Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida məhsullarından 1 “sa”, təqribən, 3 kq “müstəhəq”-ə verməlidir. Əgər onların hər hansının pulunu versə də, kifayətdir. Vacib ehtiyata əsasən, öz məntəqəsində adi olmayan yeməklərdən hətta məsələn, buğda, arpa, xurma və kişmiş olsa belə, verməsin.

Məsələ 2: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan, onun və ailəsinin xərclərini təmin edəcək bir qazancı da olmayan şəxs fəqir sayılır və onun fitrə zəkatı verməsi vacib deyildir.

Məsələ 3: İnsan “Fitr” bayramı gecəsinin qürubu zamanı onun öhdəsində olan şəxslərin fitrəsini verməlidir; istər kiçik olsun, istərsə də böyük, istər müsəlman olsun, istərsə də kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə də vacib olmasın, istər onun şəhərində olsun, istərsə də başqa şəhərdə.

Məsələ 4: Əgər bir şəxs başqa şəhərdə yaşayan və öhdəsində olan bir şəxsi onun malından özünün fitrəsini verməyə vəkil etsə, fitrəsini verəcəyinə xatircəm olduğu təqdirdə özünə onun fitrəsini verməsi lazım deyildir.

Məsələ 5: “Fitr” bayramı gecəsi qürubdan əvvəl gəlib onun yanında qalan və öhdəsində olan - müvəqqəti olsa da – hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacibdir.

Məsələ 6: “Fitr” bayramı axşamı, gün batdıqdan sonra gələn qonağın fitrəsini vermək onun öhdəsində hesab olunarsa, ehtiyata əsasən, vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin öhdəsində hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.

Məsələ 7: “Fitr” bayramı axşamı qürub zamanı dəli olan şəxsin dəliliyi bayram gününün günortasına qədər qalarsa, ona fitrə zəkatı vermək lazım deyildir. Əks təqdirdə, vacib ehtiyata əsasən, fitrəni verməlidir.

Məsələ 8: Əgər gün batmazdan əvvəl uşaq yetginlik həddinə çatsa, dəli ağıllansa və fəqir dövlətli olsa, fitrənin vacib olma şərtləri onda olduğu təqdirdə, fitrə zəkatını verməlidir.

Məsələ 9: “Fitr” bayramı axşamı, gün batan vaxt fitrə zəkatı vacib olmayan şəxs bayram gününün günortasına qədər, fitrənin vacib olma şərtləri onda olsa, vacib ehtiyata əsasən, fitrə zəkatını versin.

Məsələ 10: “Fitr” bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib deyil, amma şiə olmayan müsəlman ayı gördükdən sonra şiə olsa, fitrə zəkatını verməlidir.

Məsələ 11: Yalnız bir “sa”, təqribən, 3 kq buğda və bu kimi qidalara malik olan şəxsə müstəhəbdir ki, fitrə zəkatı versin. Əhli-əyalı olub, onların da fitrə zəkatını vermək istəsə, həmin 3 kq-ı fitrə niyyəti ilə ailə üzvlərindən birinə, o da bu niyyətlə bir başqasına verə bilər və bu qayda ilə ailə üzvlərinin sonuncusuna qədər dolandıra bilər. Yaxşı olar ki, sonuncu şəxs aldığı qidanı ailə üzvlərindən sayılmayan bir başqasına versin. Əgər onlardan biri dəli, yaxud uşaqdırsa, uşağın qəyyumu onun yerinə ala bilər. Amma müstəhəb ehtiyata görə, onun niyyətinə yox, özü üçün alsın.

Məsələ 12: “Fitr” bayramı gecəsi, gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan qabaq övlad sahibi olsa yaxud evlənsə, onun öhdəsində sayıldığı təqdirdə, fitrəsini verməlidir. Əgər başqasının öhdəsində olsalar, ona vacib deyil. Əgər başqa bir şəxsin öhdəsində deyillərsə, qadının fitrəsi özünə vacibdir, övlada isə bir şey vacib deyil.

