Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Həcci tərk edən şəxsin hökmü

Sual: Üzərində həcc vacib olduğu halda səhlənkarlıq edən şəxsin (həcci tərk edən şəxsin) hökmü nədir?

Cavab: Möminlərin əmiri imam Əli (ə) həcc barədə belə vəsiyyət edib: “Rəbbinizin evinin həccini tərk etməyin ki, həlak olarsınız.” İmam Cəfər Sadiq (ə) buyurub: “Əgər insanlar evin həccini tərk etsələr, onlara gözlənilən əzab nazil olar.” Həccin vacib olma şərtləri cəm olduqdan sonra səhlənkarlıq üzündən onu tərk etmək böyük günahlardandır.

Hədislərin birində deyilir: “Əgər bir kişi həcc etməyə gücü çatdığı halda onu tərk edərsə, İslamın qanunlarından birini tərk etmiş olar.” Başqa bir hədisdə deyilir: “Hər kim həcci ölənə qədər gecikdirsə, Allah Qiyamət günündə onu ya yəhudi, ya da xristian olaraq dirildər.”

Sual: Həcci tərk etmək küfr sayılırmı?

Cavab: Həcc – İslam şəriətinin məşhur vacib əməllərindəndir. Quran-kərim onun vacib olduğunu bildirib. Allah-təala hikmətli kitabında buyurub: “Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!” (Ali-İmran, 97)

Allah-təala həccin əhəmiyyətinə təkidlə vurğulayaraq onu tərk etməyi küfrlə bərabər tutmuşdur.

Həcc – İslamın üzərində qurulduğu beş sütundan biridir. İmam Məhəmməd Baqirdən (ə) nəql olunan bir hədisdə deyilir: “İslam beş şeyin üzərində qurulub; namaz, zəkat, həcc, oruc və vilayət.”