Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Namazda bədəni örtmək

Sual: Kişi namazını ipək paltarla qıla bilərmi?

Cavab: Namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızılla işlənmiş parçadan olmamalıdır.

Sual: Namaz qıldığım paltar, yırtıcı heyvanın bədən üzvündən hazırlanarsa, həmin paltarla namaz qıla bilərəmmi?

Cavab: Yırtıcı heyvanın bədən üzvündən hazırlanmış paltarla namaz qılmaq olamz. Vacib ehtiyata əsasən, namaz qılınan paltar, əti yeyilən heyvanların dərisindən də olmamalıdır.

Sual: Namaz qılınan paltarın, leş həyvanın bədən üzvündən hazırlanmasının maneəsi varmı?

Cavab: Namaz qılınan paltar, leş heyvanın bədən üzvündən hazırlanmamalıdır.

Sual: Qəsbi paltarla namaz qılmaq olarmı?

Cavab: Vacib ehtiyata əsasən, namaz qılınan paltar mübah (qəsb olunmamış) olmalıdır.

Sual: Nəcil olmuş paltarla namaz qılmaq olarmı?

Cavab: Namaz qılınan paltar, pak olmalıdır.

Sual: Övrətini örtə biləcək bir şey, hətta ağac yarpağı, ot və palçıq tapa bilməyən və namaz vaxtının axırına qədər də bunu tapmayacağına ehtimal verən şəxs, namazı necə qılmalıdır?

Cavab: Onu naməhrəm görməyəcəksə, ayaqüstə ruku və səcdələrini yerinə yetirərək qılmalıdır. Amma naməhrəmin onu görməsi ehtimalı varsa, bu halda, naməhrəmin onu görməyəcəyi şəkildə oturub, namazını qılmalıdır.

Sual: Əgər insan, namazın əvvəl vaxtında namazını qıldıqdan sonra örtünmək üçün üzrü aradan qalxarsa, namazını yenidən qılmalıdırmı?

Cavab: Xeyr, lazım deyildir.

Sual: İnsan örtünmək üçün bir şey tapmaq ümidilə namazını gecikdirib, lakin vaxtın axırına qədər bir şey tapa bilməsə, nə etməlidir?

Cavab: Vaxtın axırında, vəzifəsinə uyğun şəkildə namazını qılmalıdır.

Sual: İnsan namazda örtünmək üçün bir şey tapa bilməsə, nə etməkidir?

Cavab: Əgər tapa biləcəyinə ümidini kəsməyibsə, vacib ehtiyata əsasən, namazını gecikdirməlidir.

Sual: Övrəti örtmək üçün bir şey tapa bilməyib çarəsiz qaldığı halda, insan necə namaz qılmalıdır?

Cavab: Bədəninin dərisi görünməyəcək şəkildə, övrətini palçıq və bu kimi şeylərlə örtə bilər.

Sual: İnsan namazda övrətini öt və yaxud ağac yarpağı ilə örtə bilərmi?

Cavab: Bəli, örtə bilər. Amma müstəhəb ehtiyata əsasən, paltarı olmadığı təqdirdə, bunlarla övrətini örtsün.

Sual: İnsan namazdan sonra, övrətinin namazda açıldığını bilsə, namazını yenidən qılmalıdırmı?

Cavab: Namazı düzgündür.

Sual: Namaz əsnasında övrətinin açıldığını bilən şəxsin vəsizfəsi nədir?

Cavab: Açıq yeri örtməlidir və namazı yenidən qılmağa ehtiyac yoxdur.

Sual: İnsan namazda övrətini, hökmü bilmədiyinə görə örtməsə, namazı batil olarmı?

Cavab: Əgər hökmü bilmədiyinə görə belə edərsə və bu da hökmü öyrənməkdə səhlənkarlıq etməsindən qaynaqlanarsa, vacib ehtiyata əsasən, namazı yeniləməlidir.

Sual: Əgər insan namazda bilərəkdən övrətini örtməsə, namazı batil olarmı?

Cavab: Bəli, namazı batil olar.

Sual: Qadınlar səhv səcdəsini yerinə yetirmək üçün necə örtünməlidirlər?

Cavab: Namazdakı kimi örtünmələri müstəhəb ehtiyatdır.

Sual: Qadınlar unudulmuş səcdə, yaxud təşəhhüdün qəzasını yerinə yetirərkən necə örtünməlidirlər?

Cavab: Namazdakı kimi örtünməlidirlər.

Sual: Mən qadınların biləklərini və topuqlarını örtmələrinin lazım olduğunu bilirəm, bu barədə hökm nədir?

Cavab: Qadınların biləklərə qədər əllərini və topuqlara qədər ayaqlarını örtmələri lazım deyil. Amma lazım olan miqdarı örtdüyündən əmin olması üçün üzün ətrafından bir miqdarı, bilək və topuqlardan da artıq miqdarı örtməlidir.

Sual: Kişi namaz əsnasında hansı yerlərini örtməlidir?

Cavab: Kişi namazda, kimsə görməsə belə, övrətini örtməlidir. Hətta onun özünü göbəkdən dizlərinə qədər örtməsi, daha yaxşıdır.