Həcc qurbanı

Sual: Əgər Qurbanlıq günlərində (10, 11, 12 və 13 Zil-Hiccə) sağlam dəvə, mal və yaxud qoyun tapa bilməsə, vəzifəsi nədir?

Cavab: Ehtiyata əsasən, həm qüsurlu heyvanı qurban kəsməli, həm də qurbanlıq əvəzinə oruc tutmalıdır.

Sual: Əgər bir şəxs, qurbanı sağlam heyvan adı ilə aldıqdan və pulunu da ödədikdən sonra heyvanın qüsurlu olduğunu anlayarsa, nə etməlidir?

Cavab: Zahirə əsasən, onunla kifayətlənmək caizdir.

Sual: İnsan qurbanlığı kəsdikdən sonra heyvanın yaşının nəzərdə tutulan yaş həddindən az olduğunu anlayarsa, nə etməlidir?

Cavab: Yenidən qurban kəsməlidir.

Sual: Qurbanlıq qoyun neçə yaşında olmalıdır?

Cavab: Qoyun yeddinci ayını tamamlayıb səkkizinci ayına daxil olarsa, kifayət edər. Qoyunun birinci ilini tamamlayıb ikinci ilinə daxil olması, ehtiyata uyğundur.

Sual: Qurbanlıq keçi və mal neçə yaşında olmalıdır?

Cavab: Mal və keçi ehtiyata əsasən, iki yaşını tamamlayıb üçüncü ilinə daxil olmalıdır.

Sual: Qurbanlıq dəvə neçə yaşında olmalıdır?

Cavab: Qurbanlıq dəvə beş yaşını tamamlayıb altıncı ilinə daxil olmalıdır.

Sual: Qurbanlığın dəvə, mal və ya qoyun olması vacibdirmi?

Cavab: Bəli, vacibdir.

Sual: Hacıların sayının çox olması və Minada yer olmaması üzündən qurban kəsmək mümkün olmasa, nə edilməlidir?

Cavab: Dəvə, mal və qoyunu Minada kəsmək vacibdir. Hacıların sayının çox olması və Minada yer olmaması üzündən qurban kəsmək mümkün olmasa, Vadi-Mühəssərdə kəsməyin caiz olması uzaq ehtimal deyildir. Təşriq günlərinin (11, 12 və 13 cü günlərinin) sonuna qədər qurban kəsə bilməyəcəyinə əmin olması istisna olmaqla, qurbanı Vadi-Mühəssərdə kəsməməsi daha yaxşıdır.

Sual: Bayram günündən əvvəl qurban kəsmək olarmı?

Cavab: Bayram günündən əvvəl qurban kəsilməməlidir. Amma hər hansı bir qorxusu olan şəxs üçün onu gecə kəsməsi caizdir.

Sual: Qurban kəsərkən, ixlas və qürbət qəsdi şərtdirmi?

Cavab: Bəli, şərtdir.