Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)

Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz?

Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə isə; onun yerdən ucaldılmış normal insan boyu, yaxud azca hündür olan miqdarı ilə kifayətlənmək, uzaq görüş deyil.

Sual: Əgər daş sütüna dəysə, lakin (daşı atan şəxs) daşın sütunun əsas, yoxsa əlavə edilmiş hissəsinə dəydiyinə şəkk edərsə, onun daşı yenidən atması vacibdirmi?

Cavab: Bunu etmək, ehtiyatdır.

Sual: Bayram günü izdihamın çoxıuğuna görə, “böyük cəmərə”-ni ikinci mərtəbədən daşlamaq kifayət edərmi?

Cavab: Ehtiyata əsasən, kifayət etmir. Əgər izdiham və ya başqa səbəbə görə əsas yerdən daş ata bilməsə, ehtiyata əsasən, özü əlavə edilmiş yerdən daş atıb əsas yerdən daş atması üçün də başqasını naib tutmalıdır.

Sual: İkinci mərtəbədən (yuxarı mərtəbədən) cəmərəni daşlamaq kifayətdirmi?

Cavab: Ehtiyata əsasən, cəmərənin həzrət Peyğəmbər (s) və məsum imamların (ə) dövründə yerdən qaldırılmış miqdarı daşlanmalıdır. Amma hacı qeyd olunan miqdarı daşlaya bilməsə, lazım ehtiyata əsasən, həm daşlamaq üçün naib tutmalı, həm də əlavə edilmiş yerdən daş atmalıdır.

Sual: Son dövrlər hər üç cəmərədə əsaslı dəyişikliklər baş verib. Belə ki, orada bir neçə mərtəbə inşa olunub; yerin alt mərtəbəsi tikilib və onun üzərində əvvəlki sütunu əvəz edərək daşlanmaq üçün divar çəkilib. Həmin divarın içi iyirmi metr enində boş saxlanılıb və hər iki tərəfi isə sivri formadadır. Əvvəlki sütunun divarın ortasında olması ehtimal edilir. Kənarları sivrilənmiş divarın bir tərəfi qiblə, digər tərəfi isə onun (qiblənin) əks istiqamətinə düşür. Burada bir neçə sual ortaya çıxır:

a) Qeyd olunan mərtəbələrin hansından daş atmaq, icazəlidir?

b) Qeyd olunan divarın hansı yerindən daş atılmalıdır?

c) Divarı hər iki tərəfdən, hətta böyük əqəbə cəmərəsində, daşlamaq icazəlidirmi?

Cavab: a) Yerin üzərində olan birinci mərtəbədən daş atmaq, icazəlidir. Amma başqa yerdən daş atmaq vacib ehtiyata əsasən, icazəli deyil.

b) Əvvəlki sütunun paralelində olan miqdarı - əgər divarın ortasından bir metr məsafə kimi miqdarı təyin edə bilsə - daşlaması, icazəlidir. Amma sütuna paralel olan yeri müəyyən edə bilməsə, lazım ehtiyata əsasən, (daş atmağı) təkrarlamalıdır.

c) Bu, icazəlidir.

Sual: Son illər Səudiyyə Ərəbistanı höküməti “Əqəbə cəmərəsi”-nin arxa divarını sökərək ləğv edib. Həmin yerdən onu daşlamaq kifayət edərmi?

Cavab: Ehtiyata əsasən, - əgər daha güclü rəy olmasa - kifayət etmir.