Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Əqiqənin hökmləri

1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə etməsələr və böyüyüb yetkinlik yaşına çatarsa, özü üçün əqiqə etməsi müstəhəbdir. Əgər hali-həyatında biri üçün əqiqə etməsələr, ölümündən sonra onun adından əqiqə etməyin maneəsi yoxdur.

2. Əqiqə üç heyvandan biri olmalıdır; xırda buynuzlu heyvan – istər qoyun olsun, istərsə keçi – inək və dəvə. Əqiqənin əvəzinə heyvanın qiyməti miqdarında sədəqə vermək kifayət etmir. Lakin əqiqənin əvəzinə müstəhəb qurban kəsmək kifayət edir.

3. Əqiqə heyvanının kök olması müstəhəbdir. Bəzi hədislərdə deyilir ki, “Onun (əqiqə üçün kəsilən heyvanın) ən yaxşısı, kök olanıdır.” Deyilənlərə görə, əqiqə heyvanında qurbanlıq heyvanı üçün nəzərdə tutulmuş şərtlərin mövcud olması, qüsursuz olması, dəvənin beş yaşdan, inək və keçinin iki yaşdan və qoyunun isə yeddi aylıqdan kiçik olmaması müstəhəbdir. Amma bu söz sabit deyildir. Bəzi hədislərdə deyilir: “O (əqiqə), yalnız qoyundur. (Əqiqə olaraq kəsilən qoyunun) əti qurbanlıq kimi deyil. Onu hər şey əvəz edir.”

4. Əqiqə heyvanını doğrayarkən sümüyünü sındırmamaq lazımdır.

5. Əqiqənin ayaq və bud tərəfləri olan hissəsi daxil olmaqla dörddə birini mamaçaya vermək müstəhəbdir. Əqiqəni ət və bişirilmiş xörək kimi paylamaq caizdir. Həmçinin onu bişirib möminlərdən bir neçə nəfəri yemələri üçün dəvət etmək caizdir. Daha yaxşı olar ki, möminlərin sayı on nəfər və ya daha çox olsun, onu yeyib körpə üçün dua etsinlər.

6. Atanın, uşağı saxlamağı öhdəsinə alanın, xüsusilə ananın əqiqədən yeməsi məkruhdur. Ehtiyata əsasən, ananın əqiqədən yeməməsi müstəhəbdir.