Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Həccin vacib olması

Sual: Əgər Məkkə hacılardan boş qalarsa, bu zaman insanlar həccə məcbur edilməlidirlərmi?

Cavab: Bəzi mötəbər hədislərdə nəql olunub ki, müsəlmanların imamı Məkkəni hacılardan boş qalmasına icazə verməməli, insanları həcc etməyə məcbur etməli və imkanı olmayanlara isə həcc etmələri üçün beytül-maldan xərcliklərini ödəməlidir. Bu hökm, həzrət Peyğəmbərin (s) qəbrini ziyarət etməyə də şamildir.

Sual: Müstəti (həccə getmək imkanı olan) gənc oğlanın universitet imtahanları həcc vaxtına təsadüf edib. Əgər o, həccə gedərsə təhsilinə mənfi təsir göstərər. Bu halda o, nə etməlidir?

Cavab: Əgər o, həcci növbəti il yerinə yetirə biləcəyinə əmin olsa, bu halda (həcci növbəti ilə qədər) gecikdirməsi icazəlidir. Əks təqdirdə, həcci bu il yerinə yetirməsi vacibdir. Bəli, əgər bu onun imtahandan kəsilməsinə və ilinin itməsinə səbəb olsa – ki, adətən bu cür hal dözülməz sıxıntı ilə nəticələnir – vacib deyil.