Süni mayalanma

Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda süni mayalanma edildikdən sonra rüşeyim mənim zövcəmin bətninə yerləşdirilir. Lakin hörmətli Seyidin rəyinə əsasən, bu halda mənim zövcəm ilə doğulacaq uşaq arasında qohumluq əlaqəsinin olmasını şübhəli hesab edilir. Arvadım doğulan uşağın atasının zövcəsi olduğu üçün bunu (onların arasında məhrəmlik məsələsini) həll etmək mümkündür. Lakin ən böyük problem doğulacaq uşaqla zövcəmin qardaşları və bacıları kimi qohumları arasında məhrəmliyin olmamasıdır. Bu bizim üçün gələcəkdə müxtəlif problemlər yaradacaq.

“Südvermə” məsələlərində fəqihlər, məhrəmliyin yaranması üçün normal cinsi yaxınlıq və şəriətin təyin etdiyi qaydalara əsasən doğuş olmasıını qeyd etmişlər. Sualım isə bundan ibarətdir; Allahın izni ilə hamiləlik baş tutduqdan sonra baş verəcək doğuş şəriətə uyğundurmu? Əgər doğuşdan sonra zövcəmdə süd olarsa və zövcəm körpəyə süd verərsə, onun süd anası hesab olunurmu? Zövcəmin bacıları doğulacaq oğlan uşağının xalaları hesab olunurmu?

Cavab: Sualda qeyd olunduğu halda uşaqlıq sahibi (uşağı dünyaya gətirəcək qadın) süd əmən körpəyə nisbətdə süd anası nisbətindədir. Süd verən qadının qohumları ilə süd əmən körpə arasında necə məhrəmlik yaranırsa, (doğulacaq) uşaqla onun (qadının) qohumları arasında da o cür məhrəmlik yaranır.

Sual: Yad bir qadının yumurta hüceyrəsi ilə ərimin spermasını mayalandırılması icazəlidirmi? Mənim yaşım çox olduğu üçün yumurta hücüyrələrim yoxdur.

Cavab: Əgər yumurta hüceyrəsi götürülən qadın bacı kimi ərin məhrəmlərindən olmasa, bu əməliyyatın aparılması icazəlidir. Lakin əməliyyatın aparılması adətən (qadının övrətinə baxmaq kimi)  haram nəzərdən asılı olur. Bu halda, haram yalnız zərurət olarsa aradan qalxar. Digər bir məsəslə isə bundan ibarətdir ki, doğulacaq uşağın anası bəzi fəqihlərə görə uşaqlıq sahibi (uşağı dünyaya gətirən qadın), bəzi fəqihlərə görə isə yumurta hücüyrəsinin sahibi olan qadındır. Hörmətli Seyid bu iki məsələdə fətva verməmişdir. Onun müqəllidi başqa bir fəqihə müraciət edə bilər.

Sual: Süni mayalanma yolu ilə uşaq dünyaya gətirmək icazəlidirmi?

Cavab: Süni mayalanmanın aparılması və bu yolla uşaq dünyaya gətirmək üçün yerinə yetirilən digər prosedurlar iki cəhətdən araşdırılmalıdır:

Birinci: Bu əməliyyatın özünün hökmü; yəni, tibbi alətlər vasitəsi ilə ərin spermasını onun zövcəsinin uşaqlığında yerləşdirmək və ya qadının yumurta hüceyrəsini yad bir kişinin sperması ilə mayalandırıb sonra həmin qadının uşaqlığına yerləşdirmək, yaxud da yad qadının yumurta hüceyrəsini ərin sperması ilə mayalandırıb onun zövcəsinin uşaqlığında yerləşdirmək və s.

İkinci: Qeyd olunan əməliyyatın adətən, asılı olduğu prosedurlar; uşaqlıqdan yumurta hüceyrənin götürülməsi, spermanın uşaqlıqda əkilməsi üçün kişi və ya qadın həkimin qarşısında soyunmaq və ya kişinin spermasını götürüb zövcəsinin uşaqlığında əkilməsi üçün onun istimna (onanizm) etməsi, qadının yumurtalığının götürülüb başqa qadının orqanizminə implantasiya edilməsi v s.

Allah-təalanın izni ilə növbəti sualları cavablandırarkən süni mayalanma əməliyyatının hökmünü qeyd edəcəyik. Süni mayalanmadan öncəki prosedurların hökmünə gəlincə, aşağıda qeyd edilənlərdən ibarətdir.

1. Qadının naməhrəm kişi yanında üz və əllərindən başqa bədənin bir yerini açması haramdır. Həmçinin ayıb yerlərinin ərindən başqasının, hətta qadınların yanında belə açması haramdır. Habelə istər kişi olsunlar, istərsə də qadın olsunlar bir kişinin zövcəsindən başqasının yanında ayıb yerlərini aşkar etməsi haramdır. Zərurət yarandığı hallar isə bu, istisna hökmü daşıyır. Məsələn, hər hansı bir xəstəliyin müalicəsi və müayinəsi qadının kişi həkim qarşısında sinəsini açmsından və ya ayıb yerlərini qadın həkimə göstərməsindən, yaxud da həkimin kişinin alətinə baxmasından asılı olarsa, bu kimi hallarda haram aradan qalxar və zərurtin tələbinə uyğun olaraq bu yerlərin aşkar müayinəsi icazəlidir.

2. İstimna (zövcə ilə yaxınlıq etmədən spermanın xaric olunması; onanizm) şəriət baxımından haram əməldir. Lakin xəstəliyin (müalicəsi üçün) zəruri hallarda icazəlidir. Məsəslən, kişi ele bir xəstəliyə tutula ki, həmin xəstəliyin müalicəsi onun spermasının labaratoriyada müayinə olunmasından asılı ola və labaratoriyanın tələb etdiyi şərtlər əsasında spermanın təqdim olunması yalnız istimna yolu ilə mümkün olsun.

