Namazın qunutu

Sual: Qunut tutmaq bütün namazlarda, müstəhəbdirmi?

Cavab: Gündəlik namazların hamısında bir dəfə - istər vacib namaz olsun, istərsə də nafilə (müstəhəb), hətta “şəf” namazı istisna olmaqla, bütün nafilə namazlarında - qunut tutmaq, müstəhəbdir. Amma “şəf” namazında lazım ehtiyata əsasən, rəca qəsdilə qunut tutmalıdır. “Cümə” namazında iki dəfə; birinci rəkətdə rukudan əvvəl, ikinci rəkətdə isə rukudan sonra qunut tutmaq, müstəhəbdir. “Bayram” və “ayat” namazlarında qunutların sayı çoxdur və onlar ikinci rəkətdə rukudan əvvəl tutulur. “Vitr” namazında da rukudan əvvəl qunut tutmaq, müstəhəbdir. Səsli qılınan namazların qunutunu, xüsusilə “sübh” və “cümə” namazlarının qunutunu hündürdən oxumaq, təkid olunmuş müstəhəb əməldir.

Sual: Qunutda oxumaq üçün xüsusi zikr varmı?

Cavab: Qunutda oxumaq üçün xüsusi zikr yoxdur. Qunutda oxumaq üçün hər bir dua və zikr yetərlidir. Qunut vəzifəsinin səhv dua, yaxud ərəb dilindən başqa dildə oxunan dua ilə gerçəkləşməsi mübahisəlidir. Baxmayaraq ki, ərəb dilindən başqa dildə oxunan dua namazın düzgünlüyünə xələl gətirmir. Daha yaxşı olar ki, qunutda Allah-təalaya həmd-səna etmək, həzrət Məhəmməd (s) peyğəmbərə və ailəsinə salavat göndərmək, özü və möminlər üçün dua etməyi cəmləşdirsin. Bəzi nafilə namazlarının qunutunda oxunması üçün xüsusi zikrlər qeyd olunub ki, bununla bağlı aidiyyatı üzrə ədəbiyyata müraciət etmək lazımdır.

Sual: Qunutu unudub rukuda xatırlayan şəxsin vəzifəsi nədir?

Cavab: Qunutu unudub rukuda xatırlayan şəxsin onu rukudan sonra yerinə yetirməsi, müstəhəbdir. Qunut tutmadığını səcdədən sonra xatırlayan şəxsin onu namazdan sonra yerinə yetirməsi, müstəhəbdir.

Sual: Qunutda “amin”- sözünü demək, icazəlidirmi?

Cavab: Əgər duanın tərkib hissəsi olarsa, maneəsi yoxdur.

Sual: Qunutu unudan şəxsin vəzifəsi nədir, onu qəza etməlidirmi?

Cavab: Qəza etmək vacib deyil. Bəli, rukudan sonra bunu xatırlayarsa, müxtəsər də olsa, qunut etməsi müstəhəbdir.

Sual: Qunutu qəsdən tərk etməyin hökmü nədir?

Cavab: Qunut müstəhəbdir, vacib deyil.

Sual: Rukudan sonra və səcdələrdən əvvəl qunut tutmaq, icazəlidirmi?

Cavab: Qunutu rukudan əvvəl unudarsa, icazəlidir.

Sual: Qunutda “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”- demək, kifayətdirmi?

Cavab: Kifayət edir.

Sual: Qunutda ərəb dilindən başqa dildə dua etmək və hacət istəmək, icazəlidirmi? Həmin istək, yaxud tələb qanuni iş üçün olarsa, hökmü nədir? Bu iş vacib, yaxud müstəhəb namazlarda, icazəlidirmi?

Cavab: Qunutda ərəb dilində dua oxuduqdan sonra bu, icazəlidir. Əks təqdirdə, qunut vəzifəsi yerinə yetməz.

Sual: Əgər rukudan əvvəl qunutu unutsam və rukudan sonra onu yerinə yetirsəm, bu düzgündürmü?

Cavab: Unutqanlıq halında, icazəlidir.

Sual: Qunutu unudan şəxsin namazı tamdırmı, yoxsa qunutu qəza etməlidir?

Cavab: Qunut müstəhəbdir.

Sual: Qunutda “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, Rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna və həb ləna min lədunkə rəhmətən, innəkə əntəl-vəhhab, və səlli əla Muhəmmədin və alihit-təyyibinət-tahirin”- deməyimiz, düzgündürmü?

Cavab: Bəli, düzgündür.

Sual: Qunutda həriflərin məxrəcini düzgün və qrammatik qaydalara uyğun şəkildə tələffüz etməyimiz vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Qunutda müstəhəb olan nədir?

Cavab: Qunutdan əvvəl təkbir (Allahu əkbər)- demək, təkbir deyərkən əlləri qaldırmaq və sonra aşağı salıb yenidən üzün müqabilinə qaldırmaq, müstəhəbdir. Bəzi fəqihlər (r) əlləri (üzün müqabilinə) açarkən onların içinin göyə, çölünün isə yerə tərəf olmasının, baş barmaqlardan başqa bütün barmaqların bitişik olmasının və (qunut duası oxunarkən) ovuca baxmağın müstəhəb olduğunu söyləyiblər.

Sual: Bəzi namaz qılanlar qunut əsnasında üzüklərini çevirirlər. Belə ki, üzüyün daşı əlin iç tərəfinə düşür. Bu iş icazəlidirmi, yaxud sünnədən sayılırmı?

Cavab: Bunun müstəhəb olması sübuta yetməyib, amma onu rəca məqsədilə etməyin maneəsi yoxdur.