Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Buğda, arpa, xurma və kişmişin zəkatı

Sual: Buğda, arpa, xurma və kişmişin zəkatında hansı şərtlər əsasdır?

Cavab: Buğda, arpa, xurma və kişmişin zəkatının iki şərti var:

Birinci: Nisab həddi. Buradakı nisab həddi 300 saadır. Bu isə deyilənə əsasən, 847 kq –a bərabərdir. Nisaba çatmayan miqdar üçün isə zəkat yoxdur. Əgər nisab həddinə çatarsa və ya artıq olarsa, az miqdarda olsa da zəkatı verilməlidir

İkinci: Zəkatın vacib olduğu vaxt həmin mal (zəkatını verməli olduğu mal), onun mülkiyyətində olmalıdır. Zakat vacib olduqdan sonra ( buğda, arpa, xurma və kişmiş) bir insanın mülkiyyətinə keçərsə ona zəkat vermək vacib deyil.

Sual: Buğda, arpa, xurma və kişmişə zəkat nə vaxt vacib olur?

Cavab: Qeyd olunanlar buğda, arpa, xurma və kişmiş deyildiyi vaxt zəkat vacib olur. Lakin nisab həddinə çatması buğda və arpa samandan, toz-torpaqdan təmizləndikdən, xurma və kişmiş yığılıb qurudulduqdan sonra hesablanmalıdır. Əgər qeyd olunanlar öz adları ilə adlandıqda  nisab həddinə çatarsa, lakin qurudulduqdan sonra nisab həddindən az olarsa, zəkat vacib deyil.

Sual: Buğda, arpa, xurma və kişmişin zəkatının miqdarı hansı hallarda dəyişir?      

Cavab: Buğda, arpa, xurma və kişmişin zəkatı aşağıdakı hallarda dəyişir:

Birinci: Yağış, çay və ya yerdə su arxı qazmaqla və bu kimi vasitələrlə heç bir əziyyət çəkmədən suvarılarsa, məhsulun 10%- ni zəkat olaraq çıxarmalıdı.

İkinci: Vedrə, su səpməklə və bu kimi vasitələrlə suvarılarsa, məhsulun 5% -nin zəkatını çıxarmaq vacibdir.

Üçüncü: Əgər bəzən yağış və bu kimi vasitələrlə, bəzən də vedrə və bu kimi vasitələrlə suvarılarsa, iki vasitədən hər hansı birindən daha çox istifadə edilərsə və digəri nəzərəçarpmayacaq dərəcədə az olarsa, çox istifadə edilən vasitənin hökmü tətbiq edilməlidir.

Dördüncü: Hər iki vasitədən eyni dərəcədə istifadə edərək suvarılarsa, belə ki, bir vasitədən istifadə digərindən çox olmasa, yaxud çox istifadə edilən vasitə digərini nəzərdən salacaq dərəcədə çox olmasa, məhsulun 1/10- nin ¾-ü  (7,5%) zəkat çıxarılmalıdır.

Sual: Zakatın vacib olmasında məhsulun  bir sahəyə aid olması şərtdirmi?

Cavab: Zəkatın vacib olması üçün məhsulun bir yerə aid olması şərt deyil. Əgər bir şəxsin hər hansı məntəqədə xurma bağları və ya əkin sahəsi olsa, lakin nisab həddinə çatmasa, həmçinin başqa məntəqədə də qeyd etdiyimiz  kimi mülkiyyəti olarsa, il ərzində iki məntəqədən əldə olunan məhsul birlikdə nisab həddinə çatarsa, zakatın çıxarılması vacibdir.

Sual: Zəkatın nisab həddi necə təyin edilir?

Cavab: Məhsulhn nisab həddi qədim əsrlərdə işlədilən şəri ölçülərə əsasən dini mətnlərdə təyin edilmişdir. Onların  ölçüləri indiki dövrdə dəqiq bilinmir. Həmçinin keyl ( qədim dövrdə məhsulun çəkisi üçün istifadə edilən xüsusi qab) ilə ölçülən mahsulların dəqiq çəkisini təyin etmək mümkün deyil. Çünki bu məhsullar formasına və digər səbəblərə görə ağırlıq və yüngüllük baxımından fərqlənir. Məsələn, arpa buğdadan çox yüngüldür. Həmçinin preslənməmiş xurmanın bir keylinin çəkisi buğdanın bir keylindən çox azdır. Çünki forma və tutduğu həcm baxımından xurma və buğda fərqli olduğundan qaba yığılan xurmalar arasında boşluq buğdaya nisbətdə daha çox olur. Həmçinin eyni məhsulun çəkisi belə, növ müxtəlifliyinə və rütubətliyinə görə fərqli olur. Buna əsasən də, bu məhsulların hamısına tətbiq oluna biləcək dəqiq çəki təyin etmək mümkün deyil. Lakin mükəlləfin vəzifəsini yüngülləşdirəcək hal budur ki, əgər yığdığı məhsulun nisab həddinə çatmadığına əmin deyilsə, ona zəkat çıxarmaq vacib deyil. Həmçinin yuxarıda qeyd etdiyimiz ölçü (847 kq) hər hansı ehtimal və təxminlərə baxmayaraq məhsulun nisab həddinə çatmasına əmin olmaq üçün yetərlidir. 

Sual: Əgər bir şəxs qeyd olunan məhsullara sahib ola, lakin zəkat vacib olduqdan sonra vəfat edərsə nə etmək lazımdır?

Cavab: Əgər bir şəxs qeyd olunan məhsullara sahib olsa, lakin zəkat vacib olduqdan sonra vəfat edərsə varislərə zəkat çıxarmaq vacibdir. Əgər zəkat vacib olmadan əvvəl vəfat edərsə, mülkiyyət bütövlükdə varislərə keçər. Varislərdən kimin miras payı nisab həddinə çatarsa zəkat çıxarmalı, kimin miras payı nisab həddində olmasa, ona zəkat vermək vacib deyildir.