Məsələ 13: Əgər insan birinin öhdəsində olsa və qürubdan əvvəl başqasının öhdəsində olsa, onun fitrəsi sonrakı şəxsə vacibdir. Məsələn, əgər qız gün batmazdan əvvəl ər evinə getsə, əri onun fitrəsini verməlidir.

Məsələ 14: Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə fitrə vermək vacib deyildir. Amma ona vacib olan şəxs ödəməsə və ya verə bilməsə, ehtiyata əsasən, onun özünə vacib olur. Əgər 1948-ci məsələdə deyilən şərtlər onda olsa, öz fitrəsini verməlidir.

Məsələ 15: Fitrəsi başqasına vacib olan şəxs öz fitrəsini versə, onun fitrəsi başqasına vacib olan şəxsin öhdəsindən qötürülmür.

Məsələ 16: Seyid olmayan şəxs seyidə fitrə verə bilməz. Hətta əgər bir seyid onun öhdəsində olsa belə, onun fitrəsini başqa seyidə verə bilməz.

Məsələ 17: Ana və ya dayədən süd əmən uşağın fitrəsi ana və ya dayənin xərclərini verən şəxsə vacibdir. Lakin ana və ya dayə öz xərclərini uşağın malından götürsə, uşağın fitrəsi heç kəsə vacib deyil.

Məsələ 18: İnsan ailəsinin xərclərini haram maldan versə də, onların fitrəsini halal maldan verməlidir.

Məsələ 19: Əgər insan usta, xərrat və xidmətçi kimi əcir tutduğu şəxsin onun öhdəsində hesab olunacaq şəkildə xərclərini versə, onun fitrəsini də verməlidir. Amma yalnız onun işinin haqqını versə, onun fitrəsini vermək  ona vacib deyildir.

Məsələ 20: Əgər bir şəxs “Fitr” bayramı gecəsi, gün batmazdan əvvəl ölsə, onun və ailə üzvlərinin fitrəsini onun malından vermək vacib deyildir. Əgər gün batandan sonra ölsə, alimlərin çoxu buyurmuşlar ki, onun və ailə üzvlərinin fitrəsini onun malından vermək lazımdır. Amma bu hökm mübahisəlidir. Ehtiyatın tələbinə əsasən, tərk edilməsin.

Məsələ 21: Fitrə zəkatını vacib ehtiyata əsasən, yalnız fəqirlərə vermək lazımdır. Burada mal zəkatına “müstəhəq” olanların şərtlərinə malik olan şiə fəqirlər nəzərdə tutulur. Əgər onun məntəqəsində şiə fəqir yoxdursa, başqa müsəlman fəqirlərə də verə bilər. Amma hər halda, “nasibi”-yə (Əhli-beytlə düşmənçilik edən) verilməməlidir.

Məsələ 22: Əgər bir şiə uşağı fəqir olsa, insan fitrəni onun xərcinə çatdıra bilər və ya uşağın qəyyumuna verməklə uşağın mülkü edə bilər.

Məsələ 23: Fitrə verilən fəqirin ədalətli olması vacib deyildir. Lakin vacib ehtiyata əsasən, şərabiçən, namaz qılmayan və aşkar şəkildə günah edənə fitrə verilməsin.

Məsələ 24: Fitrəni günah işlərdə xərcləyən şəxsə fitrə vermək olmaz.

Məsələ 25: Müstəhəb ehtiyata görə, bir fəqirə təqribən, 3 kq-dan ibarət 1 “sa” miqdarından az fitrə verilməsin, cəm olan fəqirlərə çatmasa, bu hal istisnadır. Lakin çox verilsə, heç bir eybi yoxdur.

Məsələ 26: Qiyməti adi qiymətdən iki dəfə artıq olan maldan, məsələn, adi buğda qiymətindən iki dəfə çox olan buğdadan yarım “sa” fitrə versə, kifayət etməz. Hətta əgər onu fitrə qiyməti məqsədi ilə versə də, kifayət deyildir.

Məsələ 27: İnsan yarım “sa” çəkisi olan bir cinsdən, məsələn, buğdadan və onun başqa yarısını isə arpadan fitrə verə bilməz, əgər onu fitrə qiyməti məqsədi ilə versə də, kifayət deyildir.          

Məsələ 28: Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından üstün tutmaq müstəhəbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır.

