Döymə vurmaq haramdırmı?

Sual:  Döymə vurmaq haramdırmı?

Cavab:  Öz-özlüyündə caizdir.

Sual: İynə vasitəsi ilə bədənə vurulan döymənin hökmü nədir?

Cavab: Öz-özlüyündə caizdir.

Sual: Heyvan şəkillərinin döyməsini vurmaq caizdirmi?

Cavab: Caizdir, lakin döymə öz-özlüyündə bəyənilən iş deyil və bəzi hədislərdə bu əməl məzəmmət olunub.

Sual: Pak imamların (ə) şəkillərinin və müqəddəs adlarının döyməsini vurmaq caizdirmi?

Cavab: Hörmətsizlik sayılarsa, caiz deyil.

Sual: Qadınlara, qaşların üzərinə “tatu” adlanan rəngli döymə  vurmaları caizdirmi?

Cavab: Öz-özlüyündə caizdir. Lakin ürfdə bəzək sayılarsa, ona yad olan şəxslərin görməməsi üçün üzərini örtmələri vacibdir.

Sual: “Döymənin dərinin altına vurulması”- dedikdə, nəyi nəzərdə tutursunuz və mən bunu neçə ayırd edə bilərəm?

Cavab: Bundan məqsəd, maddənin dərinin altına yeridilməsidir və döymə vuranlar bunu daha yaxşı bilir.

Sual: Mən imam Əli (ə)-ın adını əlimə döydürmək istəyirəm. Bunun hökmü nədir?

Cavab: Şəriət baxımından bu əməlin müstəhəb olması sübut olunmayıb. Daha yaxşı olar ki, ona təqvalı (pəhrizkar), çalışqan, iffətli və doğrucul olmaqla təqlid edilsin. Necə ki, imam (ə) bizim ona qüsurlu şəkildə deyil, gözəl formada mənsub olmağımızı tövsiyə edib.

Sual: Qadınlara bəzək üçün döymə vurmaları caizdirmi? Döymə dəstəmaza xələl gətirirmi?

Cavab: Öz-özlüyündə caizdir. Lakin bəzək sayılarsa qadının onu yad şəxslərə nümayiş etdirməsi caiz deyil. Əgər boya dərinin üzərinə vurulsa və bu da, suyun dəriyə çatmasına maneə yaradarsa, dəstəmaz zamanı onu aradan qaldırmaq vacibdir. Boyanı aradan qaldırmaq mümkün olmasa, onunla döymə vurmağın caiz olması mübahisəlidir. Allah müvəffəq edəndir!