Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Hilalın sabit olması

Sual: Astronomiya elminin — yanılmaq ehtimalı nisbətinin, demək olar ki, olmadığı — möhkəm elmi əsaslara və dəqiq riyazi hesablamalara istinad etməsinə baxmayaraq, ağamız (kölgəsi üstümüzdən əskik olmasın!) qeyd etmişdir ki, ayın görünməsi astronomların verdikləri məlumatlar ilə təsbit olmur. Astronomlar mütəmadi olaraq Günəşin, Ayın və Günəş sistemindəki digər hərəkətdə olan məlum planetlərin çıxma vaxtlarının cədvəllərini tərtib edirlər. Bu cədvəllərin son dərəcə dəqiq olması və ən azından cari əsr ərzində, bir dəfə də olsun, reallıqdan geri qalmaması nəzərə çarpmaqdadır. Həmçinin, astronomların ayın son günlərinə daxil olmasını və çıxmasını (yenidən doğmasını), görülməsi üçün müəyyən vaxtı, Günəşin yarımdairəsi ilə olan bucaq dərəcəsinin ölçüsünə görə uzaqlığının miqdarı, eləcə də, bucaq dərəcəsinin ölçüsünə görə üfüq üzərindən yüksəkliyinin miqdarı, Yerə ən uzaq məsafəsi və Yerə ən yaxın məsafəsi xüsusunda olan müşahidələrinin hər biri ehtimallar deyil, alimlərin və astranomiya tələbələrinin bildikləri — əminliklə hesablanan dəqiq məlumatlardır.

Elə isə, bəs nə üçün yeni ayın daxil olmasına dair hökmün verilməsində inam bəslənilən astronomların ayın doğulması barədə verdikləri məlumata etimad edilmir?

Cavab: Şəri dəlillərdən hasil olan nəticə budur ki, hicri-qəməri ayının başlanmasını təyin etməkdə mötəbər olan hal Ayın, bulud və sair bu kimi kənar maneələr olmadığı təqdirdə, üfüqdə sadə, mücərrəd gözlə görüləcək dərəcədə aşkar olmasıdır. Sadəcə, Ayın doğması və üfüqdə mütləq olaraq gözlə görülməyəcək və ya ancaq yaxınlaşdırıcı cihazlar vasitəsilə və astronomik mərkəzlərdən dəqiq müşahidə nəticəsində görüləcək şəkildə mövcud olması kifayət deyildir. Buna əsasən də astronomların Ayın doğması və son mərhələdən çıxması barədə verdikləri məlumat, dəqiq riyazi hesablamalara söykənsə də, yeni qəməri ayının daxil olmasına hökm vermək üçün yararlı sayılmır. Onların müəyyən bölgələrdə Ayı mütləq və ya, özləri ifadə etdikləri kimi, ideal şəraitdə birbaşa gözlə görməyin mümkünlüyü barədə xəbər vermələrinə gəlincə isə bu, iki məsələdən asılıdır:

Birincisi: Ayın həmin bölgələrdəki vəziyyətinə dair aparılan astronomik hesablamalardan. Yəni, Ayın (günlərin sayına görə) ömründən, üfüqdən yüksəklik dərəcəsindən, Günəşə olan bucaq dərəcəsinin ölçüsündən və eləcə də, görünməsinə təsir edən digər bu kimi amillərdən.

