Oruc tutması vacib olmayan şəxslər

Məsələ 1: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaqla əziyyətə düşən şəxsə oruc tutmaq vacib deyildir. Amma ikinci halda fəqirə hər gün üçün bir müdd təam – buğda, arpa, çörək və bu kimi şeylər – verilməlidir.

Məsələ 2: Qocalığa görə oruc tutmayan şəxs Ramazan ayından sonra oruc tuta bilərsə, müstəhəb ehtiyata əsasən, tutmadığı orucların qəzasını yerinə yetirsin.

Məsələ 3: Əgər insanda susuzluq xəstəliyinə tutulsa və susuzluğa dözə bilməsə və ya ona çox çətin olsa, oruc ona vacib deyildir. Amma ikinci halda hər gün üçün yoxsula bir müdd təam verməlidir. Əgər sonradan oruc tuta bilsə, qəza etməsi vacib deyildir.

Məsələ 4: Doğum vaxtı yaxınlaşan qadının özünə ya bətnindəki uşağa oruc zərər yetirsə, oruc ona vacib deyildir və hər gün üçün fəqirə bir müdd təam verməli və hər iki halda tutmadığı orucların qəzasını tutmalıdır.

Məsələ 5: Uşağa süd verən qadının, istər uşağın anası, istər dayəsi, istərsə də təmənnasız süd verən qadın olsun, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərəri olsa, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları qəza etməlidir. Amma vacib ehtiyata əsasən, bu hökm uşağa ancaq bu yolla süd verməyə aiddir, amma uşağa başqa yolla süd vermək mümkündürsə, məsələn, uşağa süd verməkdə bir neçə qadın iştirak etsə yaxud əmzik və şüşə qab ilə süd vermək mümkün olsa, bu hökmün sübut olunması mübahisəlidir.