Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Cümə namazı

Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir?

Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir.

Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni anda namaza başlayarsa, hökmü nədir?

Cavab: Bu halda, hər ikisi batildir.

Sual: Qılınan iki cümə namazı arasındakı uzaqlıq məsafəsi nə qədər olmalıdır?

Cavab: Bir fərsəxdən az olmamalıdır.

Sual: Məmum cümə namazının ikinci rəkətinin rukusunda imama qoşularsa, bu namazla kifayətlənə bilərmi?

Cavab: Vacib ehtiyata əsasən, , bu namazla kifayətlənə bilməz və zöhr namazını da qılmalıdır.

Sual: Məmum ikinci rəkətin rukusunda əvvəl camaata qoşulub qalan bir rəkəti özü qılarsa, cümə namazı doğrudurmu?

Cavab: Doğrudur.

Sual: Cümə namazı fərdi qılınarsa, doğrudurmu?

Cavab: Fərdi qılınarsa, doğru deyildir.

Sual: Cümə namazı neçə rəkətdir?

Cavab: Cümə namazı iki rəkətdir.

Sual: Cümə namazını qılarsam, zöhr namazını da qılmalıyammı?

Cavab: Cümə namazı vacibi-təxyiridir. Cümə namazını qıldıqdan sonra zöhr namazını qılmağa ehtiyac yoxdur.

Sual: Cümə namazının vaxtı nə zamandır?

Cavab: Cümə namazının vaxtı, günəşin zəvalı ilə başlayır.