Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Möminlərin bir-birilərini ziyarət etmələri

Sual: Xahiş edirik, möminləri bir-birilərini ziyarət etməyə və mehriban olmağa təşviq edən hədisləri bizim üçün qeyd edəsiniz.

Cavab: Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunan bir çox hədislər möminləri qarşılıqlı olaraq bir-birilərini ziyarət etməyə, sevməyə, sevindirməyə, mehriban olmağa, istəklərini yerinə yetirməyə, xəstələrinə baş çəkməyə, (dünyasını dəyişənlərin) cənazəsini müşayət etməyə, həmçinin rifah və sıxıntı hallarında bir-biriləri ilə bölüşməyə təşviq edir. İmam Cəfər Sadiq (ə) buyurub: “Hər kim Allah yolunda (mömin) qardaşını ziyarət etsə, Allah-təala (ona) buyurar: “Sən Məni ziyarət etdin. Sənin mükafatın Mənin öhdəmdədir. Sənin üçün Cənnətdən başqa bir mükafata razı olmaram.”

İmam Cəfər Sadiq (ə) Xeysəməyə buyurub: “Mənim dostlarıma salamımı çatdır. Onlara (mənim adımdan) Uca Allah üçün təqvalı olmalarını, zənginlərinin yoxsullarına, güclülərinin zəiflərinə baş çəkmələrini, dirilərinin dünyasını dəyişənlərin cənazəsində iştirak etmələrini və bir-birilərini evlərində ziyarət etmələrini tövsiyə et!”