3. Ər və arvadın uşaq sahibi olma ehtiyacı adi hallarda qeyd olunan haramların mubah olması həddinə çatmır. Lakin ola bilsin ki, aşağıdakı iki halda bu dərəcəyə çatsın:

1) Uşağın olmaması elə stress, psixoloji gərginlik yarada ki, insanın buna səbr edib, dözməsi məşəqqətli və həddindən artıq çətin olsun. Bu halın yalnız ərdə və ya arvadda, yaxud da hər ikisində baş verməsi mümkündür.

2) Qadın elə bir xəstəliyə tutla ki, həmin xəstəliyin müalicəsi zərurəti yaransın və mülicə yalnız qadının uşaq dünyaya gətiməsi ilə olsun, yaxud qadının uşaq dünyaya gətirməməsi onda bu kimi xəstəliklərin yaranmasına səbəb olsun.

Bu iki halda yuxarıda qeyd olunan birinci və ikinci bəndlərdə haram hökmü aradan qalxır, süni mayalanma və onun asılı olduğu ikinci dərəcəli prosedurlar halaldır.

4. Vəfat etmiş müsəlman qadının yumurtalığını və ya uşaqlığını kəsib başqa qadının orqanizminə implantasiya etmək, yaxud vəfat etmiş müsəlman kişinin xayalarını başqa kişinin orqanizminə implantasiya edilməsi, hətta ehtiyata əsasən, vəsiyyət etdiyi halda belə, icazəli deyil. Lakin qeyd olunan üzvlər başqa insanın orqanizminə implantasiya edilsə və həmin üzvdə hayat olarsa, ikinci şəxsin orqanizmindən hesab olunar. Bundan sonra həmin üzvləri kəsmək vacib deyil.

Hər hansı bir qadın öz uşaqlığının və ya yumurtalığının başqa qadının orqanizminə implantasiya olunmasına razılıq verməsi icazəlidirmi? Yaxud bir kişinin xayalarının təmannasız və ya muzd müqabilində başqa kişinin orqanizminə implantasiya olunmasına razı olması icazəlidirmi? Bu, problemlidir. Zahirə əsasən, əgər bu, onların uşaq dünyaya gətirə bilməyəcəklərinə səbəb olarsa və ya başqa cəhətdən onlara həddindən artıq zərər verərsə, icazəli deyil. Bu iki haldan başqa hallarda, məsələn, qadın yumurtalıqlarından birini və ya kişi xayalarından birini verməyə razı olarsa və onların uşaq dünyaya gətirmələrinə heç bir mənfi təsir yaratmırsa, yaxud da başqa bir səbəbdən onlar uşaq dünyaya gətirmək iqtidarında olmasalar, eləcə də, bu işin onlara digər bir cəhətdən zərəri yoxdursa, icazəli olması uzaq görüş deyil. Qeyd olunan icazəli hallarda belə, başqasına göstərilməsi haram olan bədən üzvlərinin aşkar edilməsi yalnız zəruri hallarda icazəlidir.

5. Qeyd olunan əməliyyatların və onların müqəddiməsi olan prosedurların yerinə yetirilməsi adətən haram toxunma və baxışdan asılı olur. Lakin müraciət edən kişi və qadın belə əməliyyatın keçirilməsinə məcbur olarlarsa, zərurətin tələb etdiyi miqdarda baxmaq və toxunmaq icazəlidir.

Sual: Yad kişinin spermasından götürülmüş embirionu qadının uşaqlığına daxil etməklə (onun yumurta hücüyrəsini) süni mayalandırmaq icazəlidirmi? Bunula (uşaqlıqdan götürülmüş) mayalanmış yumurta hüceyrəsi arasında fərq nədir? Çünki Siz süni mayalanmış yumurta hüceyrəsini yad qadının uşaqlığında əkilməsini icazəli hesab edirsiniz.

Cavab: Yad kişinin spermasını istər sperma formasında, istərsə də embirion formasında başqa qadının uşaqlığına yerləşdirmək haramdır. Bu, bəzi mötəbər hədislərdən əldə olunan naticəyə əsaslanır. Amma uşaqlıqdan kənarda (laboratoriya şəraitində) qadının yumurta hüceyrəsini yad kişinin embirionu ilə mayalandırdıqdan sonra onu qadının uşaqlığına əkməyin haram olmasına heç bir dəlil yoxdur.

Sual: Uşaqlıqda süni mayalanma apardıqda eyni vaxtda bir neçə rüşeyim formalaşa bilər. Bu rüşeyimlərin hamısının qadının uşaqlığında əkilməsi ananın həyatına təhlükə yarada bilər. Bu rüşeyimlərdən birini saxlayıb qalanlarını məhv etməyə haqqımız varmı?

Cavab: Laboratoriya şəraitində sperma ilə mayalanmış yumurta hüceyrələrinin hamısının uşaqlıqda əkilməsi vacib deyil. Sualda qeyd olunan hala gəlincə, rüşeyimlərdən birini saxlayıb qalanını məhv etmək icazəlidir.

Sual: Sperma bankında kişi sperması saxlanılır. Sperma sahibi olan yad kişi ilə aralarında nikah əqdi bağlanmadan, onun razılığı ilə və yaxud razılığı olmadan boşanmış müsəlman qadının (süni mayalanma üçün) yad kişinin spermasından istifadə etməsi icazəlidirmi? Əgər sperma ərinə məxsus olarsa, “rəci-talaq” iddəsində və ya iddə bitdikdən sonra həmin spermadan istifadə etməsinin hökmü nədir?

Cavab: Qadının (uşaqlıq daxilində) yad kişinin sperması ilə mayalandırılması icazəli deyil. Ərinin sperması ilə isə hətta, “rəci-talaq” iddəsində olarsa belə, icazəlidir. Lakin iddədən sonra icazəli deyil.

