Orucun yalnız qəzası vacib olan yerlər

Məsələ 1: İnsana bir neçə halda (əvvəldə işarə edilən hallardan başqa) ancaq orucun qəzası vacibdir və kəffarə vacib deyildir:

1. Ramazan ayı gecəsində cənabətli olan şəxs "İzahlı şəriət məsələləri" kitabında yer alan 1595-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa. 

2. Orucu batil edən bir iş görməsin və oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmasını niyyət etsin və həmçinin yuxarıda qeyd olunan kitabda yer alan 1546-cı məsələdə geniş şəkildə deyildiyi kimi, orucu batil edən əməllərdən birini görməyi niyyət etsin. 

3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, ya bir neçə gün oruc tutarsa.

4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir əməli etdikdən sonra sübh olduğu məlum olarsa.

5. “Sübh olmayıb”-deyən bir şəxsin sözünə əsaslanıb orucu batil edən əməllərdən birini yerinə yetirdikdən sonra sübh olduğu məlum olarsa. 

6. Ona “sübh oldu”-deyən şəxsin sözünə əmin olmadığı və ya zarafat etdiyini güman etdiyi halda, özü də araşdırmadan orucu batil edən bir əməli yerinə yetirdikdən sonra sübh olduğu məlum olarsa.

7. Sözü onun üçün şəriət baxımından dəlil-sübut sayılan, yaxud səhvən onun verdiyi xəbərin dəlil olmasına inanan bir şəxsin sözünə əsaslanaraq iftar edərsə və sonra iftar vaxtı olmadığı məlum olarsa.

8. İftar vaxtı olduğunu yəqin edib və bundan əmin olaraq iftar edərsə, sonra da hələ iftar vaxtı olmadığı məlum olarsa; əgər buludlu və bu kimi havada axşam olduğunu güman edib iftar edərsə, sonradan axşam olmadığı məlum olarsa, bu zaman ehtiyata əsasən, orucun qəzası vacibdir.

9. Susuzluqdan məzməzə edərsə, yəni, ağzında suyu dolandırarsa və bu zaman ixtiyarsız olaraq udarsa; amma oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan başqa bir əməl üçün məzməzə edərsə, məsələn, dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğunu nəzərə alıb məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası yoxdur.                        

10. Bir şəxs ikrah (məcburiyyət), ya zərurət və ya təqiyyə üzündən iftar etsə, ikrah və təqiyyə üzündən etsə; ikrah və təqiyyə hallarına yemək, içmək və cinsi yaxınlıq aiddir, həmçinin vacib ehtiyata əsasən, bunlardan qeyrisində də (qəza vacibdir).   

Məsələ 2: Əgər sudan başqa bir şey ağzına alıb ixtiyarsız udsa yaxud suyu burnuna çəkib ixtiyarsız udsa, qəza ona vacib deyildir.

Məsələ 3: Çox məzməzə etmək oruc olan şəxsə məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəsə, yaxşə olar ki, ağzının suyunu üç dəfə çölə töksün.

Məsələ 4: Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq yaxud unutqanlıq üzündən boğazına su gedəcəyini bilsə, məzməzə etməməlidir, amma bu halda məzməzə etsə və su boğazına getməsə, vacib ehtiyata görə, onun qəzası lazımdır.

Məsələ 5: Əgər Ramazan ayında araşdırdıqdan sonra sübhün olması ona məlum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir.

Məsələ 6: İnsan axşamın olub-olmadığına şəkk etsə, iftar edə bilməz.  Lakin sübhün olub-olmadığına şəkk edərsə, araşdırma apar­ma­dan əvvəl də orucu batil edən bir iş görə bilər.

Məsələ 7: Dəli şəxs ağıllanarsa, dəlilik zamanı tutmadığı orucları qəza etməsi vacib deyildir.

Məsələ 8: Əgər kafir müsəlman olsa, kafir olduğu vaxtın orucunun qəzasını tutması vacib deyildir. Amma bir müsəlman kafir olsa və ikinci dəfə dönüb müsəlman olsa, kafir olduğu günlərin orucunu qəzasını tutmalıdır.

Məsələ 9: İnsan sərxoşluq üzündən – hətta məst edici maddəni müalicə məqsədilə qəbul etsə belə - tutmadığı orucu qəza etməlidir.

Məsələ 10: Üzürlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs sonradan üzrünün nə zaman aradan qalxdığına şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını tutması vacib deyildir. Məsələn, Ramazan ayından əvvəl səfərə çıxıb, Ramazan ayının beşinci günü, yoxsa altıncı günü səfərdən qayıtdığını bilməsə və ya məsələn, Ramazan ayında səfərə çıxıb, Ramazan ayından sonra səfərdən qayıdarsa, amma Ramazan ayının iyirmi beşində, yoxsa iyirmi altısında səfərə çıxdığını bilməsə, hətta, çox miqdarı yəni, altı günü qəza etmək müstəhəb ehtiyat olsa belə, hər iki təqdirdə, az miqdarı yəni, beş günü qəza edə bilər.

