Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Heyzli və nifaslı qadının orucu

Sual: Nifaslı qadından gələn qan on günü keçmiş və qadın qan gələn bütün günlərin nifas olduğunu güman edərək bilmədən Ramazan ayının orucunu tutmamışdır. Adətindən artıq olan günlərdə tutmadığı oruclara görə ona kəffarə vacib olurmu, yoxsa yalnız qəzasını tutmalıdır?

Cavab: Əgər qan gəldiyi günlərdə ona oruc vacib olmamasına əmin idisə ona kəffarə vacib deyil.

Sual: Heyz günlərinin sayı 6 gün olan qadın Ramazan ayında heyz olduqda qan gəldiyi üçün 5 gün oruc tutmamışdır. Altıncı gün səhlənkarlıq edərək özünü pambıq vasitəsi ilə yoxlamamış və oruc tutmamışdır. Lakin həmin günü ondan qan gəlməmişdir. Həmin günün orucunu tutmadığı üçün ona yalnız qəza orucu, yoxsa kəffarə də vacibdir?

Cavab: Əgər gan gələcəyinə əmin olduğu üçün oruc tutmamışsa yalnız qəzasını yerinə yetirməlidir. Əks təqdirdə, kəffarəni də yerinə yetirmək ona vacibdir.

Sual: Fəcrə kimi (sübh azanınadək) qəsdən heyz və nifas halında qalan (qüslünü verməyən) qadının hökmü nədir?

Cavab: Heyz və nifas cənabat kimidir. Əgər qəsdən sübh azanınadək qüsl vermzsə, Ramazan ayının orucu  batil olar. Əgər qadın fəcrdən əvvəl (heyz və ya nifasdan) pak ola, qüsl verməyə vaxt olduğu halda qəsdən qüslü tərk edə, (həmin günün) orucu batil olar və qəzasını tutmaq ona vacibdir.

Sual: Uşaq dünyaya gətirdikdən sonra 18 gün ərzində hələ də nifas qanı gələn qadının Ramazan ayında orucunun hökmü nədir?

Cavab: Nifas qanı 10 gündən artıq olmur. Əgər (doğuşdan sonra) qan 10 gündən artıq gələrsə, qadının heyz günlərinin sayı sabitdirsə, adət günlərinin sayı qədər nifas hesab olunur, qalan günlər isə istihazə hökmündədir. Əgər qadının heyz günlərinin sayı sabit deyilsə, onun nifası 10 gündür. Hər iki halda nifasdan sonra gələn qan on gün ərzində gəlsə də istihazədir. Bundan sonra əgər 3 gün və ya daha çox müddət qan gələrsə, heyz qanıdır. Həmçinin, heyz qanı 10 gündən artıq olmur. Gün dedikdə bir günün gündüz vaxtı nəzərdə tutulur. Qeyd olunanlara əsasən, bu qadın indi ya heyz, ya da istihaz halındadır. İstihazə halında olan qadına oruc tutmaq, namaz qılmaq və müəyyən paklıq qaydalarına riayət etmək vacibdir. “İzahlı şəriət məsələləri” kitabına müraciət edin.

Sual: Bəzi qadınlar Ramazan ayında mübarək ayın bütün günlərini oruc tutmaq üçün heyzi (aybaşını) gecikdirən  dərmandan istifadə edirlər. Belə dərmanlardan istifadə etməyin və bu halda oruc tutmağın hökmü nədir? Dərman qəbul etməsinə baxmayaraq adət vaxtı ondan qan gələrsə nə etməlidir?

Cavab: Zərər etməyəcəyi təqdirdə, qadının belə dərmanlardan istifadə etməsi icazəlidir. Heyz qanına gəlincə, əgər dərman qəbul etdikdən sonra qan gəlməsə, heyz hökmü daşımır və orucunu davam etdirə bilər.