Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

İstitaət (həccə getmək üçün imkanlı olmaq)

Sual: Həcc xərclərini ödəyəcək mala sahib olan şəxs, əgər onu “Həcc və ziyarət” idarəsinə verərək adını oranın siyahısında yazdırıb bir neçə il gözləməli olsa, - belə ki, həcc etmək bundan başqa yolla mümkün olmasa, - bu halda, malı həmin idarəyə verməyə və adını yazdırmağa tələsməlidirmi? Əgər bundan sonra heç zaman müstəti olmasa belə, onun həmin malda təsərrüf etməsi, icazəlidirmi?

Cavab: Əgər növbəsi çatacaq il həcc etmək üçün başqa bir maneənin ortaya çıxmasını gözləməsə vacib ehtiyata əsasən, adını (həcc etmək üçün siyahıya) yazdırmalıdır.

Sual: Əgər mükəlləf şəxs həcc etmək üçün maddi və fiziki baxımdan müstəti olsa, amma “Həcc və ziyarət” idarəsi növbəsinin çatmadığına görə ona həcc etməyə icazə verməsə, bu zaman o, həmin ili həccə getmək imkanı əldə etməsi üçün aşağıda qeyd olunan yollardan birini seçə bilərmi, yaxud bunu etməsi ona vacibdirmi?

a) Növbəsi çatmış şəxslərin birindən pul müqabilində - hətta böyük məbləğ müqabilində olsa belə, - onun üçün öz haqqını güzəştə getməsini (həcc növbəsini ona verməsini) tələb etsin.

b) Yalan danışmaq, yaxud tövriyə etməklə ümumi qaydalara əsasən istisna hallarında həccə getməyə icazə verilən şəxsin sahib olduğu şərtlərdən bəzisinin onda olmasını, iddia etsin.

c) Həmin il həcc növbəsi çatmış, lakin bundan (həcc etməmişdən) əvvəl vəfat etmiş, yaxud həccə getməyə gücü çatmayan şəxsi tapıb ondan bir yolla naiblik icazəsi alsın, amma sonda öz həccini yerinə yetirsin.

Cavab:

a) Əgər tələb olunan məbləği ödəmək onun üçün zərərli olsa, həmin məbləği ödəmək ona vacib deyil. Əks təqdirdə, vacibdir.

b) Əgər həmin idarə hacıları (həccə) göndərərkən ədalətə riayət edirsə, bu halda qanunları yuxarıda qeyd olunan, yaxud digər formada pozmaq, icazəli deyil.

c) Bu yolla gücü olmayan şəxsi, yaxud meyitin vəlisini aldatması, icazəli deyil.

Sual: Əgər hökümət həcc üçün püşk atmada iştirakçının əvvəllər həccə getməmiş olmasını şərt qoysa, - bundan məqsəd, daha çox insanın həccə getməsi üçün şərait yaratmaqdır - bu halda, əvvəllər həccə getmiş insanın hökümətin xəbəri olmadan həmin püşk atmada iştirak etməsi, icazəlidirmi?

Cavab: Əgər aidiyyatı orqan hacıları göndərərkən ədalətə riayət edərsə, bu halda (həmin orqan tərəfindən) qəbul olunmuş qanunlara riayət olunmalıdır.

Sual: Son illər Səudiyyə Ərəbistanı höküməti ölkə daxilində hacılarla bağlı yeni qərar qəbul edilib. Həmin qərar, beş ildə yalnız bir dəfə həcc etməyə icazə verir. Möminlərə həmin qərara riayət etmələri vacibdirmi? Həmin qərara riayət olunmasa, edilən həcc düzgündürmü?

Cavab: Əgər qeyd olunan qərar, hacıların sayının azalması ilə onların mühafizəsi və müsəlmanların bərabər şəkildə həcc etmələrinə şərait yaratmaq məqsədilə qəbul edilibsə, ona riayət etmək lazımdır. Amma həmin qərara riayət etməmək, edilən həccin düzgünlüyünə zərər yetirməz.

Sual: Mükəlləf şəxs həcc xərclərini “Həcc və ziyarət” idarəsinə ödədikdən sonra növbəsi çatana qədər bir neçə il gözləyib. Lakin növbəsi çatanda ölümcül xəstəliyə düçar olub və övladlarından birinə onun əvəzindən həcc etməsini vəsiyyət edib. Övladı maddi baxımından müstəti olsa da, ona həcc növbəsi çatmadığına görə, həccə getməyə icazə verilmir. Belə olan halda, övladın vəzifəsi nədir; o, atasının vəsiyyətinə əməl edib onun əvəzindən həcc etməlidir, yoxsa atasının haqqından istifadə edib öz həccini yerinə yetirməlidir?

Cavab: Atasının vəsiyyətinə əməl edib, onun əvəzindən həcci yerinə yetirməlidir. Çünki o, öz həccini icra etməsi üçün yolun açıq olması baxımından müstəti deyil.