İkincisi: Ayın sadə gözlə görünməsində — ömür, yüksəklik, Günəşdən uzaqlıq və s. baxımından — ən bəsit şərtlərin təsdiqini tapması üçün onun fəzadakı hərəkətinin izlənməsinə istinad edən astronomik təcrübələrdən. Bu xüsusda da astronomların rəyləri müxtəlif olmuşdur. Məsələn, onların bəziləri Ayı doğduqdan 14 saat sonra görməyin mümkünlüyünü söylədiyi halda, digərləri isə bunun üçün ən azı 16 saatın, bir başqaları 18 saatın keçməsini şərt qoyur. Həmçinin, digər rəqəmlər də deyilir. Eləcə də, bəziləri Ayı Günəş batan zaman üfüqdən 4 dərəcə yüksəklikdə olduğunda görməyin mümkünlüyünü iddia edərkən, digərləri onun görünməsi üçün ən azı 5 dərəcə hündürlüyün tələb olunduğunu bildirirlər. Böyük bir qismi bunu 6 dərəcə göstərir və digər rəqəmlər də deyilir. Ayın görünməsinə təsir edən digər amillərdə də vəziyyət belədir. Odur ki, mükəlləf şəxs Ayı görmək məsələsində rəyə və ehtimala etimad etməkdən çəkindirən hədislərə əsasən, Ayın hər hansı bir bölgədə sadə gözlə görülə biləcək şəkildə aşkar olduğunu dəqiqləşdirmədən astronomların onun görünməsinin mümkünlüyü barədə verdikləri xəbəri əsas götürə bilməz. Həmin hədislərdən birində İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Ayparanıı gördükdə oruc tutun və onu gördükdə orucu bitirin!. Bu, rəy və ehtimalla deyil, (birbaşa) görməklə hasil olur.” (“Təhzib əl-əhkam”, c. 4, səh.156)

Bəli, mükəlləf insana, sınaq və praktika ərzində olmuş olsa da belə, ayparanın yerli üfüqdə sadə gözlə görünə bilən müəyyən həcmdə, müəyyən yüksəklikdə və sair xüsusiyyətlərdə mövcud olmasında, lakin bulud və ya duman və ya toz və yaxud da bunlara bənzər digər səbəblər üzündən görünməməsində elm və əminlik hasil olarsa, elm və əminliyinin vacib buyurduğuna əməl etməsi gərəkir.

Sual: Müctəhid ağamız (kölgəsi üstümüzdən əskik olmasın!) haqqında deyirlər ki, o, ayparanın görünməsinə şahidlik edənlərin şəhadətləri astronomların ayın görünə bilməyəcək şəkildə olduğunu bildirmələrinə müxalif olduqda, bəzən, bu şəhadətləri qəbul etmir. Baxmayaraq ki, şəhadət hissidir (hissiyyat üzvləri ilə ələqəlidir), astronomik məlumat isə ehtimaldır. Bunun izahı nədir?

Cavab: Astronomların məlumatı iki qismə bölünür:

1. Doğruluğuna nə ictihadın, nə də şəxsi ehtimalın xələl gətirmədiyi və adətən astronomlar arasında da fikir ayrılığının yaranmadığı — Ayın doğulması və son mərhələdən çıxmasının vaxtı, üfüqdən yüksəkliyinin həddi, dairəsinin işıqlanan hissəsinin ən böyük həddə çatması və digər bu kimi məsələlər barədə — riyazi hesablamalara əsaslanan qisim. Hərçənd ki, bəziləri hesablamalarda səhvə yol verə bilər.

2. Bəzilərinin: “Ay, yalnız, üfüq üzərində 6 dərəcə hündürlüyə qalxdıqda görünə bilər” və ya: “22 saatlıq olduqda görünə bilər”, yaxud: “Günəşlə filan məsafədə yerləşdikdə görünə bilər” və yaxud da sair buna oxşar sözlər söyləmələri kimi təcrübə və praktikaya əsaslanıb ehtimal və ictihada təslim olan qisim. Bu cür məsələlərdə yanaşma tərzlərində çoxlu fikir ayrılıqları olur.

Ayparanın görünməsinə dair şahidlərin şəhadətləri birinci qisimdə qeyd olunan astronomların məlumatlarına — onların dəqiq hesablamalar əsasında Ayın hələ son mərhələdə olduğunu və ya onun Günəşdən əvvəl batdığını məlumat vermələrinə — müxalif olarsa, elm və əminlik iki və ya daha artıq insanın şahidlik etmələrinə baxmayaraq, adətən, şəhadətin yanlışlığı ilə hasil olur.

