Qeyri müsəlmanlara münasibət

Sual: Vəfat etmiş qeyri-müsəlman şəxs əgər qonşu olarsa, onun dəfn mərasimində iştirak etmək icazəlidirmi?

Cavab: Əgər o və dəfndə olanlar İslam və müsəlmanlara qarşı düşmənçilik hissi bəsləmirlərsə, onun dəfn mərasimində iştirak etməyin heç bir maneəsi yoxdur. Lakin daha yaxşı olar ki, cənazənin önündə yox, arxasınca addımlasın.

Sual:  Kitab əhlindən olan şəxslərin və kitab əhli olmayan kafirlərin məscidlərə və ya müsəlmanların ibadət ocaqlarına daxil olmaları icazəlidirmi? Əgər daxil olmaları icazəlidirsə, hicablı olmayanlara hicab geyinməyi tələb etmək bizə vacibdirmi?

Cavab: Ehtiyata əsasən, onların məscidlərə daxil olmaları icazəli deyil. Amma onların ibadət ocaqlarına və digər yerlərə daxil  olmalarının maneəsi yoxdur. Əgər qadınların hicabsız ora daxil olmaları hörmətsizliyə səbəb olarsa, onların hicab geyinməsi tələb olunmalıdır.

Sual: Kitab əhli və ya kitab əhli olmayan fəqir kafirlərə sədəqə vermək icazəlidirmi? Sədəqə verən şəxs bu əməlinə görə savab qazanırmı?

Cavab: Haqq və onun əhlinə düşmənçilik bəsləməyən şəxsə sədəqə verməyin heç bir maneəsi yoxdur. Sədəqə verən şəxs bu əməlinə görə savab qazanar.

Sual: Avropa məktəblərində adətən müəllimlər heç bir dinə inanmırlar və şagirdlərin qarşısında Allahın varlığını inkar edirlər. Müsəlman şagirdlərin müəllimlərindən təsirlənəcəyi ehtimal olunduğu bir halda onların orada qalmaları icazəlidirmi?

Cavab: İcazəli deyil. Uşağın vəlisi bu məsələdə tamamilə məsuliyyət daşıyır.

Sual: Qeyri-müsəlman ölkələrində üzərində xörəklərlə yanaşı spirtli içkilər olan masa ətrafında əyləşmək olarmı? Sadəcə öz işlərini tərtibləmək məqsədi ilə orada əyləşməyin halal və haram məsələsinə bir aidiyyatı varmı?

Cavab: Üzərində araq və digər spirtli içkilər olan masanın ətrafında əyləşmək, hətta öz işlərini qaydaya salmaq məqsədi ilə olsa belə, ehtiyata əsasən, icazəli deyil.

Sual: Qeri-İslami banklardan və şirkətlərdən kredit götürmək icazəlidirmi?

Cavab: Qeyri-müsəlmanların maliyyələşdirdiyi – istər dövlətə aid olsun, istərsə də özəl – bank və müəssisələrdən  borc almaq və kredit məqsədi olmadan  (aldığı borca) sahib olması mümkündür. Şəriət hakiminə müraciət etmədən həmin məbləğdən istifadə etməsi icazəlidir.

Sual: Mübarək Ramazan ayında qeyri-müsəlmanlara hazır yemək satmaq icazəlidirmi?

Cavab: Bu hərəkət mübarək aya hörmətsizlik sayılmasa, icazəlidir.

Sual: Qeyri-müsəlmanların ümumi və ya xüsusi əmlakını oğurlamaq və tələf etməyin hökmü nədir?

Cavab: Müsəlman şəxsə mal və iş etibar edən insan kafir olsa belə, ona xəyanət etmək haramdır. Müsəlman şəxsin əmanəti qoruması və sahibinə təhvil verməsi vacibdir. Kim satış mərkəzində satıcı və ya mühasib işləyirsə, iş sahibinə xəyanət etməsi və ixtiyarında olan bir şeyi mənimsəməsi icazəli deyil. Qeyri-müsəlmanların ümumi və ya xüsusi mülkiyyətindən bir şey oğurlayıb tələf etmək icazəli deyil. Hətta, həmin oğurluq İslam və müsəlmanların adına ləkə gətirməsə belə, xəyanət və ölkələrinə daxil olarkən onlara verilən sığınacaq, yaxud oarada yaşamaq üçün bağlanan miqrasiya müqaviləsini pozmaq hesab olunduğuna görə icazəli deyil. Çünki xəyanət və müqaviləni pozmaq dinindən, vətəndaşlığından və etiqadından asılı olmayaraq hər bir şəxsə qarşı, haramdır.