Məsələ 29: Əgər insan birinin fəqir olmasını güman edib ona fitrə versə, sonra fəqir olmadığını anlasa, ona verdiyi mal aradan getmədiyi təqdirdə geri alıb “müstəhəq”-ə verməlidir. Əgər ala bilməsə, öz malından fitrə əvəzi verməlidir. Əgər verdiyi mal aradan getmişdirsə, fitrəni alan şəxs aldığı malın fitrə olduğunu bilirdisə, onun əvəzini verməlidir. Əgər bilmirdisə, onun əvəzini vermək ona (fitrəni alan), vacib deyil və insan fitrəni yenidən verməlidir.

Məsələ 30: Bir şəxsin “mən fəqirəm”-deməsi ilə ona fitrə vermək olmaz. Amma onun sözündən insana xatircəmlik hasil olsa və yaxud əvvəllər onun fəqir olduğunu bilirdisə, ona fitrə verə bilər.

Məsələ 31: İnsan fitrə zəkatını “qürbət” niyyəti ilə, yəni, Allah-taalanın əmrini yerinə yetirmək və Ona bəndəçilik məqsədi ilə verməli və onu verən zaman fitrə vermək niyyətini etməlidir.

Məsələ 32: Ramazan ayından əvvəl fitrə vermək düzgün deyildir, və yaxşı olar ki, Ramazan ayında da fitrəni verməsin. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə və ondan sonra fitrə ona vacib olsa, öz tələbini fitrə əvəzi hesab etsə, eybi yoxdur.

Məsələ 33: Fitrə üçün verdiyi buğda və ya başqa bir şey başqa bir malla, yaxud torpaqla qarışıq olmamalıdır. Əgər qarışıbsa, onun təmizi təqribən, 3 kq-dan ibarət bir “sa” miqdarında olsa və ayırmadan istifadəsi mümkün olsa, yaxud ayırmaq daha çox bir zəhmət tələb etməsə və yaxud qarışıq olan şey etina edilməyəcək qədər az olsa, eybi yoxdur.

Məsələ 34: Əgər fitrəni qüsurlu bir maldan versə, vacib ehtiyata əsasən, kifayət etməz.

Məsələ 35: Bir neçə nəfərin  fitrəsini verən adama hamısını bir maldan verməsi lazım deyildir. Məsələn, bəzisinin fitrəsini buğdadan, bəzisinin fitrəsini isə arpadan versə, kifayətdir.

Məsələ 36: “Fitr” bayramı namazını qılan şəxs vacib ehtiyata əsasən, bayram namazından əvvəl fitrəni verməlidir. Amma bayram namazı qılmasa, fitrəni günortaya qədər gecikdirə bilər.

Məsələ 37: Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü günortaya qədər “müstəhəq”-ə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, eybi yoxdur.

Məsələ 38: Əgər bayram günü günortaya qədər fitrəni verməsə və kənara belə qoymasa vacib ehtiyata əsasən, sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.

Məsələ 39: Əgər fitrəni ayırıb kənara qoysa, onu özünə götürüb, başqa malı fitrə üçün onun yerinə qoya bilməz.

Məsələ 40: İnsanın fitrəsinin qiymətindən çox olan bir malı olsa və fitrə verməyərək həmin malın bir miqdarının fitrə üçün olmasını niyyət edərsə, vacib ehtiyata əsasən, kifayət etməz.

Məsələ 41: Əgər fitrə üçün ayırdığı mal aradan getsə, fəqirə əli çatdığı təqdirdə, fitrəni gecikdiribsə və ya qorumaqda səhlənkarlıq edibsə, onun əvəzini verməlidir. Əgər fəqirə əli çatmamışsa və ya qorumaqda səhlənkarlıq etməyibsə, zamin deyildir.

Məsələ 42: Əgər öz məntəqəsində “müstəhəq” tapsa, vacib ehtiyata əsasən , fitrəni başqa məntəqəyə aparmasın, əgər başqa məntəqəyə aparıb “müstəhəq”-ə versə kifayət edər. Əgər başqa məntəqəyə apardığı zaman tələf olsa, onun əvəzini verməlidir.