Sual: Müəyyən hallarda kişi və ya qadın həkim hamiləliyin baş tutmasının daha çox ehtimal olunduğu üçün ərlə arvad arasında süni mayalanma əməliyyatı icra edir. Bu əməliyyat hər ikisinin övrətlətinin aşkar edilməsi zərurəti yaradır. Bu icazəlidirmi?

Cavab: Sadəcə qeyd olunan səbəb üçün övrətin aşkar edilməsi icazəli deyil. Əgər uşaq dünyaya gətirmək zərurəti yaranarsa və bu, övrətin aşkar olunmasından asılı olarsa, icazəlidir. Həmin zəruri hallardan biri də uşağın olmaması ər və arvad üçün səbr edilməsi adətən dözülməz çətinlik yaratmasıdır.

Sual: Əgər normal hamiləlik uşaqda irsi xəstəliklərin yaranmasına səbəb olarsa, süni mayalanma elətdirmək icazəlidirmi?

Cavab: Əgər ərin sperması ilə mayalanma baş tutduqdan sonra mayalanmış yumurta hüceyrəsini arvadın uşaqlığına yerləşdirilərsə, bunun heç bir maneəsi yoxdur. Amma yad kişinin sperması qadının uşaqlığına yerləşdirilərsə, icazəli deyil.

Sual: Ər və ya arvada anası kimi məhrəm olan qadının yumurta hüceyrəsini ərin sperması ilə mayalandırdıqdan sonra arvadın uşaqlığına yerləşdirmək icazəlidirmi?

Cavab: Süni mayalanmanın övrətə baxmaq, istimna etmək kimi haram olan prosuduraları olmasa özlüyündə heç bir maneəsi yoxdur. Lakin uşaq olmaması dözülməsi həddindən artıq narahatçılığa səbəb olmasa, bu iş halal deyil. Bu hökm ərin məhrəmləri olmayan qadınlarla süni mayalanma aparıldıqdadır. Ərə məhrəm olan qadınlara gəlincə isə, ehtiyata əsasən, icazəli deyil.

Sual: Talaq (boşanma) verildikdən sonra qadının ərinin sperması ilə süni mayalanma etdirməsi icazəlidirmi? Əgər olarsa, bunu iddə müddəti ərzində və ya sonra olmasının fərqi nədir?

Cavab: İddə müddəti bitdikdən sonra olmaz. Yalnız əvvəlcədən (boşanmadan əvvəl və ya iddə müddəti ərzində laboratoriya şəraitində) mayalanma baş verərsə, icazəlidir. Həmçinin “bain talaq” iddəsi olarsa, iddə müddəti ərzində icazəli deyil.

Sual: Əgər süni mayalanma yolu ilə uşaq doğulduqdan sonra ər və arvadın xəbəri olmadan yanlışlıq baş verdiyi məlum olarsa – istər başqa bir kişinin sperması ilə, istərsə də başqa qadının yumurta hüceyrəsi ilə qarışıqlıq yaranarsa – bu halda şəriətin hökmü nədir? Uşaq kimə nisbət verilməlidir?

Cavab: Uşaq sperma sahibinə nisbət verilməlidir. Amma uşağın anasına gəlincə, onun yumurta hüceyrəsi sahibinin və ya uşağı dünyaya gətirən qadının olması şübhəlidir. Uşağı dünyaya gətirən qadının ona məhrəm olnmasına baxmayaraq, ehtiyata əməl etmək tərk olunmamalıdır.

Sual: Süni mayalanmanı ərin birbaşa özünün yerinə yetirməsi vacibdir?

Cavab: Əgər qadın həkimin baxması və ya örtük olmadan toxunması üçün zövcənin övrətini açması tələb olunarsa, bunu ərdən qeyrisinin etməsi icazəli deyil. Lakin süni mayalanma olmadan qadın hamilə qala bilmirsə və uşağın olmaması onun üçün adətən dözülməsi çətin olan narahatçılıq yaradırsa, (qadın həkimin yanında övrətini açması) onun üçün icazəlidir.

Sual: Ərdən qeyrisinin sperması ilə süni mayalanma etdirmək icazəlidirmi?

Cavab: İstər ərli qadın olsun, istərsə də ərsiz, istər ər və arvad bu işə razı olsunlar, istərsə də olmasınlar, istər süni mayalanma ər tərəfindən icra olunsun, istərsə də yox, qadınının əri olmayan yad kişinin sperması ilə süni mayalanma etdirməsi icazəli deyil.

Sual: Uşaq dünyaya gətirməkdə gecikən ər və arvad süni mayalanma etdirmələri icazəlidirmi? Belə ki, ərin sperması xüsusi iynə ilə arvadın uşaqlığına yerləşdiriləcək. Bu işdə şəriət baxımından bir problem varmı?

Cavab: Ər həyatda olduğu müddət ərzində onun sperması ilə arvadını (uşaqlıq daxilində) süni mayalandırmaq icazəlidir. Lakin vacib ehtiyata əsasən, ər vəfat etdikdən sonra icazəli deyil. Bu yolla dünyaya gələn uşağın hökmü onların digər uşaqlarının hökmündən heç bir cəhətdən fərqlənmir. Lakin mayalanma ər vəfat etdikdən sonra baş verərsə, bu halda həmin uşaq (qadının) ərinə nisbət verilsə də ondan irs aparmır. Həmçinin qadın həkimin baxması və ya örtük olmadan toxunması üçün zövcənin övrətini açması tələb olunarsa, bunu ərdən qeyrisinin etməsi icazəli deyil. Lakin süni mayalanma olmadan qadın hamilə qala bilmirsə və uşağın olmaması onun üçün adətən dözülməsi çətin olan narahatçılıq yaradırsa, (qadın həkimin yanında övrətini açması) onun üçün icazəlidir.

