Harama qarışmış halal mal

Sual: Harama qarışmış halal maldakı miqdar məlum olarsa və insan da onun sahibin məlum bir neçə şəxsdən biri olduğunu bilərsə, lakin onlardan hansı birinin olduğunu bilməsə, bu halda, vəzifəsi nədir?

Cavab: Bu halda, onlara xəbər verməlidir. Onlardan biri “Bu mal mənimdir” və digərləri də “Bu bizim deyil və yaxud bu mal onundur” – deyərlərsə, həmin miqdarı sahibinə qaytarmalıdır. Amma iki və ya daha artıq şəxs həmin malın onlara aid olduğunu iddia edərlərsə və razılaşma da mümkün olmasa, bu halda, şəriət hakiminə müraciət etməlidirlər.

Sual: İnsan harama qarışmış halal malın xümsünü verdikdən və ya sahibini tanımadığı malı onun adından səqədə verdikdən sonra sahibi tapılarsa, nə etməlidir?

Cavab: Bu halda, mal sahibini razı etməlidir. Əgər razı olmasa, vacib ehtiyata əsasən, mal sahibinə həmin malın əvəzini verməlidir.

Sual: İnsan harama qarışmış halal malın xümsünü verdikdən sonra haram miqdarın verdiyi xümsdən çox olduğunu anlayarsa, nə etməlidir?

Cavab: Vacib ehtiyata əsasən, xümsdən çox olan miqdarı, mal sahibinin adından sədəqə verməlidir.

Sual: İnsan harama qarışmış halal malın miqdarını bilməsə, lakin sahibini tanıyarsa, nə etməlidir?

Cavab: Əgər öz aralarında razılaşa bilməsələr, onun olduğunu yəqin bildiyi miqdarı ona verməlidir. Əgər halalın harama qarışmasında özü günahkar olarsa, vacib ehtiyata əsasən, onun olduğuna ehtimal etdiyi artıq məbləği ona verməlidir.

Sual: İnsan harama qarışmış halal malda haramın miqdarını bilsə, lakin sahibini tanımasa, nə etməlidir?

Cavab: Bu halda, həmin miqdarı mal sahibinin adından sədəqə verməli və vacib ehtiyata əsasən, şəriət hakimindən də icazə almalıdır.