Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Müsafirin orucunun hökmləri

Məsələ 1: Səfərdə dördrükətli namazları iki rükət qılmalı olan müsafir oruc tutmamalıdır. Namazını tamam qılan müsafir peşəsi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi səfərdə oruc tutmalıdır.

Məsələ 2: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq üçün olsa, məkruhdur və həmçinin Ramazan ayında mütləq səfər həmin hökümdədir. Həcc, ümrə və digər zəruri səbəblər üzündən olan səfərlər istisnadır.

Məsələ 3: Əgər Ramazan ayının orucundan başqa müəyyən olan bir oruc insana vacib olsa, əgər icarə ya bu kimi şeylə vacib olmuşsa ya “etikaf”-ın üçüncü günü olsa, həmin gün səfər edə bilməz və əgər səfərdə olsa, belə ki, mümkündürsə, on gün bir yerdə qalmaq niyyəti etsin və həmin günü oruc tutsun. Amma həmin günün orucu nəzirlə vacib olmuşsa, zahirən, həmin gün səfər etmək caizdir və “qəsdi iqamət” (on gün qalmaq niyyəti) vacib deyildir. Lakin yaxşı olar ki, əlacsız olmayana qədər səfərə çıxmasın və əgər səfərdədirsə, “qəsdi iqamət” etsin. Amma and içmək və ya əhd etməklə vacib olubsa, vacib ehtiyata əsasən, səfər etməməli, əgər səfərdə olsa, “qəsdi iqamət” etməlidir.

Məsələ 4: Əgər insan müstəhəb oruc tutacağını nəzir etsə, amma gününü müəyyən etməsə, onu səfərdə tuta bilməz. Amma səfərdə müəyyən bir gündə oruc olacağını nəzir etsə, onu səfərdə tutmalıdır. Həmçinin müəyyən bir gündə, istər səfərdə olsun, istərsə də olmasın, oruc tutacağını nəzir etsə, həmin gün səfərdə olsa da, oruc tutmalıdır.

Məsələ 5: Müsafir dilək istəməkdən ötrü Mədineyi-Münəvvərədə üç gün müstəhəb oruc tuta bilər, vacib ehtiyata əsasən, həmin üç gün çərşənbə (3-cü gün), cümə axşamı (4-cü gün) və cümə günü (5-ci gün) olsun.

Məsələ 6: Müsafirin orucunun batil olmasını bilməyən şəxs səfərdə oruc tutarsa və gün ərzində məsələnin hökmünü başa düşərsə, orucu batil olar və əgər axşama kimi başa düşməsə, orucu düzgündür.

Məsələ 7: Əgər müsafir səfərdə olduğunu unudsa ya müsafir orucunun batil olmasını unudsa və səfərdə oruc tutsa, ehtiyata əsasən, orucu batildir.

Məsələ 8: Əgər oruc tutan şəxs zöhrdən sonra səfərə çıxsa, ehtiyata əsasən, orucunu tamamlamalıdır və bu halda onun qəzası deyildir. Əgər zöhrdən əvvəl səfər etsə, vacib ehtiyata əsasən, xüsusi ilə gecədən səfər niyyəti olsa, həmin günü oruc tuta bilməz. Amma hər halda “həddi-tərəxxüs”-ə yetişməzdən əvvəl oruc batil edən bir iş görməməlidir. Əks təqdirdə, ona kəffarə vacib olar.

Məsələ 9: Müsafir zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər dan yeri sökülməmişdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxsın, orucu batil edən bir iş görməmişdirsə, ehtiyata əsasən, həmin gün oruc tutmalıdır və bu halda onun qəzası yoxdur. Əgər orucu batil edən bir əməl etmişdirsə, həmin günün orucu ona vacib deyildir, sonradan onun qəzasını tutmalıdır.

Məsələ 10: Əgər müsafir zöhrdən sonra öz vətəninə ya on gün qalmaq istədiyi bir yerə yetişsə, ehtiyata əsasən, orucu batildir və onun qəzasını tutmalıdır.

Məsələ 11: Müsafir və oruc tutmağa üzrü olan bir kəsin Ramazan ayının günü cinsi yaxınlıq etməsi, yemək və içməklə özünü tamamilə doyuzdurması məkruhdur.