Sual: Həkim onun sonsuz olan bir kişinin bel nahiyəsindən tərkibində spermatozoidlər maddəsi olan iynə vurarsa, sonra həmin şəxs arvadı ilə yaxınlıq edərsə və arvadı hamilə qalarsa, uşaq ona nisbət verilərmi? Belə əməliyyatın aparılması icazəlidirmi?

Cavab: Bu, real olmayan bir fərziyədir. Lakin baş verəcəyi təqdirdə, uşaq sperma sahibinə nisbət verilməlidir. Hər hansı yolla olursa olsun, yad kişinin spermasını qadının uşaqlığına yerləşdirmək olmaz.

Sual: Kişi sperması ilə qadının yumurta hüceyrəsini başqa bir qadının uşaqlığına yerləşdirmək olarmı?

Cavab: Əgər kişi ikinci qadının əri deyilsə, onun spermasını yad qadının uşaqlığına yerləşdirməsi icazəli deyil.

Sual: Mən və arvadım uşaq sahibi ola bilməmişik. Bütün vasitələrdən istifadə etdik. Sonda məlum oldu ki, mənim arvadım süni mayalanmadan sonra yalnız Allahın bildiyi səbəblərə görə hamilə qala bilmir. Həkim təklif edir ki, mənim spermam ilə arvadımın yumurta hüceyrəsi mayalandıqdan sonra hamiləliyin baş verməsi və uşağın doğulması üçün başqa bir qadının uşaqlığına yerləşdirilsin. Möhtərəm Seyidin, bu barədə rəyi nədir? Uşaq yumurta sahibi olan qadına nisbət verilməlidir, yoxsa onu dünyaya gətirən qadına? Belə bir əməliyyatı icra etmək icazəlidirmi? Sizdən buna cavab vermənizi, bu məsələdə şəriətin hökmünü bəyan etmənizi xahiş edirəm.

Cavab: Bu əməliyyatın bir neçə tərəfi var:

1. Əməliyyatın özü, yəni ərin sperması ilə arvadın yumurta hüceyrəsinin uşaqlıqdan kənarda mayalandırıb başqa qadının uşaqlığında yerləşdirməyin ər və arvada nisbətdə heç bir problemi yoxdur. Həmçinin yad qadına nisbətdə bunun heç bir maneəsi yoxdur, lakin ehtiyat tərk olunmamalıdır.

2. Əməliyyatın müqəddiməsi adətən ixtiyari halda yerinə yetirilməsi icazəli olmayan müəyyən əməlləri etməyi tələb edir. Məsələn, əl ilə spermanın çıxarılması, qadının yumurta hüceyrəsinin götürülüb və mayalanmadan sonra uşaqlıqda yerləşdirməsi üçün qadının övrətini kişi və ya qadın həkimin yanında aşkar etməsi. Qeyd olunan bu əməllərin haramlığı yalnız zərurət və dözülməsi çətin olan məşəqqət kimi üzürlü hallarda aradan qalxır. Məsələn, qadının uşaq dünyaya gətirməməsi onda hər hansı bir xəstəliyin yaranmasına və ya dözülməsi çətin olan narahatçılığa və stersə səbəb olarsa.

3. Doğulan uşağın anasının kimliyini təyin etməyə gəlincə, burada iki ehtimal var; dölün formalaşmasına səbəb olan yumurta hüceyrəsinin sahibi və ya dölün inkişaf etdiyi uşaqlıq sahibi olan qadın. Birinci ehtimal həqiqətə daha yaxın hesab olunsa da, bizim nəzərimizdə aşkar dərəcədə üstün hesab olunmur. Buna əsasən də, hər iki qadına nisbətdə analıq və övladlıq hökmlərinin tətbiqində ehtiyata riayət etmək tərk olunmamalıdır.

Sual: Zövcəsi üçün ərdən sperma götürüldükdən sonra ər vəfat etmişdir. Ərin vəfatından sonra onun sperması ilə qadının uşaqlığında yumurta hüceyrələri arasında süni mayalandırma edilmiş və uşaq dünyaya gəlmişdir. Həmin uşağın və onun mirasının hökmü nədir?

Cavab: Uşaq sperma sahibi olan ərə nisbət verilməlidir. Lakin sualda qeyd olunan vəziyyətdə uşaq atasından irs aparmır.

Sual: Qadın iddə müddətində boşandığı ərinin sperması ilə süni mayalanma etdirməsi icazəlidirmi?

Cavab: “Bain” talağın deyil, “rəci” talağın iddə müddətində icazəlidir.

Sual: Əgər süni mayalanmış rüşeyim texnoloji vasitələrlə yaisə (heyz yaşını keçmiş) qadının uşaqlığında böyüdülərsə (uşaq dünyaya gəldikdən sonra) həmin qadın ana hökmü daşıyırmı?

Cavab: Burada yumurta hüceyrəsi başqa qadına məxsusdur. Həmin qadının uşağın anası və ya uşaqlıq sahibi olması şübhəlidir. Ehtiyat tərk olunmamalıdır.

Sual: Ərə məxsus olmayan sperma ilə süni mayalandırma etdirmək icazəlidirmi?

Cavab: Yad kişinin spermasını qadının uşaqlığına yerləşdirmək icazəli deyil. Bəli, uşaqlıqdan kənarda yumurta hücüyrəsini sperma ilə süni mayalandırdıqdan sonra onu uşaqlıqda yerləşdirmək olar. Bu prosess övrətin aşkar olunmasını tələb etdiyi üçün yalnız zəruri hallarda icazəlidir. Bu halda uşaq qadının ərinə deyil, sperma sahibinə aid ediliməlidir.

Sual: Mayalandırılmış yumurta hücüyrəsi yad bir qadının uşaqlığında yerləşdirilərsə, uşaq dünyaya gəldikdən sonra həmin qadın onun anası hesab olunur, yoxsa yumurta hüceyrəsinin sahibi olan qadın?

Cavab: Onların hər birinə analıq hökmlərini tətbiq etmək yetərli deyil. Lakin uşaqlıq sahibi olan qadın ona süd verməsə belə, məhrəmdir.