Sual: Müsəlman şəxsin cənazəsini müsəlman ölkəsinə aparmaq çoxlu vəsait tələb edirsə, onu digər səmavi dinlərə etiqad  bəsləyən qeyri-müsəlman qəbristanlığında dəfn etmək icazəlidirmi?

Cavab: Müsəlman şəxsi mükəlləfiyyəti aradan aparacaq dərəcədə zərurət olmadan kafir qəbristanlığında dəfn etmək icazəli deyil.

Sual: Yerli və xarici banklarda depozit hesaba qoyulan pul bir il müddətinə dondurulur. Əvvəlcədən bilirik ki, bank 10% və daha çox mənfəət təyin edir. Müddət daha  çox olduqca mənfəət faizi artaraq 14% - ə kimi yüksəlir. Xahiş edirik bu barədə bizə rəyinizi deyəsiniz.

Cavab: Əgər bankın sərmayəasi qeyri-müsəlmanlara aiddirsə, mənfəət əldə etmək şərti ilə olsa da, həmin bankda əmanət qoymaq icazəlidir və əmanətçinin əldə etdiyi mənfəət halaldır. Əgər bankın sərmayəsi müsəlmanalara və ya müsəlmanla şərik olan qeyri-müsəlmana aiddirsə, mənfəət şərti olmadan orada əmanət qoymaq icazəlidir. Əmanətçinin əvvəlcədən bankın ona əlavə mənfəət verməsini bilməsinin heç bir maneəsi yoxdur. Əgər mənfəət əldə edərsə, yarısını dini hökmlərə əməl edən fəqirlərə verməklə qalan yarısından istifadə etməsi, icazəlidir.

Sual: Qeyri-müsəlmanları yeni il kimi bayramları münasibəti ilə təbrik etmək icazəlidirmi?

Cavab: Yəhudi və xristian olan kitab əhlini, həmçinin kitab əhli olmayan kafirləri Milad bayramı, Həzrət İsa (ə) - ın doğum günü, Pasxa bayramı kimi qeyd etdiklər bayramlar münasibəti ilə təbrik etmək, icazəlidir.

Sual: Qeyri-müsəlman qonşu və ya iş ortağı olarsa ona məhəbbət bəsləmək icazəlidirmi?

Cavab: Əgər söz və əməldə İslam dininə və ya müsəlmanlara düşmənçilik bəsləmirsə onlarla gözəl münasibət qurmaq və onlara yaxşılıq etməklə hörmət və məhəbbət bəsləmək icazəlidir. Allah- təala buyurub: “Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir”. (Mumtəhənə surəsi, ayə 8).

Sual: Qeyri-müsəlmanlarla dostluq etmək icazəlidirmi?

Cavab: Müsəlman şəxsin qeyri-müsəlmanlarla dostluq etməsi, bir-birinə səmimi münasibət bəsləməsi, bu dünyanın ehtiyaclarının həll olunmasında bir-birinə yardım etməsi, icazəlidir.  Allah- təala buyurub: “Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir”. (Mumtəhənə surəsi, ayə 8). Belə dostluqlar doğru şəkildə qurularsa qonşu, yol yoldaşı, iş ortağı olan qeyri-müsəlmanın İslamın dəyərlərini və təlimlərini tanımasına səbəb olar və bu dinə qarşı münasibətini daha doğru şəkildə formalaşdırar. Həzrət Məhəmməd peyğəmbər (s) imam Əli (ə) - a belə buyurmuşdur: “Əgər Allah sənin vasitənlə bir qulunu hidayət edərsə, bu, sənin üçün məşriqdən (Şərqdən) məğribə (Qərbə) kimi günəşin üzərinə işıq saçdığı hər şeydən daha xeyirlidir”.