Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Müstəhəb qurbanın hökmləri

1. İmkanı olan şəxs üçün müstəhəb qurban kəsməsi təkid olunmuş müstəhəb əməldir. Qurbanlıq heyvanın pulunu ödəməyə imkanı olub, lakin onu tapa bilməyən şəxsə həmin məbləği sədəqə verməsi müstəhəbdir. Əgər qiymətlər fərqli olsa, ən ucuzunun qiymətini sədəqə verməsi kifayət edər.

2. İnsanın özünün və ailəsinin adından bir heyvanı qurban kəsməsi caizdir. Həmçinin qurbanı, xüsusilə qurbanlıq heyvanı tapmaq çətin və qiyməti baha olarsa, şərikli kəsmək caizdir.

3. Qurban kəsmək üçün ən yaxşı vaxt, “Qurban bayramı” günü Günəş çıxdıqdan və bayram namazı qılındıqdan sonradır. Onun vaxtı Minada dörd gün, oradan başqa yerlər üçün isə üç gün davam edir. Ehtiyata əsasən, daha yaxşı olar ki, qurban Minada üç gün ərzində və başqa ölkələrdə isə “Qurban bayramı” günü kəsilsin.

4. Qurbanlıq üç heyvandan biri olmalıdır; dəvə, inək və xırda buynuzlu heyvan. Ehtiyata əsasən, dəvə beş yaşdan, inək və keçi iki yaşdan və qoyun isə yeddi aydan kiçik olarsa, onları qurban kəsmək caiz deyildir.

5. Vacib qurbanda şərt olan xüsusiyyətlər, müstəhəb qurban üçün şərt deyil. Belə ki, tək gözlü, axsaq, qulağı kəsilmiş, buynuzu sınmış və arıq heyvanı qurban kəsmək caizdir. Lakin daha yaxşı olar ki, heyvanın əzaları sağlam və özü də kök olsun. İnsanın özünün bəslədiyi heyvanı qurban kəsməsi məkruhdur.

6. Qurbanı kəsən şəxsə, kəsdiyi heyvanın üçdə birini özü, yaxud ailəsinin yeməsi üçün ayırması, digər üçdə birini isə müsəlmanlardan istədiyi şəxsə verməsi caizdir. Ehtiyata əsaən, daha yaxşı olar ki, sonuncu üçdə birini fəqir müsəlmanlara sədəqə versin.

7. Qurbanlıq heyvanın dərisini sədəqə vermək müstəhəbdir. Onu qəssaba muzd olaraq vermək məkruhdur. Həmin dərinin üzərində namaz qılmaq və onu ev əşyası kimi almaq caizdir.

8. Müstəhəb qurban əqiqəni əvəz edir. Təzə doğulan uşaq üçün əqiqənin əvəzinə müstəhəb qurban kəsmək kifayətdir.