Sual: Uşaqlıqdan kənarda sperma ilə yumurta hücüyrəsi arasında süni mayalandırma baş verdikdən sonra uşaqlıqda yerləşdirilmədiyi üçün rüşeyimi tələf etmək icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Mən Londonda yaşayıram. Həyat yoldaşım sonsuz olduğu üçün hamilə qala bilmir. Buradakı həkimlərə müraciət etdikdə mənə belə təklif etdilər ki, məndən götürülmüş sperma ilə başqa qadının yumurta hücüyrəsini laboratoriya şəraitində süni mayalandırdıqdan sonra həyat yoldaşımın uşaqlığında yerləşdirilsin. Sualım bundan ibarətdir. Bu iş özlüyündə icazəlidirmi?

1. Doğulacaq uşaq mənə aiddirmi?

2. Doğulacaq uşaq yumurta hüceyrəsinin sahibi olan qadına aiddir, yoxsa süni mayalanmadan sonra uşaqlığında rüşeyimi daşıyan həyat yoldaşıma?

Cavab: Əgər uşağın olmaması həyat yoldaşınız üçün dözülməz dərəcədə narahatçılıq yaradırsa, icazəlidir.

1. Bəli sizə aiddir.

2. Bu məsələ problemlidir. Analıq hökmlərinin tətbiq olunmasında ehtiyat tərk olunmamalıdır. Bəli, əgər doğulacaq uşaq oğlan olarsa, həyat yoldaşınıza məhrəmdir.

Sual: Süni mayalanmanın icazəli olmasından asılı olmayaraq yad kişinin sperması ilə qadının yumurta hüceyrəsi arasında süni mayalanma əməliyyatının icra olunması üçün qadının ərinin icazəsi vacibdirmi?

Cavab: Onun icazəsi əsas deyil.

Sual: Surroqat ana barəsində sual soruşmaq istəyirik.

1. Uşağın atası ilə surroqat ana olacaq qadın arasındakı münasibət necə dəyərləndirilir? Yəni, yad qadının uşaqlığında kişi embrionu ilə onun yumurta hüceyrəsinin mayalandırılması icazəlidirmi?

2. Məhrəm olan qadınların uşaqlığında embirionun əkilməsi icazəlidirmi?

3. Kitab əhlindən olan qadınların uşaqlığında embirionun əkilməsi icazəlidirmi?

Cavab:

1. İcazəlidir.

2. Ehtiyat edilməlidir.

3. İcazəlidir.

Sual: Kişi sperması ilə mayalanmış yumurta hüceyrəsini başqa qadının uşaqlığına yerləşdirdikdən sonra orada inkişaf etmişdir. Doğulan uşaq birinci, yoxsa ikinci qadına aiddir? Bu barədə iki rəy var. Birinci rəy yetərli deyil. Ehtiyat tərk olunmamalıdır. Burada ehtiyatın tələbləri nədir? Buradakı ehtiyat, vacibdir yoxsa müstəhəb?

Cavab: Buradakı ehtiyat, vacibdir. Ehtiyatın tələbinə əsasən hər iki qadın uşaq hüquqlarına riayət etməlidirlər. Həmçinin uşaq hər iki qadınla bağlı analıq hüquqlarına riayət etməlidir. Mirasa gəlincə isə, uşaq heç birindən irs aparmır, onlar isə başqa varis olmadığı təqdirdə uşaqdan qalan mirası aralarında tən bölməlidirlər. Uşaq bətn sahibi olan qadına məhrəmdir. Digər qadın isə (məhrəmlik məsələsində) ehtiyat etməlidir. “Seçilmiş izahlı şəriət məsələləri” kitabının “Müasir məsələlər” bölümünün 68-ci məsələsinə bax.

Sual: Mənim ərim sperma zəifliyindən əziyyət çəkir. Üç dəfə süni mayalanma etdirməyimizə baxmayaraq heç biri uğurlu alınmamışdır. Artıq mənim 45 yaşım var. Həkimin dediyinə əsasən az yaşlı qadının yumurta hüceyrəsi ilə süni mayalanma etdirmək lazımdır. Həkimin təqdim etdiyi və sahibi məlum olmayan qadın yumurta hüceyrəsi ilə süni mayalanma etdirmək icazəlidirmi?

Cavab: Bəli, icazəlidir.

Sual: Mən ərimlə birlikdə Almaniyada yaşayıram. Uşağımız olmadığı üçün dözülməsi çətin olan həddindən artıq dərəcədə stress və narahatçılıq keçiririk. Yad bir qadının yumurta hüceyrələri ilə ərimə məxsus sperma uşaqlıqdan kənarda, laboratoriya şəraitində süni mayalandırılıb 3 gün sonra həyat yoldaşımın uşaqlığında yerləşdirilməsi icazəlidirmi?

Cavab: Sualda qeyd olunan vəziyyətə əsasən bu, icazəlidir. Ana yumurta hüceyrəsinin sahibi olan qadındır. Uşaqlıq sahibi olan qadınını barəsində analıq hökmlərinin tətbiqinə gəlincə ehtiyat tərk olunmamalıdır. Uşaq ərin övladı olduğu üçün onun arvadına məhrəmdir.

Sual: Ərin spermasını arvadın yumurta hüceyrəsi ilə süni mayalandırdıqdan 3 gün sonra arvadın hamilə qalması mümkün olmadığı üçün onun bacısının uşaqlığında yerləşdirilməsi icazəlidirmi? Çünki uşaq olmaması ər və arvadın adətən dözülməsi çətin olan məşəqqət çəkməsinə və narahatlıq keçirməsinə səbəb olur.