Məsələ 11: Əgər bir neçə Ramazan ayının qəza orucu qalsa, insan hansının qəzasını əvvəl tutsa, eybi yoxdur. Amma sonuncu Ramazan ayının qəzasının vaxtı dar olsa, məsələn, sonuncu ayından beş gün qəzası qalmış olsa və beş gün də Ramazan ayına qalarsa, yaxşı olar ki, əvvəl sonuncu Ramazan ayının qəzasını tutsun.

Məsələ 12: Üzərinə bir neçə Ramazan ayının orucunun qəzası vacib olan bir şəxs tutduğu orucun hansı Ramazan ayının qəzası olduğunu müəyyən etməsə, gecikdirdiyi üçün üzərinə vacib olan kəffarrə ondan götürülsün deyə, son ilin Ramazan ayının qəzası olaraq hesab olunmaz.

Məsələ 13: Ramazan ayının orucunun qəzasını tutan şəxs günortadan əvvəl orucunu batil edə bilər, amma orucunun qəzasının vaxtı dar olarsa, yaxşı olar ki, batil etməsin.                            

Məsələ 14: Yaxşı olar ki, meyitin qəza orucunu tutmuş şəxs, zöhrdən sonra orucunu batil etməsin.   

Məsələ 15: Əgər insan xəstə, heyz və yaxud nifas olduğundan Ramazan ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmiş ölərsə, həmin orucların qəzası yoxdur. 

Məsələ  16:  Əgər bir insan xəstələndiyi üçün Ramazan ayının orucunu tuta bilməsə və onun xəstəliyi gələn ilin Ramazan ayına qədər uzansa, tutmadığı orucların qəzası ona vacib deyil, gərək hər gününə bir müdd (750 qram) təam, yəni, buğda, arpa, çörək və bu kimi şeylər fəqirə verilməlidir. Amma başqa bir üzürə görə, məsələn, səfərə çıxdığı üçün oruc tutmasa və onun üzürü gələn orucluğa kimi qalsa, tutmadığı orucları qəza etməlidir və vacib ehtiyata əsasən, hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Məsələ 17: Xəstəlik üzündən Ramazan ayının orucunu tutmayan şəxsin xəstəliyi Ramazan ayından sonra sağalsa, amma sonradan başqa bir üzürün yaranması nəticəsində sonrakı Ramazan ayına qədər qəzasını tuta bilməsə, tutmadığı orucları qəza etməlidir və vacib ehtiyata əsasən, hər gün üçün bir müdd təam da fəqirə versin. Həmçinin Ramazan ayında xəstəlikdən başqa bir üzrü olarsa və Ramazan ayından sonra üzrü aradan qalxarsa, xəstəlikdən oruclarının qəzasını gələcək Ramazan ayına qədər tuta bilməsə də, hökm eynidir.

Məsələ 18: Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazan ayından sonra üzrü aradan getsə və gələn Ramazan ayına kimi bilərəkdən qəza orucunu tutmasa, orucunu qəza etməli və hər bir gün üçün də fəqirə bir müdd təam verməlidir.

Məsələ 19: Əgər orucun qəzasında səhlənkarlıq etsə, vaxt da dar olsa və vaxt darlığında bir üzr qarşıya çıxsa, qəzasını tutmalıdır və ehtiyata əsasən, hər bir gün üçün fəqirə bir müdd təam versin. Həmçinin üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara alan, amma qəza etməzdən əvvəl vaxt darlığında üzrlə üzləşənin də hökmü belədir.

Məsələ 20: Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı Ramazan ayının qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam verməlidir.

Məsələ 21: Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.

Məsələ 22: Ramazan ayının orucunu bir neçə il gecikdirsə, qəzasını tutmalı və birinci ilin təxirinə görə, hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə illərin təxiri üçün ona bir şey vacib deyildir.

Məsələ 23: Əgər Ramazan ayının orucunu bilərəkdən tutmasa, onun qəzasını yerinə yetirməli və hər bir gün üçün iki ay oruc tutmalı, ya altmış fəqirə təam verməli, ya da bir qul azad etməlidir. Əgər gələn Ramazan ayına kimi həmin orucun qəzasını yerinə yetirməsə, vacib ehtiyata əsasən, hər gün üçün bir müdd təam da kəffarə olaraq fəqirə veməlidir.

Məsələ 24: Əgər Ramazan ayının orucunu bilərəkdən tutmasa və gündə neçə dəfə cinsi yaxınlıq ya istimna etsə, kəffarə təkrar olunmayacaq. Həmçinin orucu batil edən digər əməllərdən bir neçə dəfə görərsə, məsələn, bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir.

Məsələ 25: Ata vəfat edəndən sonra ən böyük oğul vacib ehtiyata əsasən, onun Ramazan ayının qəza orucunu, az əvvəl qeyd olunan kitabda yer alan 1365-ci məsələdə namazın hökmlərində qeyd edilən qayda ilə əmələ gətirməlidir və əgər vərəsələr razı olsalar, hətta meyitin malından hər gün üçün bir müdd (750 qram) təam fəqirə verə bilərlər.

Məsələ 26: Əgər ata Ramazan ayının orucundan başqa bir vacib orucu tutmasa, nəzir orucu kimi, yaxud əcir olub tutmasa, onun qəzası ən böyük oğula lazım (vacib) deyildir.