Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Həccin vacib olma şərtləri

Sual: Həccə getmək üçün müstəti olan qadının əri, ona həccini yerinə yetirməyi qadağan edir və (sözünü dinləməyib) müxalif olduğu təqdirdə, boşayacağı ilə hədələyir. Qadın ərinin təhdidi icra etməsindən (onu boşamasından) qorxduğu üçün həcci tərk edə bilərmi? Qadının istitaəti (həccə getmək üçün imkanlı olması halı) bundan sonra da davam edərsə, nə etməlidir?

Cavab: Ərin boşanma ilə hədələməsinə görə həcc onun öhdəsindən götürülməz. Bəli, əgər o, boşanmadan zərərə düşəcəksə, yaxud ərinin sonra onu boşayacağına əmin olarsa və boşanmaya görə, adətən dözülməz sixintiya düşəcəksə, həcci başqa vaxta qədər gecikdirə bilər.  Əgər üzrünün aradan getməsinə ümidi olmasa, (onun əvəzindən həcci yerinə yetirməsi üçün) naib tutmalıdır. Həccin vacib olması ilə yanaşı onu tərk etsə, istitaət aradan getsə belə, həcc onun öhdəsində (vacib olaraq) qalar və onu yerinə yetirməlidir.

Sual: Həccə getmək üçün müstəti olan qadının əri, təvaf və səy etmək, kişilərlə bir yerdə yerimək gücündə olmadığını iddia edərək həcci ona qadağan edərsə, qadının vəzifəsi nədir?

Cavab: Əgər ərinin sözünə qarşı çıxa və onu qoruyacaq bir şəxslə gedə bilərsə, bunu etməlidir. Əri ona həcci qadağan edə bilməz.

Sual: Həccə getmək üçün müstəti olan qadının əri, həcc aylarında dünyasını dəyişərsə, qadına “vəfat iddəsi” ərəfəsində həccə getməsi vacibdirmi?

Cavab: Bəli, vacibdir və səfər əsnasında da matəmin qaydalarına riayət etməlidir.