Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Diyatla (qan bahası ilə) bağlı bəzi hökmlər

Sual: Bir nəfər bir neçə aylar əvvəl ruhi xəstə olan bir şəxsin başına vurub, bu vurmada onun başında qızartı olmayıb. Sadəcə əlinin içi ilə başına vurub. Bu halda o, həmin ruhi xəstənin özündən halallıq almalıdır, ya qəyyumundan, yoxsa bu halda tövbə etməsi kifayətdir?

Cavab: Tövbə etsə, kifayətdir.

Sual:  Bir nəfər ruhi xəstə olan bir şəxsi əvvəllər döyübsə və bu halda onun boynuna diyə gəlibsə diyəni kimə verməlidir; ruhi xəstənin özünə, yoxsa onun qəyyumuna? Bunların hansı birindən halallıq alınsa kifayət edərmi?

Cavab: Halallıq almaq kifayət deyil. Qəyyumuna diyə verməlidir.

Sual:  Ruhi xəstəni sözlə incudən şəxs, kimdən halallıq alınmalıdır? Əgər həmin şəxs tövbə edərsə, kifayət edərmi?

Cavab: Tövbə etmək, kifayətdir.

Sual: Boynuna diyə vacib olan şəxs vurduğu şəxsi tapa bilmirsə bunu sahibinin adından sədəqə verməlidir. Sual belədir ki, diyəni pul şəklində yox, mal şəklində vermək olarmı, məsələn, üzərinə bir yarım dinar diyə vacib olan şəxs bunun dəyərini dəyərli kitablar və s. mülkdən hesablayıb sahibinin adından sədəqə verə bilərmi?

Cavab: Pulu verə bilər, malı yox.

Sual: Bir nəfər hərbi-xidmətdə olarkən əsgər yoldaşının dizdən aşağı sümük olan hissəsinə botinka ilə vurmuşdur və deyir ki, belə bir zərbə adətən ayağı göyərdir. Onun boynuna gələn diyə nə qədərdir? Həmin yerin göyrəməsi və qaralmasının hər ikisinin diyəsini yazmağınızı xahiş edirik.

Cavab: Göyərsə, təxminən 5 qram yarım xalis qızılın qiyməti, qaralarsa, onun iki bərabərini vermək lazımdır.

Sual: Bir nəfər hərbi xidmətdə olarkən əsgər yoldaşının qarnına zərbə vurarmış və onun da bu zərbədən qarnı sancılanarmış. Yəni, qızarma olmadan, sadəcə daxili orqanlarında problem olardı, zahirən sancılanma olduğu bilinərdi, başqa hansı fəsadlar verdiyi məlum deyil. Bu halda diyə vacib olarmı?

Cavab: Məlum olmalıdır ki, hansı formada zədələyib.

Sual: Bir nəfərin çənəsinə yumuruq zərbəsi vurulub, lakin bilmir ki, qızarıb, ya göyərib. Bəlkə də heç qızarmayıb. Bu halda diyə vacib olarmı?

Cavab: Lazım deyil.

Sual: Kiməsə zərbə vurduqda zahirdə bir qızarma, göyərmə olmasa, yalnız daxili orqanlarında problem yaranarsa hökm nədir, yəni bu halda da diyə vacib olarmı və əgər vacib olarsa xahiş edirik ki, miqdarını bildirəsiniz. 

Cavab: Məlum olmalıdır ki, hansı formada zədələyib.