Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Nikah

Sual: Kişi zina etdiyi qadınla daimi nigah bağlaya bilərmi?

Cavab: Heç bir maneəsi yoxdur. Lakin vacib ehtiyata əsasən, nikah tövbə etdikdən sonra olsun. Əgər zina etdikləri  vaxt qadın ərli və ya rəci talaq iddəsində olarsa, vacib ehtiyata əsasən, onunla evlənməməlidir.

Sual: Fəqihlər bir insanın evlənməyə imkanı çatdığı və harama düşmək qorxusu olduğu halda, evlənməsinin vacib olmasını qeyd edirlər. Burada haramdan məqsəd nədir? Qadına ehtirasla baxmaq kimi bütün haramlara şamildir, yoxsa məqsəd yalnız zinadır?

Cavab: Məqsəd evlənmədiyi üçün düşə biləcəyi hər bir haram əməldir, təkcə zinaya aid deyil. Qeyd olunan vaciblik şəri deyil, əqli dəlilə əsasəndir.

Sual: Bir çox seyyidə xanımlar 40 yaşa yaxın yaş dövrünə gəlib çatmışlar. Bununla yanaşı ataları seyid olmayan elçilərə rədd cavabı verir. Ata və ya qardaşların bu səbəb görə onların ailə qurmasını təxirə salmaları icazəlidirmi? Sizin əmrlərinizə əməl edəcəklərini nəzərə alaraq onlara nəsihətiniz nədir?

Cavab: Həzrət Rəsulullaha (s) mənsub olmaq elə bir şərəfdir ki, ondan üstün bir şərəf yoxdur. Lakin bu, şəriət və ürf baxımından onlara münasib olan birinin raşıdə və bakirə bir qıza elçi düşdükdə ona rədd cavabı verməyə səbəb ola bilməz. Belə bir halda artıq atanın icazəsi şərti şəriət baxımından hökmdən düşür.

Sual: Atam bacımı evlənmək istəmədiyi bir kişiyə ərə verdi. Özünün iddiası ilə yanaşı qardaşları da buna şahiddirlər. Sonra bacım şəri talaq olmadan ərindən ayrıldı və başqa kişi ilə ailə həyatı qurdu. İkinci nikah şəriət baxımından düzgün sayılırmı?

Cavab: Əgər atanın evləndirməsi zamanı onun mənfəətləri təmin olunmayıb və onun razılığı ilə olmayıbsa, nigah batildir. Ərin onunla yaxınlığı şübhə yaxınlığı hesab olunur. Əgər ikinci evlilik qadının birinci ərindən ayrılmasından iddə müddəti qədər vaxt keçdikdən sonra baş verərsə, düzgündür. Amma atanın evləndirməsi qızın mənfətlərini tamamilə təmin edirsə, bu məsələdə daha müfəssəl cavab lazımdır. Hadisənin bütün incəliklərindən xəbərdar olmaq lazımdır ki, gərəkən cavabı vermək mümkün olsun.

Sual: Sabiq rəsmi nikah idarələrində (söhbət İraq ölkəsindəm gedir) bağlanan nikahlar yetərli hesab olunurmu?

Cavab: Əgər şəriətdə qeyd olunun formaya uyğun olaraq qadın tərəfindən təklif və kişi tərəfindən qəbul etmək əsasında baş verərsə, düzgündür. Əgər nikah yalnız sənədə imza atmaqla baş verərsə, vacib ehtiyata riayət edərək şəriətdə qeyd olunan forma əsasında yenidən kəbin oxunmalıdır.

Sual: Əgər nəvə bir il və ya daha artıq nənənin döşündən süd əmərsə – məlumdur ki, nənə duldur və təqribən əlli yaşındadır – onun əmisi qızı ilə evlənməsi icazəlidirmi?

Cavab: Sualda qeyd olunan fərziyəyə əsasən, südvermə harama səbəb olmur. Onların bir-biri ilə evlənməsi icazəlidir.

Sual: Biz 25-27-29 yaşlarında qız uşaqlarıyıq. Hər dəfə bizə elçi gələndə atamız istixarə edir. Çox vaxt istixarə yaxşı gəlmir. Bu səbəbdən biz ailə həyatı qura bilimirik. Bu məsələdə istixarə etmək icazəlidirmi?

