Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

İnsanların arasını islah və ixtilaflarını həll etmək

Sual: Xarici ölkələrdə insanların arasını islah edən müsəlmanın əcr və savabı varmı?

Cavab: İnsanların arasını islah və ixtilaflarını həll etməyin, onları bir-birinə sevdirmək üçün təşəbbüs göstərməyin və aralarında olan ziddiyyətli boşluqları doldurmağın çox böyük və əzəmətli savabı vardır. Lakin qərib ölkədə vətənindən, ailəsindən, tanışlarından və dostlarından uzaq olduğu halda, insanların arasını islah etməyın savabı daha da əzəmətlidir. Möminlərin əmiri imam Əli (ə) xarici İbn Mülcəm əl-Muradi (Allahın lənəti ona olsun!) tərəfindən zərbətlənib ölüm yatağına düşərkən oğlanları imam Həsənə (ə) və imam Hüseynə (ə) Allaha təqvalı olmaq, işləri nizamlamaq və insanların arasını islah etmək kimi vəsiyyətlər edərək buyurmuşdur: “Mən sizə, bütün övladlarıma, ailəmə və vəsiyyətimin ona çatdığı şəxslərə Allahdan qorxub təqvalı olmağı, işlərinizi nızamlamağı və insanların arasını islah etməyinizi vəsiyyət edirəm. Həqiqətən də, mən babanız Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “İnsanların arasını islah etmək – bütün namaz və oruclardan üstündür.”