir ayə ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən, cümlə tamam olmalıdır və “surə”-nin əvvəlindən başlasın, “Bismillah”-deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. “Fatihə” oxumadan həmin surədən sonra ikinci hissəni oxusun və rukuya getsin. Beləcə, beşinci rukudan əvvəl surəni qurtarsın. Məsələn, “Fələq” surəsində birinci “Bismillahir-rəhmanir-rəhim. Qul əuzu birəbbil-fələq.”-desin və rukuya getsin, sonra qalxsın və desin: “Min şərri ma xələq.” Təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: “Və min şərri ğasiqin iza vəqəb.” Yenidən rukuya getsin və qalxıb desin: “Və min şərrin-nəffasati fil-uqəd.” Rukuya gedib, yenə də qalxıb desin: “Və min şərri hasidin iza həsəd.” Ondan sonra beşinci rukuya getsin və qalxandan sonra iki səcdə etsin. İkinci rükəti də birinci rükət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazının salamını versin. Həmçinin beşdən az hissəyə bölmək də caizdir. Lakin nə zaman surəni bitirsə, növbəti rukudan əvvəl “Fatihə”-ni oxuması lazımdır.

Məsələ 19: Əgər insan ayat namazının bir rükətində beş dəfə “Fatihə” və “surə” oxusa, digər rükətdə isə “Fatihə” oxuyub “surə”-ni beş yerə bölərsə, eybi yoxdur.

Məsələ 20: Gündəlik namazlarda vacib və ya müstəhəb olan əməllər ayat namazında da vacib və ya müstəhəbdir. Lakin ayat namazı camaatla qılınsa azan və iqamə əvəzinə “rəca” məqsədi ilə üç dəfə “əs-səlat”-demək olar. Amma camaatla qılınmadıqda bu lazım deyil. Lakin günəş və ya ayın tutulması istisna olmaqla, başqa işlər üçün ayat namazını camaatla qılınmasının şəriət baxımından qanuniliyi sübut olunmayıb.

Məsələ 21: Müstəhəbdir ki, rukudan əvvəl və sonra təkbir deyilsin. Beşinci və onuncu rukudan sonra təkbir müstəhəb deyil, əksinə, “səmiəllahu limən həmidəhu”-demək müstəhəbdir.

Məsələ 22: İkinci, dördüncü, altıncı, səkkizinci və onuncu rukudan əvvəl qunut tutmaq müstəhəbdir. Əgər qunutu yalnız onuncu rukudan əvvəl də oxusa, kifayətdir.

Məsələ 23: İnsan ayat namazını neçə rükət qıldığında şəkk etsə və şəkkini aydınlaşdıra bilməsə, namazı batildir.

Məsələ 24: Əgər insan birinci rükətin axırıncı rukusunda, yoxsa ikinci rükətin birinci rukusunda olduğunu şəkk etsə və şəkkini aydınlaşdıra bilməsə, namazı batildir. Amma məsələn, dörd, yoxsa beş ruku etdiyinə şəkk edərsə, əgər səcdəyə çatmayıbsa, yerinə yetirib-yetirmədiyinə şəkk etdiyi rukunu yerinə yetirməlidir. Əgər səcdə üçün əyilibsə, öz şəkkinə əhəmiyyət verməməlidir.

Məsələ 25: Ayat namazının rukularının hər biri rükndür. Belə ki, əgər bilərəkdən az və ya çox etsə, namaz batildir. Həmçinin əgər səhvən az və ya ehtiyata əsasən, çox etsə də, namaz batil olur.