Şəhadətlər ikinci qismdə qeyd olunan astronomların məlumatlarına müxalif olduqda isə, digər dəlil və sübutları toplamaqla onların (bu şəhadətlərin) yanlış olmasına dair əminlik hasil ola da bilər, olmaya da bilər. Şəhadətlərin yanlış olmadığı təqdirdə və şəhadət verənlərin içərisində şahidlik etmələri dəlil kimi qəbul edilə biləcək iki adil şəxs olduqda, şəhadətlərin tələblərinə əməl etmək gərəkəcəkdir. Bunun əksini güman etməyin də heç bir təsiri yoxdur.

Bir sözlə, Ayparanın göründüyünü bildirən dəlilin (iki adil şəxsin şəhadətinin) əsas götürülməsi üçün tələb olunan şərtlərdən biri şəhadətin yanlış olduğuna dair bir bilgi və ya arxayınlığın olmamasıdır. Əgər yanlışlığına dair, hətta astroloji məlumat əsasında, yəni, məsələn, Ayın hələ də son günlərində və ya hələ də heç vaxt mücərrəd gözlə görünmədiyi dərəcədə çox yüksəklikdə olmasının bildirilməsi ilə olsa belə, bir bilgi və ya arxayınlıq əldə olunsa, dəlil etibarsız sayılır. Əks halda isə o, əsas götürülür və astronomik məlumatın da (onun etibarlılığına) heç bir təsiri yoxdur.

Sual: Niyə görə biz bayramlara və ayların əvvəlini təyin etməyə aid məsələlərdə ayparanı görmək üçün elmi-texnologiyadan, yəni cihazlardan yararlanmır, sadə gözlə görməyə etimad edirik?

Cavab: Çünki dini mətnlərdən anlaşılan budur ki, qəməri ayının daxil olmasında mötəbər sayılan hal Ayın Günəş batan zaman üfüqdə, — maneələr olmadığı adi halda — birbaşa gözlə görülə biləcək yüksəklikdə və işıqlanmaqda mövcud olmasıdır.

Sual: Hökmü bilməyərək şəri baxımdan etibarlı sayılmayan şaiyələrə əsasən bayramdan əvvəl orucunu dayandıran şəxsin hökmü nədir? Ona qəza da vacibdir, kəffarə də?

Cavab: Həmin vaxtda, əgər, o şəxs orucu pozmağa icazə verildiyində əmin olmuşdursa, kəffarə verməsi lazım deyildir.

Sual: Ayparanıın bir ölkədə görünməsi onun digərində də görünməsini gərəkdirir, yoxsa bunun üçün üfüqün eyni olması şərtdir?

Cavab: Üfüqün eyni olması şərtdir. Bu mənada ki, Ayparanın birinci ölkədə görünməsi onun bulud, dağ və digər bu qəbil hansısa bir maneənin olmadığı ikinci ölkədə də görünməsini gərəkdirir. Bu, o halda gerçəkləşmiş olur ki, Ay dəqiq astronomik hesablamalara uyğun olaraq həcm, qürub vaxtı üfüqdən yüksəklik və Günəşlə məsafə bucağı baxımından ikinci ölkədə birincidən daha üstün və ya birinci ölkədə olduğu ilə eyni göstəricilərdə olmuş olsun.

Sual: Ayın bir yerdə görünüb, digərində görünməməsinin hökmü nədir?

Cavab: Eyni üfüqdə yerləşdikləri sabit olan yerlər istisna olmaqla, hər yerin öz hökmü vardır.

Sual: Günəşin çıxması və batmasında aralarındakı fərq bir saata yaxın və ya daha çox olan iki ölkənin üfüqü Ayın görünməsində eyni sayılır, ya yox?