Cavab: Əgər qıza elçi düşən şəxs şəriət və ürf baxımından ona münasibdirsə, ata istixarə etməməlidir. Yalnız qızın razılığı ilə bunu edə bilər. Çünki istixarə yalnız insanın seçim qarşısında qaldığı məqamda edilməlidir. Əgər ata qızının şəriət və ürf baxımından münasib biri ilə ailə həyatı qurmasına mane olarsa, onun şəriət baxımından vəlayəti (söz haqqı) hökmdən düşər.

Sual: Bakirəliyin tərifi nədir?

Cavab: Bakirə qadından məqsəd əri ilə yaxınlıq etməyən qadındır. Əgər qadın əri ilə yaxınlıq etmədən ərindən boşanarsa və ya əri vəfat edərsə, həmin qadın bakirədir. Həmçinin cinsi əlaqə olmadan yıxılmaq və ya bu kimi vasitələrlə bakirəliyi aradan gedən qadın bakirə hesab olunur.  Zina və ya şübhə yaxınlığı ilə bakirəliyi aradan gedən qadına gəlincə o, zahirə əsasən (şəriət baxımından) bakirə hesab olunur.

Sual: Nigah əqdini oxumaq müqabilində muzd almaq icazəlidirmi? Bu, hansı şəri əqdlərdən hesab olunur?

Cavab: Bəli icazəlidir. Bunu “icarə” və ya “cüalə”bölmündən hesab etmək olar.

Sual: Nikah əqdinin icrası üçün vəkil təyin edilmiş şəxsin arxasınca vəkalət əqdini təkrar etmək vacibdirmi?

Cavab: Xeyir.

Sual: Ailə qurmaq istəyən gənc oğlan və qız qanlarında xəstəliyin olduğu üçün doğulacaq uşaqların 50% ehtimalla xəstə doğulacağını bildiyi halda onların evlənmələri icazəlidirmi? Məlumdur ki, evlilikdən əvvəl evlənəcək insanlar doğulacaq uşaqların irsi xəstəlik daşımaması üçün xüsusi sağlamlıq mərkəzindən müayinədən keçməlidirlər. Həmin mərkəzin qərarına əhəmiyyət verməmək icazəlidirmi?

Cavab: Sualda qeyd olunmuş şərtə görə evliliyin haram və ya batil olmasına hökm verilməz.

Sual: Kişi ilə qadının arasında nikah əqdi icra olunduqdan sonra onların arasında talağa səbəb olacaq aşağıdakı hallar baş verdikdə ərin xanıma hədiyə olaraq verdiyi qızıl zinət əşyaları, paltarlar və s. əmlakın hökmü nədir?

1) Əgər ər özü boşanmaq istəyirsə və qadın isə onunla yaxınlıq etməkdən imtina etmirsə.

2) Əgər boşanmaq istəyən qadındırsa və eyni zamanda əri ilə yaxınlıq etməkdən imtina etmirsə.

3) Əgər qadın əri ilə cinsi əlaqədə olmaqdan imtina edərsə.

Həmçinin nikah əqdindən sonra qadının ərinə üzük, kişi paltarı kimi hədiyyə adı ilə verdiyi əşyaların qeyd olunan üç halda hökmü nədir?

Cavab:

1) Əgər qadın kişinin qohumlarından olmasa və hədiyyələr tələf olmayıbsa, onları geri alması icazəlidir. Lakin hədiyyə - hətta, aşkar qeyd olunmadan – bir şərt əsasında olarsa, məsələn, qadının zifaf gecəsi ərlə yaxınlıq etməsi kimi, qadın şərtə əməl etdiyi təqdirdə, kişinin hədiyyələri geri almağa haqqı yoxdur.

2) Əgər verilən hədiyyə zifaf gecəsi qadının kişi ilə yaxınlıq etməsi şərtinə əsasən olarsa və qadın bu şərtə əməl etməsə, kişinin hədiyyəni geri qaytarmağa haqqı var. Həmçinin əgər hədiyyə şərt əsasında olmasa, hədiyyəni geri almağa haqqı var. Lakin qadın kişinin qohumlarındandırsa və ya hədiyyə olunmuş mal tələf olubsa, hədiyyəni geri almaq olmaz. Yalnız qeyd olunan iki halda hədiyyənin geri alınmazı icazəlidir.

3) İkinci halda qeyd olunan icra olunmalıdır.

Qeyd olunanlardan qadının nikah əqdindən sonra və zəfafdan əvvəl kişiyə verdiyi hədiyyələrin hökmü məlum olur.