Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Birja

Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi?

Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd olunanlar həmin şərtlərdəndir:

1. Sələm götürülməsi icazəli olmayan cəhətlərlə əlavə gəlir (sələm) əsasında alış-veriş edən bank və şirkətlərlə ortaqlıq etmək icazəli deyil. Çünki onların sərmayəsinə ortaq olmaq, onların sələm müamilələrinə qatılmaq deməkdir. Lakin əvvəlcədən sələm alış-verişinə qatılmağa razı olmadığını  bildirərsə, icazəlidir.

2. İxtiyarında olan məbləği araq alış-verişi kimi haram olan sektorlarda istifadə edən şirkətlərlə ortaqlıq icazəli deyil.

Sual: “Marja” (ticarətə başlamaq üçün lazım olan ilkin vəsait, sərmayə) adlanan sistemə əsaslanan birja fəaliyyəti ilə məşğul olmağın hökmü nədir? Məsələn, əgər sənin hesabında 10000 riyal məbləğində pul varsa, bu sistemin sayəsində 100000 riyal məbləğində, yəni sənin sərmayəndən 10 dəfə çox qiymətə olan səhmləri satın ala bilərsən. Bu məbləği şirkət tərəfindən səhmləri almaq üçün sənə verilən borc hesab edə bilərsən. Aldığın səhmləri satdıqdan sonra şirkət yalnız qoyduğu məbləği götürür, sənin qoyduğun sərmayə və əldə olunmuş gəlirlər isə sənə verilir. Lakin ziyana uğradığın təqdirdə, şırkət səndən yalnız qoyduğu məbləği götürür. Əgər məbləğ kifayət etməsə, qalan məbləği  sənin şəxsi hesabından çıxılır. Şirkət sənin nə qazancına, nə də ziyanına ortaq deyil. O, yalnız sənə verdiyi məbləği tələb edir.

Qoyduğun məbləğin artırılmasına gəlincə, by, qoyduğumuz sərmayənin neçə qat artıq olmasını istəməyimizdən asılıdır. Bu cür şirkətlərlə birja alış-verişi etməyin hökmü nədir? Məlumdur ki, bu şirkətlər valyuta, qızıl və neft alış-verişi ilə məşğul olur. Həmçinin o da məlumdur ki, bu şirkətlər qeyri-İslamidir.

Cavab: Əgər bu işlər şirkətin müəyyən qurumuna həvalə olunursa, məsələn, şirkətin müdiri tərəfindən sənə qeyd olunan məbləğ borc olaraq verilirsə, sonra şirkət (sənin hesabında olan) müəyyən məbləğ əsasında alış-verişlə məşğul olursa, zahirə əsasən, heç bir maneəsi yoxdur. Lakin neft və qızıl kimi çəki və ölçü ilə satılan əmtəənin şəriət baxımından şərtlərinə riayət olunması vacibdir. Allah (ən doğrusunu) bilir!