Cavab: Haram baxış və toxunmaya səbəb olmayacağı təqdirdə bu iş öz-özlüyündə icazəlidir. Əks təqdirdə isə yalnız zərurət və məşəqqət törətdiyi halda icazəlidir. Lakin bu məsələdə ehtiyat tərk olunmamalıdır. Uşağın anası yumurta hüceyrəsinsə sahib olan qadındır. Buna əsasən də uşaqlıq sahibi olan qadına nisbətdə isə irs və baxmaq kimi məsələlərdə ehtiyata əməl etmək lazımdır. Arvadın bacısına gəlincə isə, yad insanın ona baxması və toxunması yalnız zərurət və maşəqqət zamanı icazəlidir.

Sual: Süni mayalanma adlanan yeni hamiləlik üslubu barədə Sizin rəyiniz nədir? Bu növ hamiləlik belə baş verir. Qadın xəstəlik, uşaqlıqda yaranmış fəsad səbəbindən hamilə qala bilmirsə və ya hamiləlik ananın həyatı üçün təhlükə yaradırsa, kişinin sperması ilə arvadın yumurta hüceyrəsini laboratoriyada mayalandırdıqdan sonra embrionu başqa qadının uşaqlığına yerləşdirirlər ki, rüşeyim inkişaf etsin və uşaq dünyaya gəlsin. İkinci qadının işi hamiləliyi davam etdirmək və uşağı dünyaya gətirməkdir. Ola bilsin ki, ikinci qadın evli deyil və ya yumurta hücüyrəsi götürülmüş qadının anası, bacısı və ya könüllü şəkildə surroqat ana olan yad bir qadındır. Doğulacaq uşağın və könüllü olaraq surroqat olan ananın şəriət baxımından hökmü nədir? Bu üslub hal-hazırda qərb ölkələrində daha çox yayılb. Xahiş edirik, cavabınızla bizi məlumatlandırasınız!

Cavab:  Bu əməliyyat öz-özlüyündə icazəlidir. Lakin övrətin açılması kimi haram əməllərin baş verməsinin tələb etdiyi üçün yalnız zəruri hallarda icazəlidir. Zərurət isə yalnız yumurta hüceyrəsi sahibi olan qadında yarana bilər. Surroqat ana olmaq istəyən qadında adətən belə bir zərurət yaranmır. Ehtiyata əsasən, surroqat ana olacaq qadın atanın məhrəmlərindən olmamalıdır. Amma hər bir halda doğulacaq uşaq ataya aiddir. Uşağın anasına gəlincə; miras, uşağa baxmaq, xərclərin təmin olunması kimi analıq və övladlıq hökmlərinin tətbiqində hər iki qadın arasında ehtiyata riayət olunmalıdır. Məhrəmlik baxımından isə, uşağın surroqat anaya məhrəm olması şübhəsizdir. Lakin yumurta hüceyrəsi sahibi olan qadına gəlincə isə, süd vermə olmadan ona məhrəm olması şübhəlidir.

Sual: Avropa ölkələrində sperma bankı adlanan xüsusi bir bank var. Əgər həmin bankda vəfat etmiş ərin sperması saxlanılırsa, onu arvadının uşaq dünyaya gətirməsi üçün həmin spermadan istifadə etməsi icazəlidirmi?

Cavab: Bu işdən çəkinmək lazımdır.

Sual: Əgər qadın sonsuz olduğu üçün uşaq dünyaya gətirə bilmirsə, başqa qadının yumurta hüceyrəsi uçaqlıqdan kənarda (laboratoriya şəraitində) süni mayalandırmadan sonra rüşeyim həmin qadının uşaqlığında yerləşdirilərsə, bunun hökmü nədir? Bu halda hansı qadın ana hesab olunur?

Cavab: Bu iş öz-özlüyündə icazəlidir. Ananın yumurta hüceyrələri və ya uşaqlıq sahibi olan qadın olmasına gəlincə, iki rəy var. Ehtiyata riayət etmək vacibdir.

Sual: Mayalanmış yumurta hüceyrəsinin başqa qadının uşaqlığına əkilməsi icazəlidirmi?

Cavab: Laboratoriya şəraitində mayalandırılmış yumurta hüceyrəsini başqa qadının uşaqlığnda əkilməsi icazəlidir. Baxmayaraq ki, qardaş və bacı kimi məhrəmlər xüsusunda ehtiyata əsasən bu işdən çəkinilməlidir. Əgər (uşaqlıq sahibi olan qadın) kişinin məhrəmlərindən olarsa, ehtiyat tərk olunmamalıdır. Əgər kişinin sperması ilə arvadın yumurta hüceyrələri mayalandırıldıqdan sonra rüşeyim başqa qadının uşaqlığında əkilərsə, uşaq dünyaya gəldikdən sonra onun yumurta hüceyrəsi yoxsa uşaqlıq sahibi olan qadına aid olması şübhəlidir. Ehtiyata riayət etmək tərk olunmamalıdır.

Sual: Hər hansı bir qadın yumurta hüceyrələrini başqa bir qadına verməsi icazəlidirmi?

Cavab: Bu iş öz-özlüyündə icazəlidir. Lakin yumurta hüceyrəsini təmannasız verən qadının övrətinin kişi və ya qadın həkimin yanında aşkar olunmasına, yaxud kişi həkimin onun bədəninin hər hansı bir yerinə təmas etməsinə səbəb olarsa, icazəli deyil. Yalnız həmin qadın özünün bu işi etməsi zərurəti yaranarsa – istər kişi onunla evlənsin, istərsə də evlənməsin – icazəlidir. Həmçinin qadının yumurta hüceyrəsinin kişinin sperması ilə mayalandırılması onun öz əli ilə istimna etməsinə səbəb olarsa haramdır. Lakin zövcəsinin əli ilə olarsa, icazəlidir. Habelə mayalanmış rüşeyimi başqa qadının uşaqlığına əkilməsi onun övrətinin aşkar olunması kimi haram əməllərə səbəb olarsa, zərurət halı olmadığı təqdirdə bu, icazəli deyil.