Cavab: Bu iki ölkə eyni üfüqdə yerləşmiş sayılmır. Bəli, ayparanın bir məmləkətdə görünməsi, adətən, — onun görünməsinə maneə olan amillərin olmadığı halda — yaxın paralellərdə yerləşən qərbdəki ölkələrdə də görünməsini gərəkdirir. Habelə, Ay göründüyü məmləkətin səmasında — o məmləkətin şərqində yerləşən və Günəşin çıxmasında və batmasında fərqi olan məmləkətlərdən — daha artıq qalarsa, bu, görünmüş olduğu məmləkət ilə yanaşı, habelə ona paralellərdə yaxın olan digər məmləkətlərdə də Ayın görünməsinin mümkünlüyünü açıqlayır.

Sual: Elə bir məsafə həddi təyin etmək mümkündürmü ki, onu tətbiq etməklə iki məntəqənin eyni üfüqdə yerləşdiyini söyləyə bilək?

Cavab: Bunu dəqiq şəkildə təyin etmək mümkün deyil. Amma mükəlləf şəxsin ölkəsi Ayın göründüyü ölkənin qərbindədirsə və bu iki ölkə paralel xətlərdə — aralarındakı fərq, sadəcə, bir-iki dərəcə olmaqla — bir-birinə yaxın yerləşmişsə, Ayın görünməsi onun ölkəsinə də aid olur.

Sual: Şaban ayının 30-una keçən gecə Ay görünmədikdə, səhəri gün oruc tutmaq olarmı?

Cavab: Həmin gün (yəni, Şabanın 30-cu günü) oruc tutmaq olar. Amma Ramazan niyyəti ilə deyil, Şabanın sonuncu günü və ya, məsələn, qəza niyyəti ilə.

Sual: (Hicri-qəməri ayının başlandığını müəyyən etmək üçün) Ayı görmək əvəzinə astronomiyaya etimad etmək olarmı?

Cavab: Astronomun sözü, əgər, Ayın doğulma vaxtı, onun qürub anında üfüqdən nə qədər yüksəklikdə olması və bunlara bənzər sair məsələlərin məlumatı kimi riyazi hesablamalara əsaslanmış olarsa, hesablamada səhvə yol verilmə ehtimalı olmadığından ona etimad edilər. Həmçinin, xəbər kamil səriştəli bir neçə nəfər tərəfindən verildikdə də hökm eynidir. Amma astronomun sözü, — bəzilərinin Ayın birbaşa gözlə görülə bilməsinin şərtləri olaraq qeyd etdikləri — Ayın işıqlanan hissəsinin həcmi, üfüqdən yüksəkliyi və onunla məsafəsi məsələləri kimi, ehtimal və təcrübəyə əsaslanmış olarsa, bu halda onu, yalnız doğruluğuna arxayınlıq yarandığı təqdirdə, mötəbər saymaq olar.

Sual: Neçə illərdən bəri Ayı müşahidə etməsi ilə məşhur olan bir möminin Ayı gördüyünü söyləməsi (ayın başlandığını təyin etməkdə) arxayınlığın yaranması üçün kifayət edirmi? Bu arxayınlıq başqaları üçün də yetərli ola bilər? Bu mənada ki, mən ailəmə də öz arxayınlığıma uyğun əməl etmələrini əmr edim.

Cavab: Arxayınlıq əldə edən şəxs bu arxayınlığın tələblərini icra etməlidir. Arxayınlıq əldə etməyən isə digər normalara əməl etməlidir. Bir şəxsin arxayınlığı digər şəxsə fayda verməz. Onu da bilmək gərəkir ki, havanın aydınlığını və Ayın görünə bilməsinə maneə olacağı güman edilən ünsürlərin mövcud olmadığını ehtimal etməklə, Ayın mövqeyini bilməkdə və iti baxışlarda eyni olan insanlar içərisindən, yalnız biri  Ayı gördüyünü iddia edərsə, onun bu iddiasının doğruluğu, adətən, şübhə altında olur. Onun, hətta, öz yanlış hissinin qurbanı olduğu da güman olunur. Elə isə, onun sözü ilə arxayınlığın yaranmasını necə təsəvvür etmək olar?!

