Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Qohum-əqraba ilə əlaqəni qorumağın hökmləri

Məsələ 1: Qohum-əqraba ilə əlaqəni qorumaq hər bir müsəlmana vacibdir və bu əməli tərk etmək isə böyük günahlardandır. Allah bu vacibə əməl etməyəni Cəhənnəm atəşində yandıracağını vəd edib. Ümumiyyətlə, qürbətdə yaşayanların bu vacibə riayət etməyi öz ölkələrində riayət etmələrindən üstündür. Çünki həmin ölkələrdə qardaşların az, din hökmlərinin zəif, orada işləyənlərin gecə-gündüz qazanc əldə etmək üçün işləməsi səbəbindən ailələr arasında əlaqələrin kəsilməsi daha asan baş verir. Allah-təala Quran-kərində qohumluq əlaqələrini kəsməyi qadağan edərək buyurmuşdur: “Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi? Onlar Allahın lənət etdiyi kar və gözlərini kor etdiyi kimsələrdir.” (Məhəmməd, 22-23)

İmam Əli (ə) buyurub: “Bir evin adamları (qohum-əqraba) fasiq olsalar belə, bir-birinə nəsihət etsələr və yaxşı ünsiyyətdə olsalar Allah onlara ruzi verəcək və bir evin adamları (qohum-əqraba) əlaqələrini kəssələr, təqvalı olsalar belə, Allah onların ruzisini kəsəcək.”

İmam Məhəmməd-Baqir (ə)-dan nəql olunan bir hədisdə deyilir ki, həzrət Əli (ə)-ın kitabında belə yazılmışdır: “Üç xislət sahibi bəlalara düçar olmamış ölməz; haqsızlıq edən, qohum-əqraba ilə əlaqəni kəsən və yalandan and içən. İnsan ən tez savabı qohum-əqraba ilə əlaqəni yaradarkən qazanır. Əgər qohum-əqraba fasiq olsalar belə, bir-biri ilə əlaqədə olsalar malları çoxalar. Yalandan and içən kəs sanki, Allah ilə müharibə etmişdir. Yalançılar və qohumlarla əlaqəni kəsənlər didərgin olarlar.”

Məsələ 2: Qohumlarla əlaqəni kəsmək, hətta onlar hicabsız, dinsiz, fasiq, namazsız, orucsuz olsalar belə, haramdır. Lakin həmin şəxslərlə əlaqədə olmaq onların üstünlük əldə etməsi və insanı harama təşviq etməsi şəraitini yaradarsa, bu halda əlaqəni kəsmək olar. Həzrət Məhəmməd peyğəmbər (s) buyurub: “Fəzilətlərin ən üstünü, səninlə əlaqəni kəsən qohumla əlaqəni kəsməmək, səni (mal, dövlət, pul və kimi şeylərdən) məhrum edəni sənin məhrum etməməyin və sənə zülm edəni bağışlamağındır.”

O həzrət (s)-dən nəql olunan başqa bir hədisdə deyilir: “Qohumların səninlə qohumluq əlaqəsini kəssələr belə, sən onlarla əlaqəni kəsmə.”

Məsələ 3: İmkan daxilində müsəlmanlar öz qohumları ilə əlaqəni qorumaq üçün ən azı görüşməlidirlər və əgər bir-birilərindən uzaq olsalar belə, onların hal-əhvallarını soruşmağa səy göstərməlidirlər. Peyğəmbərimiz həzrət Məhəmməd (s) buyurub: “(Allah tərəfindən) ən tez verilən savab, qohumlarla əlaqə yaratmağa verilən savabdır.” Möminlərin əmiri Əli (ə) buyurub: “Qohumlarla, bircə salam verməklə olsa belə, əlaqəni qoruyun.” Allah-təala buyurub: “Allahdan, qohumluq əlaqəni kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir.” (Nisa, 1)

İmam Cəfər-Sadiq (ə)-dan nəql olunan bir hədisdə deyilir: “Həqiqətən də, qohumluq əlaqəsini qorumaq və yaxşılıq etmək insanı həm günahdan qoruyar, həm də Qiyamət günündə hesabını yüngülləşdirər. Buna görə də, siz qohumlarla, hətta bircə salam verməklə olsa belə, əlaqədə olun!”