Sual: Son zamanlarda elmi inkişaf nəticəsində kişinin sperması dondurularaq 3 aydan 3 ilədək və ya daha çox saxlanması mümkündür. Kişi vəfat etdikdən sonra həyat yoldaşının onun sperması ilə süni mayalanma etdirib uşaq dünyaya gətirməsi icazəlidirmi?

Cavab: Vacib ehtiyata əsasən, bu icazəli deyil.

Sual: Əgər sonsuzluğun səbəbi ərdirsə, qadının yumurta hüceyrələrini başqa kişinin sperması ilə mayalandırılması icazəlidirmi? Ola bilər ki, sperma shibinin qadına məhrəm olan kişilərdəndir.

Cavab: İcazəli deyil.

Sual: Bir kişinin iki arvadı var. Arvadlardan birinin yumurtalığı zəif, digərininki isə sağlamdır. İkinci qadının yumurta hüceyrəsinin ərin sperması ilə mayalandırıb birinci qadının uşaqlığında əkmək icazəlidirmi? Əgər belə edərlərsə, uşaq yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadına aiddir?

Cavab: Bunun heç bir problemi yoxdur. Amma uşağın yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadına aid olması şübhəlidir. Ehtiyata riayət etmək tərk olunmamalıdır.

Sual: Sperma bankında qadın yumurta hüceyrəsi ilə kişi sperması saxlanılır və ehtiyacı olan insanlara verilir. Sperma bankından əldə olunan sperma ilə qadının yumurta hücüyrələrini mayalandırmaq mümkündür. Kişi tamamilə sonsuz olarsa, arvadının sperma bankından istifadə etməsi icazəlidirmi?

Cavab: Kişinin spermasını və ya spermatozoidlerini mayalanma baş verməsi üçün (nikahlı) xanımı olmayan qadının uşaqlığına yerləşdirmək icazəli deyil. Lakin laboratoriya şəraitində mayalanma baş verdikdən sonra rüşeyimi yad qadının uşaqlığında yerləşdirmək istəyərlərsə, müstəhəb ehtiyata əsasən, bu işi tərk etsinlər. Baxmayaraq ki, zahirə əsasən icazəlidir. Hər iki halda doğulan uşaq şəri (halalzadə) hesab olunur və ata baxımından sperma sahibinə aiddir.

Sual: Müəyyən hallarda süni mayalanma aparılması zərurəti yaranır. Həkim ərlə arvad arasında süni mayalanma əməliyyatı aparır ki, hamiləlik ehtimalı yüksəlsin. Bu əməliyyat övrət yerlərinin aşkar olunmasını tələb edir. Bu, icazəlidirmi?

Cavab: Qeyd olunan səbəbə görə övrətin aşkar ediməsi icazəli deyil. Bəli, əgər uşaq sahibi olmaq zərurəti yaranarsa və bu övrətin aşkar olunmasından asılı olarsa, icazəlidir. Uşağın olmaması ər və arvad üşün adətən, dözülməz dərəcədə narahatçılıq və məşəqqət yaradırsa, zərurətdən hesab olunur.

Sual: Bəzən bir qadının yumurta hüceyrələrin başqa qadına nəql edirlər. Bu, icazəlidirmi? Əgər uşaq dünyaya gələrsə, uşaq hansı qadına aiddir?

Cavab: Haram baxış və toxunmadan çəkinməklə bu işin heç bir maneəsi yoxdur. Uaşağın ansının yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadının olmasına gəlincə, burada iki ehtimal var; vacib ehtiyata əsasən, onlarla bağlı ehtiyata əməl edilməlidir.

Sual: Şəriətə əsasən ər və arvad olan kişi və qadından götürülən mayalanmış rüşeyimi surroqat ana olan qadınınla kişi evlənmədiyi halda onun uşaqlığlna yerləşdirməsi icazəlidirmi? Mən bunu icazəli olduğunu eşitmişəm. Məlumdur ki, kişi surroqat ananı görmür və ona toxunmur. Həmin qadın kişinin arvadı olmasa da həkimin vasitəsi ilə mayalanmış rüşeyim onun uşaqlığına əkilir.

Cavab: İcazəlidir. Baxmayaraq ki, müstəhəb ehtiyata əsasən tərk olunmalıdır. Baş verdiyi təqdirdə isə uşağın yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadına aid olması barədə iki ehtimal var. Burada ehtiyata əməl etmək tələb olunur.

Sual: Kişinin sperması ilə arvadın yumurta hüceyrəsinin laboratoriya şəraitində mayalandırıılmasının hökmü nədir?

Cavab: Qeyd olunan əməliyyatın öz-özlüyündə heç bir maneəsi yoxdur. Bəli, əgər qadının bədəni haram baxış və toxunmaya məruz qalarsa, icazəli deyil. Yalnız uşağın olmaması dözülməyəcək dərəcədə çətinlik və məşəqqətə səbəb olarsa, icazəlidir.

Sual: Bir kişinin iki arvadı var. Onlardan biri təbii yolla uşaq dünyaya gətirir. Digərinə gəlincə isə hamiləlik müddəti tamamlana qədər döl uşaqlıqda qalmır. Sual bundan ibarətdir; kişinin hamiləlik müddəti boyunca uşağın düşməməsi üçün birinci arvadının yumurta hüceyrələrini onun uşaqlığına əkdirməsi icazəlidirmi?

Cavab: Bu iş öz-özlüyündə icazəlidir. Lakin yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadına aid olması şübhəlidir. Ehtiyata əməl etmək vacibdir.

Sual: Həkim arvadıma heç bir müalicə fayda verməyəcəyini deyərək İran İslam Respublikasına getməyimizi və arvadıma yumurta hüceyrələri köçürülməsini tövsiyə etdi. Bu yolda əziyyətlərə qatlaldıqdan və hıkimlərə həddindən artıq pul xərclədikdən sonra belə bir işi görməyimiz şəriətə əsasən, icazəlidirmi?