Sual: Bu günümüzdə astronomiya elmi möhkəm elmi əsaslara və dəqiq riyazi hesablamalara söykənir. Hansı ki, bu əsas və hesablamalarda yanlışlığın nisbət ehtimalı bəzən qeyd belə olunmur. Belə ki, astronomlar bir neçə il sonrakı Ay və Günəş tutulmaları, eləcə də digər məsələlər barədə son dərəcə dəqiqliklə xəbər verirlər. Sual budur ki, nə üçün Ayı görmək məsələsində bu astronomların sözünə etimad olunmur? Onlar Ayın son günlərinin bitdiyini və yenidən doğulduğunu bildirdikdə, sadəcə, onu gözlə görmək mümkün olmur. Ayın sabit olması üçün onun doğulması əsasdır, yoxsa görülməsi?

Cavab: Burada bir neçə məsələ vardır:

1. Astronomların Günəş və Ayın tutulması, Ayın son mərhələyə daxil olması, doğulması və digər bu kimi məsələlər barədə verdikləri məlumatlar riyazi hesablamalara əsaslanır. Bu, yüz illərdən bəri məşhur olan bir məsələdir və adətən bu hesablamalarda xəta baş vermir. Yalnız, bu işin icrası üzrə mütəxəssis olmayanlar xətaya yol verə bilərlər. Buna əsasən də əksər hallarda astronomların: “Ay filancı günündədir, son mərhələsinə filan saatda daxil olacaq və filan saatda da çıxacaq” - deyə xəbər verməsi arxayınlıq yaradır.

2. Hicri-qəməri ayının başlanmasını təyin etməkdə şəri baxımdan mötəbər olan hal Ayın bulud və ya digər maneələrin olmadığı təqdirdə üfüqdə birbaşa gözlə görülə biləcək şəkildə aşkar olmasıdır. Ona görə də, Ayın doğulduqdan sonra mütləq mənada görülməyəcək və ya ancaq yaxınlaşdırıcı cihazlar vasitəsi ilə və mərkəzi rəsədxanalardan dəqiq izlənmə nəticəsində görüləcək şəkildə mövcud olduğunu bilmək kifayət deyildir. Bu səbəbdən də astronomların Ayın doğulması və son mərhələdən çıxması barədə verdikləri xəbər ayın əvvəlini təyin etmək üçün yararlı sayılmır. Amma onlar qürub vaxtı Ayın, hələ də, doğulmadığını, yaxud da, məsələn, bir və ya iki saatlıq olduğunu xəbər verdikdə, əksər hallarda bu, həmin gecə onun göründüyünə dair verilən şəhadətin doğru olmadığına əminlik yaratmış olur.

3. Kənar əngəllər olmadığı təqdirdə, birbaşa gözlə görülə biləcək Ayın işıqlanan hissəsinin nisbəti, üfüqdən yüksəkliyinin dərəcəsi, Günəşlə məsafəsinin miqdarı və digər xüsusiyyətləri barədə astronomlar arasında çoxlu fikir ayrılıqları mövcuddur və onların heç birinin bu xüsusdakı sözünə etimad etmək mümkün deyildir. Bu məsələlərdə bütün xüsusiyyət və dəlillərin nəzərə alınması nəticəsində yaranan arxayınlıq mötəbər sayılır.

Sual: Mübarək ayənin (Bəqərə surəsinin 185-ci ayəsində): ”Ayı (Ramazan ayının hilalını) görən şəxslər (bu ayı) oruc tutmalıdırlar”, - deməsi misalı Ayın görülməsi astronomik izləmə yolu ilə sübuta yetirmi? Bu ayə Ayı ancaq sadə, mücərrəd gözlə görənlərə aiddir, yoxsa, hansı yolla olursa olsun, onu görən hər bir şəxsə də şamil olur?

