Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Haram edilmiş alış-verişlər

Sual: Haram edilmiş alış-verişlər hansılardır?

Cavab: Haram edilmiş aliş-verişlər çoxdur. Aşağıdakılar haram edilmiş aliş-verişlərdir:

1. Maye halda olan sərxoşedici, ov üçün olmayan it, donuz, həmçinin murdar olmuş (leş) ət satmaq vacib ehtiyata əsasən, haramdır. Qeyd olunan bu dörd murdardan başqa digər murdar əşyalardan mənfəət əldə edilməsi mümkün olduğu təqdirdə, məsələn, nəcisdən kübrə kimi istifadə edilərsə, (muzd müqabilində) qan vermə kimi hallarda onların alış-verişi icazəlidir. Baxmayaraq ki, tərk olunması müstəhəb ehtiyatdır.

2. Qəsb olunmuş əmlakın alış-verişi.

3. Vacib ehtiyata əsasən, yırtıcı heyvanlar kimi adətən halal mənfəəti olmayan dəyərsiz bir şeyin alış-verişi.

4. Mənfəəti yalnız haram məqsədlər üçün olan qumar və ləhv alətləri kimi əşyaların alış-verişi.

5. Riba (sələm) xarakterli alış-verişlər.

6. “Ğuşş” (aldatma) xarakterli müamələlər. “Ğuşş”-un bir neçə növü var:

– Alış-verişi tələb olunan malla qeyrisini bilinməsi mümkün olmaycaq surətdə qarışdırmaq. Məsələn, kərə yağına piy qatmaq kimi.

– Satılan əşyanı olmadığı xüsusiyyətdə göstərməyə çalışmaq. Məsələn, təzə görsənsin deyə tərəvəzin üzərinə su səpmək kimi.

Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olunan hədisdə buyurulur: “Müsəlmanı aldadan, ona zərər verən və ya ona qarşı hiylə işlədən bizdən deyil”. Digər bir hədisdə isə belə buyurulur: “Kim müsəlman qardaşını alış-verişdə aldadarsa, Allah onun ruzisindən bərəkəti çəkər, dolanışığını çətinləşdirər və onu öz öhdəsinə buraxar”.

Sual: Qumardan qazanılmış və ya oğurluqla əldə olunmuş pulla alış-veriş etmək düzgündürmü?

Cavab: Qumardan qazanılmış, oğurluqla əldə olunmuş və ya batil müamilə ilə edilən alış-veriş düzgün deyil. Əgər müştəri bu yolla bir şey alarsa, onu sahibinə qaytarması vacibdir.

Sual: Çəki və ölçü ilə satılan əşyaları artıq almaq müqabilində satmaq olarmı?

Cavab: Çəki və ölçü ilə satılan əşyaları artıq almaq müqabilində satmaq haramdır. Məsələn, 1 kq buğdanı 2 kq buğda müqabilində satmaq kimi. Həmçinin əgər dəyişilən mallardan biri yaxşı digəri eyibli və ya biri əla növ digəri isə ikinci dərəcəli növ, yaxud da başqa səbəbdən qiymətləri fərqli olarsa da, bu hökm keşərlidir. Əgər zinət əşyası formasında olan qızılı verib çəkidə daha artıq külçə formasında qızıl alarsa, bu, ribadır və haramdır. 

Sual: Birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi?

Cavab: Özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd olunanlar həmin şərtlərdəndir:

1. Sələm götürülməsi icazəli olmayan cəhətlərlə əlavə gəlir (riba) əsasında alış-veriş edən bank və şirkətlərlə ortaqlıq etmək icazəli deyil. Çünki onların sərmayəsinə ortaq olmaq, onların sələm alış-verişlərinə qatılmaq deməkdir. Lakin əvvəlcədən sələm alış-verişinə qatılmağa razı olmadığını  bildirərsə, icazəlidir.

2. İxtiyarında olan məbləği araq alış-verişi kimi haram olan sektorlarda istifadə edən şirkətlərlə ortaqlıq icazəli deyil.

Sual: Mənim bir milyon dinar məbləğində pulum var. Həmin məbləği bir tacirə verdim ki, məbləğin qaytarılmasına zəmanət daşımaq şərti ilə hər ay qazancdan mənə 100 dollar məbləğində pul versin. Bu alış-veriş düzgündürmü?

Cavab: Bu, ribadır və haramdır.

Sual: Son zamanlarda İraqda yeni alış-veriş forması meydana çıxıb. Bu alış-veriş üç nəfər (borc verən, borc alan və üçüncü şəxs) arasında icra edilir. Belə ki, borc verən şəxs üçüncü tərəfdən bir milyon dəyərində bir şey alır və həmin əşyanı bir milyon üç yüz min dinara borc alan şəxsə satır. Borc alan şəxs də öz növbəsində həmin əşyanı bir milyon dəyərində yenidən üçüncü şəxsin özünə satır. Sonra borc alan şəxs borc verənə 3 ay müddətində bir milyon üç yüz min məbləğ verəcəyini öhdəsinə götürür. Bu alış-veriş düzgündürmü? (Bu alış-verişdən məqsəd ribadan (sələmdən) yayınmaqdır.)

Cavab: Əgər satılan əşya çəki və ya ölçü ilə satılırsa müştərinin (suala əsasən, borc alan şəxs) malı əldə etməmiş sualda fərz olunduğu kimi onu başqasına satması icazəli deyil. Əgər həmin əşya çəki və ya ölçü ilə satılmırsa, bu alış-verişin heç bir maneəsi yoxdur.