Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Namaz vaxtının hökmləri

Məsələ 1: İnsan yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki ədalətli kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman namaz qılmağa başlaya bilər. Hətta namaz vaxtını diqqətlə riayət edən şəxsin azan deməsi və vaxtı bilən bir şəxsin sözü ilə əminliyə səbəb olarsa, kifayətlənə bilər.

Məsələ 2: Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə namaz vaxtının əvvəlində vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, namaz vaxtının daxil olmasına əmin olana yaxud yəqinlik tapana qədər namazı təxirə salmalıdır. Həmçinin vacib ehtiyata əsasən, bulud, toz və bu kimi vaxtın daxil olmasına yəqinlik hasil etməyə mane olan ümumi maneələr olarsa, hökm eynidir.

Məsələ 3: Əgər insana, qeyd edilən yollardan biri ilə namaz vaxtının daxil olduğu sübut olaraq namaza başlasa, sonra namaz əsnasında vaxtın hələ daxil olmadığını anlasa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından əvvəl qıldığını bilərsə, hökm eynidir. Amma namaz əsnasında vaxtın daxil olduğunu anlasa və ya namazdan sonra namazda ikən vaxtın daxil olduğunu bilərsə, namazı düzgündür.

Məsələ 4: Əgər insan namaz vaxtının daxil olduğunu yəqin etməklə namaza başlamalı olduğunu bilmədən namaz qılmasa, namazdan sonra bütün namazı vaxtında qıldığını anlasa, namazı düzgündür. Əgər namazı vaxtından əvvəl qıldığını anlasa yaxud vaxtında və ya vaxtından əvvəl qıldığını bilməsə, namazı batildir. Hətta namazdan sonra vaxtın daxil olduğunu anlasa belə, həmin namazı yenidən qılmalıdır.

Məsələ 5: Vaxtın daxil olduğuna əmin olaraq namaza başlayarsa və namaz əsnasında vaxtın daxil olub-olmadığına şəkk edərsə, namazı batildir. Amma namazda ikən vaxtın daxil olduğuna əmin olsa, lakin namazdan indiyə qədər qıldığı qismin vaxt daxilində qılıb-qılmadığına şəkk edərsə, namazı düzgündür.

Məsələ 6: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəb əməllərindən bəzisini əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, həmin müstəhəb işi icra etməməlidir. Məsələn, əgər qunutu deməklə namazın hissəsi vaxtdan sonra qılınacaqsa, qunutu deməməlidir. Əgər deyərsə, namaz o vaxt düzgün olar ki, ən azı bir rükəti vaxt daxilində qılınmış olsun.

Məsələ 7: Bir rükət miqdarında namaz qılmağa vaxtı olan şəxs namazı əda niyyəti ilə qılmalıdır. Amma bilərəkdən namazı bu qədər təxirə salmamalıdır.

Məsələ 8: Əgər müsafir olmayan şəxsin gün batana qədər beş rükət namaz qılmağa vaxtı vardırsa, zöhr və əsr namazlarının hər ikisini tərtiblə qılmalıdır. Əgər ondan az vaxtı vardırsa, əvvəlcə əsr namazını qılmalı və sonra zöhr namazını qəza etməlidir. Habelə əgər gecə yarısına qədər beş rükət qılmağa vaxtı vardırsa, şam və xiftən namazlarını tərtiblə qılmalıdır. Əgər vaxtı ondan azdırsa, öncə xiftən namazını, sonra isə şam namazını əda və qəza niyyəti olmadan qılmalıdır.

Məsələ 9: Əgər müsafir olan şəxsin gün batana qədər üç rükət namaz qılmağa vaxtı vardırsa, zöhr və əsr namazını tərtiblə qılmalıdır. Əgər ondan az vaxtı vardırsa, öncə əsr namazını qılmalı və sonra zöhr namazını qəza etməlidir. Əgər gecə yarısına qədər dörd rükət namaz qıla biləcək qədər vaxtı vardırsa, şam və xiftən namazını tərtiblə qılmalıdır. Əgər üç rükət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə xiftən namazını, sonra da əda və qəza niyyəti etmədən şam namazını qılmalıdır. Amma xiftən namazını qıldıqdan sonra gecə yarısına bir rükət qıla biləcək qədər və ya daha çox vaxt qaldığı məlum olarsa, dərhal şam namazını əda niyyəti ilə qılmalıdır.

Məsələ 10: Namazı vaxtın əvvəlində qılmaq müstəhəbdir və bu haqda çox tövsiyə edilmişdir. Namaz vaxtın əvvəlinə nə qədər yaxın qılınsa, o qədər yaxşıdır; bu şərtlə ki, onu təxirə salmaq başqa bir cəhətdən daha yaxşı olsun. Məsələn, fəzilət vaxtının keçməməsi şərti ilə namazı camaatla qılmaq üçün bir az gözləmək kimi bir səbəb üzündən gecikdirsin.

Məsələ 11: Əgər insanın bir üzrü olub vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə təyəmmümlə namazı qılmağa məcburdursa, üzrün vaxtın sonuna qədər qalacağına ehtimal verərsə və ya onun aradan qaldırılmasından ümidini üzərsə, vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilər. Amma üzrünün aradan qalxmasından ümidini üzməmişsə, üzrü aradan gedənə qədər və ya ümidini üzənə qədər gözləməlidir. Əgər üzrü aradan qalxmasa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib əməllərini icra edə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəb əməllərini yerinə yetirə biləcək qədər vaxtı varsa, təyəmmüm edib namazını müstəhəb əməlləri ilə birgə qıla bilər. Lakin təyəmmümdən başqa digər üzrlərdə üzrünün aradan qalxmasından ümidini üzməsə belə, namazı vaxtın əvvəlində qılması caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, həmin namazı yenidən qılmalıdır.

Məsələ 12: Namaz hökmlərini bilməyən yaxud onları öyrənmədən namazı düzgün şəkildə icra edə bilməyən və yaxud namazdakı şəkk və səhvlərlə bağlı hökmləri bilməyən şəxs namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi üzündən vacib bir hökmü tərk edəcəyinə və ya haram işə qurşanacağına ehtimal verərsə, onları öyrənmək üçün namazı vaxtın əvvəlindən təxirə salmalıdır. Amma namazı düzgün şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlayarsa, bu halda hökmünü bilmədiyi bir məsələ ilə qarşılaşmazsa, namazı düzgündür. Əgər hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olma ümidi ilə ehtimal verdiyi iki tərəfdən birinə əməl edərək namazını tamamlaya bilər; amma namazdan sonra məsələni soruşmalı, əgər batil imişsə, yenidən qılmalı, əgər düzgün imişsə, yenidən qılması lazım deyil.

Məsələ 13: Namaz vaxtının geniş olduğu bir vaxtda borc sahibi öz borcunu (namaz qılan şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, öncə öz borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn, məscidin nəcis olduğunu görərsə, öncə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə də, əgər öncə namaz qılarsa, günah etmiş olsa belə, namazı düzgündür.