Cavab: Yeni ayın başlanması— gərəkən yerdə qeyd edilmiş dəlilin tələblərinə əsasən — Ayın üfüqdə adi halda birbaşa gözlə görüləcək şəkildə aşkar olması ilə şəri cəhətdən əlaqələnir. Onun böyüdücü cihazlarla görülməsi, bu cihazlarsız görülməsi mümkün olmadığı təqdirdə, yetərli sayılmır.

Sual: Mübarək Ramazan ayının hilalının görünməsinin sabit olması üçün mötəbər sayılan nədir?

Cavab: Ramazan ayının orucunun vacib olması üçün Ayın aşağıdakı yollardan biri ilə sabit olması mötəbər sayılır:

1. Mükəlləf şəxsin özünün onu (Ayı) görməsi ilə;

2. Mükəlləf Ayı şəxsin öz ölkəsində və yaxud da öz ölkəsi ilə eyni hökmü daşıyan yerlərdə göməsi ilə yayılmış şaiyə və ya digər buna bənzər hallarda əminlik və ya arxayınlıq əldə etməsi ilə;

3. Şaban ayından 30 günün ötməsi ilə;

4. İki adil şəxsin Ayı görmələri barədə şəhadət vermələri ilə. (Bu bəndə əsasən) şəhadət obyektində yekdillik olmalıdır. Belə ki, şahidlərdən biri Ayı bir istiqamətdə, o biri isə digər istiqamətdə gördüyünü iddia edərlərsə, Ayın görülməsi sübuta yetməmiş olar. Eləcə də, bu iki adil şəxsin yanlışlarına əməl edilməməsi, arxayınçılığın olmaması və onların şəhadətlərində, hökm baxımından olmuş olsa belə, təzadların olmaması gərəkir. Habelə, bir qrup insan Ayı görməyə çıxdıqları halda — havanın aydınlığını və Ayın görünə bilməsinə maneə olacağı güman edilən ünsürlərin mövcud olmadığını ehtimal etməklə — onlardan, yalnız iki adil şəxs onu gördüyünü iddia edərsə və başqaları onu görməzlərsə və aralarında Ayın yerini bilmək və iti görmək baxımından bu iki adil şəxsə bərabər səviyyəli digər iki adil şəxs də mövcud olub onlar da onu (Ayı) görməzlərsə, belə halda (birinci) iki adil şəxsin şəhadəti etibarlı sayılmır. Qadınların şəhadəti ilə isə Ay, yalnız onların şəhadətləri əminlik və ya arxayınlıq yaratdığı təqdirdə sabit olur.

Sual: Əgər astronomik görmə ilə arxayınlıq əldə edərəmsə, ona əsaslanıb əməl etməyim caizdirmi?

Cavab: Əgər Ayın sənin olduğun yerin üfüqündə — bulud və ya digər bu kimi maneələrin olmadığı təqdirdə — sadə gözlə görülə biləcək şəkildə mövcud olduğuna astronomların sözü ilə arxayınlıq tapsan, ona uyğun əməl edə bilərsən. Lakin, bəzi hallar istisna olmaqla, əksər hallarda, astronomların sözü Ayın birbaşa gözlə görülməsinin mümkünlüyünə dair arxayınlıq yaratmır.

Sual: Ayın görünməsinin təsbit olması məsələsində üfüqün eyni olmasından məqsəd nədir? Zəhmət olmasa, buna uyğun bir misal qeyd etməklə izah verin! Seyid Xoyi də (Allah ruhunu şad eləsin) Ayın görünməsinin təsbit olmasında üfüqün eyni olmasını söyləmişdir?