Cavab: Kişinin sperması ilə başqa qadının yumurta hüceyrəsinin (uşaqlıqdan kənarda) mayalandırılıb sonra arvadın uşaqlığına əkilməsinin heç bir maneəsi yoxdur. Bu iş öz-özlüyündə icazəlidir.

Sual: Qadının süni mayalanma üçün sağlam yumurta hüceyrələri yoxdur. Lakin onun uşaqlığının mayalanmış rüşeyimi daşıması mümkündür. Başqa qadının yumurta hüceyrəsinin onun ərinin – uşaqlıq sahibinin ərinin – sperması ilə mayalandırıb inkişaf edib uşaq olması üçün  arvadın uşaqlığında əkilməsi icazəlidirmi?

Cavab: Bu iş öz-özlüyündə icazəlidir. Analıq baxımından uşağın yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadına aid olması şübhəlidir. Burada ehtiyata əməl etmək tərk olunmamalıdır.

Sual: Mən 40 yaşıma çatmışam. Beş ildir ki, ailə həyatı qurmuşam. Lakin arvadımda xəstəlik olduğu üçün başqa qadının yumurta hüceyrəsi ona köçürülməsə hamilə qala bilmir.

1. Bu mövzu barədə şəriətin hökmü nədir?

2. Yumurta hüceyrəsindən istifadə olunan qadının hər hansı xüsusiyyətlərə və ya şərtlərə sahib olmalıdırmı?

3. Doğulacaq uşaq 100% mənim həyat yoldaşıma aiddirmi? Əgər aiddirsə, necə?

4. Doğulacaq uşaq yumurta hüceyrəsinin sahibi olan qadına, eləcə də arvadımın bacı və qardaşlarına nisbətdə kim hesab olunur?

5. Şəriət bu həll yolunu təsdiqləyirmi? Yoxsa bu halda ərin başqa qadınla evlənməsini məsləhət bilirsiniz?

6. Doğulan uşaq arvadımdan irs aparırmı?

7. Doğulan uşaq həddi-buluğa çatdıqdan sonra bu barədə ona xəbər vermək vacibdirmi?

Cavab:

1. Bu iş öz-özlüyünə icazəlidir.

2. Ehtiyata əsasən, ər və arvadın məhrəmlərindən olmamalıdır.

3 və 4. Doğulacaq uşağın yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadına aid olması barədə iki ehtimal var. Burada qardaşlıq, analıq hökmlərinin tətbiq olunması məsələlərində ehtiyata əməl etmək tələb olunur. Bəli, doğulan körpənin uşaqlıq sahibinə aid olmasına hökm verilməsə də onunla uşaqlıq sahibi olan qadın arasında məhrəmlik sabitdir.

6. Qeyd olunanlarda cavab öz əksini tapmışdır.

7. Harama düşmək kimi hallardan qorunmaq vacibdir. Məsələn, doğulan uşaqğı yumurta hüceyrəsi sahibi olan qadının qızı ilə evləndirmək və s. Hörmətli Seyidin (kölgəsi əskik olmasın!) rəyinə əsasən məsələ ehtiyat hökmü daşıdığı üçün doğulan uşağın uşaqlıq sahibi olan qadına məxsusu olmasına fətva verən bir fəqihə – qeyd olunmuş qaydalara əsasən – müraciət etmək olar. Allah müvəffəq etsin!

Sual: Bir qadın uşaqlığında müəyyən xəstəliklərin olmasına görə hamilə qala bilmir. Başqa qadının yumurta hüceyrələrini onun ərinin sperması ilə (laboratoriya şəraitində) mayalnmasından sonra rüşeyimi onun uşaqlığında əkmək icazəlidirmi?

Cavab: Əgər yumurta hüceyrəsinin sahibi sperma sahibi olan kişiyə məhrəm olan qadınlardan olmasa, bu əməliyyat öz-özlüyündə icazəlidir. Lakin bu əməliyyatın icra olunması haram baxış və toxunuşdan asılı olarsa, zərurət olmadığı təqdirdə icazəli deyil. Uşaq dünyaya gəldikədn sonra onun anasını (yəni, bir-birindən irs aparcaq surətdə) yumurta hüceyrəsi, yoxsa uşaqlıq sahibi olan qadın olması şübhəlidir. Burada ehtiyata əməl etmək vacibdir. Allah (doğrusunu) bilir!

Sual: Sizdən surroqat ana olmaqla bağlı iki məsələ barədə souşmaq istəyirəm:

1. Müqavilə ilə iki tərəf arasında baş verən bu iş, şəriət baxımından necə dəyərləndirilir? Surroqat ana uşaq dünyaya gəldikdən sonra onu qarşı tərəfə verməsi vacibdirmi?

2. Bir neçə ailə üçün surroqat ana olmağın hökmü nədir? Əgər bir neçə ailə üçün surroqat ana olarsa, sonradan həmin uşaqların ailə qurmalarının hökmü nədir?

Cavab:

1. Mayalanmış yumurta hüceyrələrinin başqa qadının uşaqlığında əkilməsi müqabilində ona müəyyən məblğ ödəməyin eybi yoxdur. Amma uşağı ondan almağa gəlincə; uşaqlıq sahibinin ana olması ehtimalına görə bu iş problemlidir. Uşaq iki yaşına çatana qədər onun təlim-tərbiyəsi, böyüdülməsi ata və ananın hər ikisinə bərabər dərəcədə vacibdir. Bəli, əgər razılaşma yolu ilə uşaqlıq sahibi olan qadın uşağın tərbiyəsini yumurta hüceyrəsi sahibi olan qadına həvalə olunmasına razı olarsa, (sonradan) bu şərtə əməl etmək vacibdir.

2. Surroqat qadının ana olması ehtimalına görə onun dünyaya gətirdiyi övladlar arasında bacı-qardaş hökmünün tətbiq olunması vacib ehtiyatdır.