Cavab: Ayın göründüyü məkan ilə eyni üfüqdə olan yer Ayın orada əvvəl göründüyü yerdən daha yaxşı şəkildə və ya əvvəlkinə bənzər şəkildə zahir olduğu yerdir. Belə ki, dəqiq astronomik hesablamaların göstəriciləri nəticəsində Ayın orada daha böyük həcmdə və üfüqündə də əvvəl göründüyü ölkənin üfüqündə olduğundan daha yüksəkdə olması bilinsin. Bu, möhtərəm Seyidin (kölgəsi üstümüzdən əskik olmasın) rəyidir. Seyyid Xoyiyə (ruhu şad olsun) gəlincə isə, o, Ayın bir məkanda görünməsinin gecə(si)nin müəyyən hissəsini o məkanla müştərək olan digər bütün yerlər üçün də təsbit olunması üçün kifayət etməsi rəyində idi.

Sual: Ayın görünməsi şərqdə, məsələn, İranda təsbit olarsa, qərbdə də, məsələn, İraqda da — İraq İranın qərbi olduğu üçün — təsbit olurmu? Seyid Xoyinin (Allah ruhunu şad eləsin) bu barədə rəyi nədir?

Cavab: Bəli, bu iki yerin paralel xətlərdə bir-birinə yaxın olmasına, belə ki, aralarındakı fərqin, məsələn, bir və ya iki dərəcə olduğuna görə təsbit olur. Mərhum Seyid Xoyinin (ruhu şad olsun) rəyinə görə də, bu, mütləq şəkildə, təsbit olur.

Sual: Ramazan ayının ilk gününün, yaxud da ki, bayram gününün mənim ölkəmdə təyin olunmasında müctəhidimin nümayəndəsi ilə digər bir müctəhidin nümayəndəsi arasında fikir ayrılığı yaranarsa, mənə öz müctəhidimin nümayəndəsinə tabe olmağım gərəkər, yoxsa ki, başqa müctəhidin nümayəndəsinə də tabe ola bilərəm?

Cavab: Sənə Ayın görünməsinin təsbit olmasında təqlid etdiyin müctəhidin göstərişlərinə riayət etməyin gərəkir. Nümayəndələrdən hər hansı birinin sözü sənin müctəhidinin nəzərində etimad olunan qaydalara müvafiq olarsa, ona bel bağlayacaq, əks halda isə tərk edəcəksən.

Sual: Şəvval ayının ayparasının, artıq, göründüyünü düşünərək Ramazan ayının sonuncu günündə orucu pozan şəxsin hökmü nədir? Bu vəziyyətdə şəri dəlilin olub-olmamasının bir fərqi varmı?

Cavab: Mükəlləf şəxs orucu pozmasına icazənin verildiyinə əmin olduğu halda — əminliyinin səbəbinin nə olduğuna baxmayaraq — və ya, iki adil şəxsin şəhadəti kimi şəri bir dəlilin əsasında orucunu pozmuş olarsa və sonradan onun düşündüyünün əksi məlum olarsa, ona yalnız həmin günün qəzası vacib olar. Amma orucu pozmasına icazə verildiyinə əmin olmadan və heç bir şəri dəlilə də əsaslanmadan orucunu pozmuş olsa, ona həm qəza, həm də kəffarə vacib olar. Allah (hər şeyin doğrusunu) biləndir!

Sual: Ayparanın görünüb-görünməməsi xüsusunda iki mömin dəstə arasında ixtilaf yaranarsa və hər iki dəstə də etimad bəslənilən olarsa, onda nə etmək lazımdır?

Cavab: Belə bir ixtilafın mükəlləf şəxsin — Ayın görünməsinin təsbit olunmasında təqdir olunmuş yolların izlənməsindəki — vəzifəsinə heç bir təsiri yoxdur. Ay bu yollardan heç biri ilə görünməzsə, onda (mükəlləf şəxs) ayı 30 gün olaraq tamamlamalıdır.